Ermənilərlə bərabər içimizdəki pozucu-fərariləri də unutmayaq -

Ermənilərlə bərabər içimizdəki pozucu-fərariləri də unutmayaq

Elə bir dönəmə gəlib çatmışıq ki, artıq içimizdəki heç bir xainə, satqına aman verə bilmərik. Biz indi cəbhədə düşmənlə üz-üzəyik, hər an müharibə bütün cəbhə boyu alovlana, hər birimiz səfərbər oluna bilərik. Belə bir şəraitdə arxa cəbhənin daha monolit olması, insanların döyüşən orduya mənəvi cəhətdən dəstək durması vacibdir.

Sevindiricidir ki, Azərbaycan xalqı aradan keçən bu qədər uzun müddətə baxmayaraq ordu-əsgər və düşmənə dirəniş məsələlərində vahid mövqedən çıxış edir. Bu isə həm iç, həm də dış düşmənləri çox narahat edir və onlar hər cür şərəfsizliyə əl atıb millətin içinə nifaq toxumları səpməyə çalışırlar.

Hər şeydən öncə qeyd edək ki, dış düşmənlərə o qədər də bənd olmuruq. Çünki Ermənistan, onun arxasında duran Rusiya və İranın nə olduğunu hər birimiz yaxşı bilirik. Yəni bizə qarşı olanlardan düşmənlik gözləyirik, əməllərinə də təəccüblənmirik.

Lakin iç düşmənlər, az sayda olsalar da ürək bulandırmaqlarından qalmırlar. İndi fikir versək görərik ki, bu iç düşmənlər bir qayda olaraq əsgərlikdən yayınanlar, yaxud da övladlarını əsgərlikdən yayındıranlardır.

Örnək üçün, Azərbaycan hakimiyyətini ən kəskin tənqid edən, dolayısıyla erməni dəyirmanına illərdir su tökən Əli Kərimlinin iki oğlu nəinki əsgərlikdə olmayıb, üstəlik ümumiyyətlə Azərbaycanda yaşamağı belə özlərinə sığışdırmırlar.

Yaxud da tənqidçilərin önündə gedənlərdən olan Kamil Vəli Nərimanoğlu da övladını əsgərlikdən yayındıranların sırasındadır. Özü də bu adam əslən işğal altındakı Cəbrayıl rayonundandır.

Daha bir fərari, hər addımda insan haqları və demokratiyadan danışan Bəxtiyar Hacıyev də bu gün öz əməllərilə ordumuzun deyil, düşmənin yanında yer alır.

Dedik, bunlar bizi təəccübləndirmir. Çünki bu adamların mahiyyəti budur. Yəni bunların özləri fəraridir, qorxaqdır, Vətənə arxa çevirəndir, ona görə də orduya münasibətdə pozuculuq edirlər.

Bu adamlar öz ayıblarına kor olacaqlarına dövləti, Ali Baş Komandanı, Azərbaycan Ordusunu gözdən və ruhdan salmaq üçün işğalçı ermənilərdən də çox çalışırlar.

Qınamırıq. Dedik axı, bu adamlar qorxaq və pozucudurlar. Qorxaq olduqları üçün pozucudurlar əslində. Sabah cəbhəyə getməməkdən ötrü indidən bəhanə uydururlar. Yəni bir növ sabaha ayaq yeri qoyurlar ki, döyüşdən yayınanda özlərini “təmizə” çıxarmağa sözləri olsun.

Alınmayacaq! Çünki bu illər ərzində Azərbaycan xalqı böyükdən kiçiyə sizin kim olduğunuzu yaxşı öyrənib! Azərbaycan xalqı yaxşı bilir ki, min cür bəhanə uydurub Ordumuzu və Dövlətimizi gözdən salmağa çalışanlar bu xalqın dostu ola bilməz! Nəinki dostu ola bilməz, açıq-aşkar düşmənidir!

Düşmənin qulaq-buynuzu olmur ki! Xaricdə oturub ağzına gələni danışan, Azərbaycan əsgərinə badalaq vurmağa çalışan Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı kimi soyundan qopmuş pozucu ünsürlər hətta nəfəs alıb verəndə belə Azərbaycana nifrət püskürürlər.

Bəzən sual olunur ki, orduya könüllü yazılanlar arasında bu adı keçənlər, yaxud da onların övladları varmı? Təbii ki, yoxdur və ola bilməzlər! Çünki onlar yuxarıda qeyd etdiyimiz fəaliyyətlə məşğuldurlar və əslində bu ünsürlərin ordumuzda olmaması işin xeyrinədir.

İndi təsəvvür edin ki, döyüşə atılırsınız, sizinlə birlikdə Bəxtiyar Hacıyev, Əli Kərimlinin, Kamil Vəli Nərimanoğlunun fərari övladları da var. Ürəklə döyüşə bilərsinizmi? Əsla! Gözünüz qarşıdakı düşməndə deyil, bunlarda olacaq çünki!

Bu arada əlavə edək ki, bu ünsürlər Ermənistanın bütün yalanlarını Azərbaycan xalqına həqiqət kimi sırımaqda müstəsna rol oynayırlar!

Söz Ermənistandan düşmüşkən, bu ölkə xaricdən terrorçuları gətirib işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirir. Bu adı keçən ünsürlərin heç biri Ermənistana etiraz etmir, o faktlar ətrafında təbliğat qurmur.

Əksinə, bu ünsürlərin də mənsub olduğu cəbhə Ermənistanın Azərbaycanı öz ərazilərinə guya Suriyadan döyüşçülər gətirməsilə bağlı yaydığı yanıltıcı informasiyaları dünyaya tirajlamaqla məşğuldur. Ermənistan bir yalan uydurur, bunlar da o yalanları tirajlayıb Azərbaycanın kürəyinə bıçaq saplamaq üçün sıraya düzülür. Bunun adı nədir?

İndi xalqın ağı qaradan birdəfəlik seçməsinin vaxtıdır. Artıq müxalifət adı altında pozuculuq edənlərə hər kəs yerini göstərməlidir. İndi o özünə müxalifət deyib düşmən dəyirmanına su tökənlər birdəfəlik görməlidir ki, Azərbaycan xalqı onları rədd edir! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !