Gənclər təşkilatı Ziyalı Sözü layihəsinə start verdi. -

Gənclər təşkilatı “Ziyalı Sözü” layihəsinə start verdi.

 “Ziyalı sözü”nün ilk qonağı Rəşad Məcid olub

GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİ İLƏ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN BİRGƏ LAYİHƏSİNƏ START VERİLİB

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi “Ziyalı sözü” layihəsi öz işinə başlayıb. Binəqədi rayon Gənclər Evində start verilən layihənin ilk qonağı AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair və publisist Rəşad Məcid olub. Binəqədi rayon Gənclər evində baş tutan görüşdə GTM-in üzvləri, Azərbaycan Dillər Universitetinin tələbələri, gənc fəallar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Rəşad Məcid yaradıcılığından söz açıb: “Bu zamana qədər biz bir çox ziyalılarımız, millət vəkillərimizlə görüşlər təşkil etmişik. Sonradan “Ziyalı sözü” adlı layihə təşkil etmək qərarına gəldik. Layihənin ilk qonağını isə təhsil mərkəzimizin üzvləri özləri səsvermə yolu ilə seçiblər. Bu, heç də təsadüfi deyil. Rəşad Məcid həm şair, həm də şəxsiyyət kimi hamı, xüsusən də gənclər üçün maraqlı və örnək ziyalılarımızdandır”.
Uzun illərdir həm AYB-də, həm də “525-ci qəzet”də gənclərlə birgə işlədiyini deyən Rəşad Məcid bu gün də gənclərlə görüşdən məmnunluq duyduğunu deyib: “25 il öncə noyabrın 17-də “525-ci qəzet” ilk dəfə dərc olunanda mən gənclərə müraciət edərək demişdim ki, bu qəzet gənclərin qəzetidir, hər zaman istedadlı gənclərin üzünə açıq olacaq. 25 il keçməsinə baxmayaraq, bu günün özündə də bütün nəsillərin dəyərli yazıları qəzetimizdə məmnuniyyətlə çap olunur. 2004-cü ildə Yazıçılar Birliyində Gənclərlə iş üzrə katib seçildim. Orada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Gənc Ədiblər Məktəbi yaratdıq. Həmin Gənc Ədiblər Məktəbindən məzun olan 50 nəfərə diplom verdik ki, onların çoxu hazırda çağdaş ədəbiyyatımızda tanınan imzalardır. Ondan sonra ikinci və üçüncü Gənc Ədiblər Məktəbi də təşkil olundu. Üçüncü Gənc Ədiblər hələ də davam etməkdədir. Hər ay orada tanınmış yazarlarla ustad dərsləri təşkil olunur. Onların da içərisində istedadlı, gələcəyinə ümid etdiyimiz gənclər var. 2007-ci ildən cənab prezidentin gənc yazarların, rəssamların, bəstəkarların fəaliyyətinə stimul vermək məqsədilə ayırdığı təqaüd də var ki, o da gənclərə çox böyük dəstəkdir. Ondan başqa da Azərbaycanda gənclərə qarşı ümumən böyük diqqət olduğu heç birimizə sirr deyil. Müxtəlif fondlar yaradılır, 2014-cü ildə gənclər üçün prezident mükafatı təsis olunub, bütün bunlar çox önəmlidir. Mənim, gənclərlə işləyən biri kimi, onlarda ən çox qiymətləndirdiyim cəhət istedad, bilik, savad, əzmkarlıq, zəhmətkeşlikdir”.
Öz ömür yolundan, ədəbi mühitə gəlişindən söz açan, xatirələrini tədbir iştirakçıları ilə bölüşən şair gənclərlə bağlı gileyini də dilə gətirib: “Müşahidələrimə əsasən təəssüflə deyə bilərəm ki, müasir gənclərin böyük qismi çox passivdir. Mən 15 yaşımda artıq gələcəyimi necə quracağımı, hansı sənətlə məşğul olacağımı bilirdim. İndiki bəzi gənclər, xüsusən oğlanlar isə 20-25 yaşları olmasına baxmayaraq, həyatları, gələcəkləri ilə bağlı dəqiq bir təsəvvürləri yoxdur. İkinci əsas məsələ isə mütaliə qabiliyyətinin inkişafıdır. Azərbaycanda əsas məsələ gözəl danışığa malik insanların, xüsusən gənclərin çox az olmasıdır. Bu da kitab oxumamaqdan irəli gəlir. Hər hansı bir insan həyatda uğur əldə etmək istəyirsə, birinci növbədə gözəl danışığa malik olmalıdır. Çünki söz ehtiyatı çox, nitqi gözəl olan insan fikirlərini də daha yaxşı ifadə edəcək. Buna təsir edən əsas amillərdən biri də şeir əzbərləməkdir. Ta uşaqlıqdan çoxlu şeir əzbərləmək lazımdır”.
Daha sonra qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, görüş diskussiya şəklində davam edib.
Şairlərin sevgisi haqqında olan suallara cavab verərkən R.Məcid deyib ki, sevgi yalnız qarşı cinsə deyil, həyatdakı çox şeyə, gördüyün işə də olmalıdır. Sevgisiz həyat ümumiyyətlə yoxdur: “Dəlicəsinə” adlı essemdə bu mövzuya toxunmuşam. Mənim fikrimcə, insan bir şeyi ürəkdən, dəlicəsinə istəyirsə, arzulayırsa, mütləq nə vaxtsa o arzusuna çatır. Əgər çatmayıbsa, deməli, hardasa o sevgi zəifləyib”.
Şairin gənclərin “Sizi gələcəkdə hansı şeiriniz xatırladacaq”- sualına cavabı da maraq doğurub: “Yazıçılıq iynəylə quyu qazmaq kimi bir şeydir. Şairlik sənət deyil, həyat tərzidir. Mənim on beş il şeir yazmadığım olub. Buna görə də hansı şeirimin yaşayıb, yaşamayacağını deyə bilmərəm. Ancaq indiki zamanda “Bir də gəlməyəcək” şeirimin qazandığı uğuru misal göstərə bilərəm. O şeirim hər kəs tərəfindən çox sevildi. Mənim özüm isə gəncliyimdə yazdığım “Yastıq” şeirimi daha çox sevirəm. Ramiz Rövşən deyir ki, şeir nə qədər yadda qalırsa, odur. Elə şairlər var ki, cild-cild yazıblar, ancaq yadda qalmayıblar”.
Tədbirdə R.Məcid ən çox sevdiyi şəhər haqqında danışarkən Şuşadan söz açıb: “Mən Şuşa kimi qeyri-adi yer görməmişəm. Şuşa həm də tarixdir. Oranın mənə təsiri çox olub”.
Sonda şair gənclərdən tövsiyələrini də əsirgəməyib: “Mənim fikrimcə, gənclərə dəstək olmağın birinci şərti özünəinam yaratmaqdır. Bir insanda azca bacarıq, qabiliyyət, işıq gördünsə, onu daha da ruhlandırmalısan. Bir insanın istəyi, qabiliyyəti varsa, o, əvvəl-axır öz yerini mütləq tapır, istəyinə çatır”.
Görüşdə şairin “Bir də gəlməyəcək”, “Yaxşı ki...” şeirləri səsləndirilib.
Sonda R.Məcid özünün imzalı kitablarını gənclərə hədiyyə edib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !