Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər mövzusunda dəyirmi masa keçirilir - FOTO

“Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa” keçirilir FOTO

 V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil edilən “dəyirmi masa”da “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda müzakirələr aparılır.

 

AZƏRTAC xəbər verir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edərək universitet haqqında məlumat verib. Diqqətə çatdırıb ki, təhsil ocağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci ildə yaradılıb. Rektor ölkəmizdə səhiyyə sahəsində əldə edilmiş nailiyyətlərə görə tibb ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Əziz Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunda 13 Nobel mükafatı laureatının iştirak etdiyini vurğulayaraq, onlardan beşinin bu “dəyirmi masa”ya qatıldığını söyləyib. Rektor “dəyirmi masa” çərçivəsində keçiriləcək üç sessiyada “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında müzakirələrin aparılacağını diqqətə çatdırıb.

 

Sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, professor Pyotr Qlıboçkonun tədbir iştirakçılarına məktubu oxunub.

 

“Dəyirmi masa”nın “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri” mövzusunda sessiyasında çıxış edən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel bioloji sistemlərdən və onların tibb elminə töhfəsindən danışıb, təqdimat əsasında problemin mahiyyətini diqqətə çatdırıb.

 

ABŞ-ın İllinoys Universitetinin oftalmologiya və vizual elmlər kafedrasının müdiri, professor Mark Rozenblat Bakıya ikinci dəfə səfər etdiyini deyərək, ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın zəngin mədəniyyətini və yüksək qonaqpərvərliyini xüsusi vurğulayan qonaq “dəyirmi masa”da Nobel mükafatçıları ilə səmərəli müzakirələrin aparılmasından məmnunluq duyğunu söyləyib.

 

Mark Rozenblat təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən danışıb. Müasir cəmiyyətləri internetsiz təsəvvür etməyin mümkün olmadığını vurğulayan alim bildirib ki, internetin biotibdə də rolu böyükdür. Tibb sahəsində nəşr olunan məqalələr, jurnallar barədə danışan M.Rozenblat bu məqalələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, tibb peşəsini seçənlər bu sahənin mahiyyətini dərindən bilməlidirlər.

 

“Proton Partners İnternational” şirkətinin təsisçisi və tibb direktoru, Bukingem Universitetinin Tibb Məktəbinin dekanı Sikora Karol Edvard bu gün bütün biliklərin texnologiya sayəsində sürətlə yayıldığını bildirib, onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən danışıb.

 

Hindistan Səhiyyə Şurasının üzvü Müzəffər Əhməd ölkəsində səhiyyənin vəziyyəti barədə məlumat verib. O, səhiyyənin durumunu, tibb təhsilini, bu sahədəki problemləri və çatışmazlıqları diqqətə çatdırıb.

 

“Dəyirmi masa” işini sessiyalarla davam etdirir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !