- İtkin düşmüş alpinistlərlə bağlı son durum

İtkin düşmüş alpinistlərlə bağlı son durum

Alpinistlərin dostları xaricdən əlavə qüvvənin gətirilməsini tələb edirlər; axtarış qrupu bildirir ki, bütün qüvvələr iş başındadır, amma nəticə yoxdur...

 

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq on günə yaxındır ki, nəticə vermir. Günlər keçdikcə onların sağ qalma ehtimalı da azalmaqdadır.

 

Məsələ burasındadır ki, axtarış aparılan günlər ərzində alpinistlərin heç kiçik bir izlərinə də rast gəlinməyib. Axtarış qrupunun ərazidə üç istiqamət üzrə işlədikləri söylənilir. Lakin buna baxmayaraq, heç bir nəticə yoxdur. Gənc alpinistlərin yürüş etdikləri günlərdə Tufandağda bir neçə yerdə qar uçqunu baş verib. Uçqun nəticəsində ərazidə təxminən 3 metrə qədər qar var. Lakin itkin düşən alpinistlərin üzv olduğu “Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bakipost.az saytına müsahibəsində bildirib ki, qrup üzvləri qar uçqununun altında qalmaya bilərlər: “Qar uçqununun altında qalma versiyası daha çox səsləndirilir. Amma onların bir əşyası tapılmayıb deyə 100 faiz nəsə demək olmur. Biz bu versiyanın üzərində dayanıb, gücü qar uçqununun altında adam axtarmağa sərf etsək, sabah isə onların, məsələn, Qəbələdə meşədə başlarına bir iş gəldiyini öyrənsək, bu çox böyük faciə olar. Bu səbəbdən bütün versiyaları işləyirik”.

 

İtkin alpinistlərin dostları isə musavat.com vasitəsilə ictimailəşdirdikləri müraciətlərində müvafiq qurumlardan xaricdən texnikanın gətirilməsini, təcrübəli alpinistlərin işə cəlb olunmasını, qar əridən maddələrdən istifadə edilməsini xahiş etmişdilər. Onlar iddia edirlər ki, ərazidə olublar və müşahidə ediblər ki, axtarışlar heç də lazımi səviyyədə aparılmır.

 

Müraciətdən sonra yanvarın 3-də Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Bildirilir ki, əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər.

 

“Gilavar” - hava və ekstrim idman klubu ile ilgili görsel sonucu

 

 

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

 

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini nəzərə alaraq axtarış-xilasetmə tədbirləri davam edib.

 

Məsələ sosial şəbəkələrin də gündəmindədir. Bir çox ictimai şəxslər itkin düşən alpinistlərlə bağlı statuslar yazaraq, onların dostlarının müraciətlərində haqlı olduqlarını söyləyirlər.

 

İtkin düşən alpinistin dostu Emin Abbasov da “Yeni Müsavat”a təsdiqləyib ki, müraciətlərini yaydıqdan sonra məsələ daha da ictimailəşdi: “İnsanlar indi daha çox məsələ ilə maraqlanırlar. Axtarışlar da bildiyim qədəri ilə müracitəmizdən sonra bir qədər gücləndirilib. Ancaq məsələni siyasiləşdirmək istəyən şəxslər də var ki, biz bunun əleyhinəyik. Prosesi siyasiləşdirmək olmaz. Burada məsələ 3 gəncin həyatından gedir”.

 

“Gilavar” - hava və ekstrim idman klubu isə yanvarın 4-də bəzi media qurumlarını qınayan bəyanat yayıb. Belə ki, klubun rəsmi səhifəsində aşağıdakılar bildirilib: “Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözüyaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayır. Üstəlik, Xəzər TV kimi kifayət qədər izləyici kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”.

 

Yayılan açıqlamada dağçıların icazəsiz getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirilib: "Digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir. Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər».

 

“Yeni Müsavat”a danışan “LAYF” Xeyriyyə İctimai Birliyinin sədri alpinist Emil Vəliyev bildirib ki, əslində indiki şəraitdə alpinistlərin geyimləri onları qardan qoruya bilməz: “Uçqun zamanı təmas qarda və ya çadırda ola bilər. Əgər uçqun zamanı təmas qardırsa, o zaman geyim uzun müddət kömək etmir. Ən yaxşı geyimlər belə bir müddət sonra islanmağa başlayır. Əksər geyimlər, tanınmış brend ayaqqabılar belə yağışdan qorusa da, qardan qorumur. ”Qoretex" dediyimiz material var ki, bu, yağışdan və qardan qoruya bilər. Ancaq qarla təmasda olan zaman birinci təsir edən soyuqdur. Soyuqdan isə yalnız qaz tükündən olan xüsusi geyimlər qoruyur. İnanmıram ki, dekabr ayında alpinistlər bu geyimlərlə dağa getsin. Kurtkalar qaz tükündən ola bilər. Şalvarlarda isə bu belə deyil. Çünki bizim dağlarda çox da soyuq olmadığı üçün alpinistlər çox zaman bu cür geyimlərdən istifadə etmir".

 

Vəliyev bildirib ki, alpinistlərin itkin düşdüyü yerdən Qəbələyə, Xınalığa, qərargah qurulan yerə də getmək olar: “Sadəcə olaraq oradan Rusiyaya keçmək olmaz. Dağıstana keçmək üçün gərək özümüzün ”Şahdağ", «Bazardüzü" kimi 4000-lik zirvələr keçilsin ki, bunu etmək mümkün olsun. Fiziki olaraq kiminsə gedə biləcəyini söyləyə bilmərəm. Ancaq marşrutlar var".

 

Əli Rais,
“Yeni Müsavat” 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

..send- /..Tufandağ /..Babur Hüseynov /..Namin Bünyatov /..Fəridə Cəbrayılzadə /..Ziya Qasımov /.. Quba rayonu /..Fövqəladə Hallar Nazirliyi /..Emin Abbasov /.. “LAYF” Xeyriyyə İctimai Birliyi /..Emil Vəliyev /..Şahdağ /..Bazardüzü 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !