Naxçıvanın mədəni-təbii bitkilər altındakı torpaqlarının ekoloji qiymətləndirilməsi aparılıb - -FOTO=4

Naxçıvanın mədəni-təbii bitkilər altındakı torpaqlarının ekoloji qiymətləndirilməsi aparılıb -FOTO=4

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasında 2003-cü ildən uğurlu elmi-tədqiqat işləri aparılır.
Laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev burada aparılan tədqiqatlar və həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirib ki, ötən illərdə Naxçıvan Muxtar Respublikasında yayılan torpaqların tip, yarımtip və növ müxtəliflikləri elmi əsaslarla öyrənilib.
Alim qeyd edib ki, ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədi ilə irimiqyaslı Dövlət Proqramları həyata keçirilir, bir sıra vacib sərəncamlar imzalanıb. Həmin sənədlər Torpaq ehtiyatları laboratoriyası qarşısında da vəzifələr qoyub. Belə ki, regionda aqrar sektorda yeni-yeni nailiyyətlər əldə etmək üçün əsas məsələlərdən biri də müasir dövrün tələblərinə cavab verən yeni metodların tətbiqi ilə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasıdır. Məhz bu baxımdan meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi torpaqların potensial imkanlarının müəyyənləşdirilməsində ərazinin fiziki-coğrafi şəraitinin öyrənilməsi, torpaqların qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması və münbitlik modellərinin qurulması vacib məsələ kimi qarşıda durur.
“Torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə regionun torpaqları elmi əsaslarla öyrənilməsi məqsədi ilə müəyyən edilən istiqamətlərdə 200-ə yaxın ekspedisiyalara gedilib. Muxtar respublikanın düzənlik, orta dağlıq və dağlıq ərazilərindən torpaq, bitki nümunələri götürülüb”,-deyə məlumat verən Sahib Hacıyev qeyd edib ki, aparılan tədqiqatlar əsasında ərazinin təbii, xüsusilə mədəni bitkilərə yararlı torpaqların konkret olaraq ümumi sahəsi müəyyənləşdirilib, orta məhsuldarlığı və qiymət balları hesablanıb. Müəyyən olunan sahələrdən götürülən 500-dən çox torpaq nümunələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin laboratoriyasında analiz olunub.
Laboratoriya rəhbərinin sözlərinə görə, alınan analizlərin nəticələri təhlil olunaraq muxtar respublikanın inzibati rayonlarının mədəni-təbii bitkilər altındakı torpaqlarının ekoloji qiymətləndirilməsi, o cümlədən aqroistehsalat qruplaşdırılması aparılıb. Ərazidə torpaqlardan daha səmərəli istifadə olunması üçün relyef şəraiti nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının torpaq xəritəsi tərtib olunub, tədqiqatlarda ərazinin fiziki-coğrafi şəraiti öyrənilməklə torpaq-kadastr rayon və yarımrayonlarının xəritə-sxemi çəkilib.
Alim rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işlərinin nəticəsində toplanmış materiallar əsasında 100-dən çox cədvəl tərtib olunduğunu, 30-a qədər süxur, 100-ə qədər torpaq nümunələri qablara yığılaraq nömrələnərək qeydiyyata alındığını bildirib.
Sahib Hacıyev vurğulayıb ki, laboratoriyada aparılan elm-tədqiqatların nəticələri əsasında 6 monoqrafiya, 2 metodik vəsait, 5 tövsiyə, 2 xəritə, 7 xəritə-sxemi olmaqla ümumilikdə 130-dan çox elmi əsər işıq üzü görüb. Əsərlərdən 30-dan çoxu xaricdə nəşr olunub.
Son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiya prosesləri ölkəmizin, o cümlədən muxtar respublikanın torpaq mühitinə də öz təsirini kəskin göstərdiyini bildirən alim qeyd edib ki, rəhbərlik etdiyi laboratoriyanın 2021-2025-ci illərdə aparılacaq tədqiqat işlərinin mövzusunun bu istiqamətə yönəldilməsi nəzərdə tutulub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !