Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edir. - -FOTO=7

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edir. -FOTO=7

Cari ilin 21-25 sentyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 61-ci sessiyası keçirilir.
COVID-19 infeksiyası ilə əlaqədar builki iclaslar ÜƏMT tarixində ilk dəfə olaraq hibrid rejimdə keçirilir: nümayəndələrin bir qisminin iştirakı bilavasitə Cenevrədəki diplomatik missiyalarının əməkdaşları tərəfindən təmin edilir, digər nümayəndələr tədbirlərə onlayn rejimdə qoşulurlar.
Ölkəmizi təmsil edən nümayəndə heyəti də bu tədbirə hibrid rejimdə qoşulmuşdur: Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan təşkilatın nümayəndələri onlayn reyimdə, Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaıları, o cümlədən Səfir Vaqif Sadıqov, fiziki olaraq.
Assambleyaların açılışında ÜƏMT-nin Baş direktoru Frensis Qarri çıxış edib. İkinci altı illik səlahiyyət müddəti 2020-ci il 30 sentyabrda başa çatan F.Qarri dünyada yeniliyin stimullaşdırılmasına və yayılmasına kömək edən ÜƏMT-nın qlobal əqli mülkiyyət sisteminin inkişaf etdiyini və idarəçiliyi Təşkilat tərəfindən həyata keçirilən müqavilələrə qoşulan dövlətlərin sayının artmasını bildirərək, rəhbər səlahiyyətlərini həyata keçirdiyi müddətdə qəbul edilərək qüvvəyə minən iki yeni müqaviləni - Pekin və Marakeş müqavilələrini xüsusi vurğulayıb.
F.Qarri COVID-19 pandemiyasının Təşkilatın əsasən əqli mülkiyyət sahəsində qlobal xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin hesabına formalaşan maliyyə vəziyyətinə hələ ki mənfi təsir göstərmədiyini qeyd etmiş, buna baxmayaraq, qlobal iqtisadi proseslərin inkişafı ilə bağlı tendensiyaları yaxından izləməyin əhəmiyyətini bildirmişdir.
ÜƏMT-nın yeni seçilmiş Baş direktoru Daren Tang çıxış edərək F.Qarrinin Təşkilatın rəhbəri vəzifəsində çalışdığı müddətdə qazandığı "parlaq nəticələrə" görə "səmimi heyranlığını" qeyd edib, məhz onun qoyduğu təməllər sayəsində gələcəyin çox ümidverici göründüyünü və ÜƏMT-nın yeni mərhələdə bu işin davam etdirə biləcəyini səbirsizliklə gözlədiyini bildirib.
K.İmanov Baş Assambleyanın plenar iclasına xüsusi platforma vasitəsilə onlayn rejimdə qatılaraq, fransız dilində reqlamentə uyğun olaraq ikidəqiqəlik çıxış edib. Azərbaycan Respublikasının nümayəndə heyətinin adından tədbirin iştirakçılarını salamlayan Agentliyin rəhbəri çıxışında qeyd etmişdir ki, “dünya dəyişir və bəzən dəyişikliklərin dialektikası tamamilə gözlənilməz fors-major şəraitin seytnot vəziyyətində mühüm qərarların qəbul edilməsini diktə edir”
“COVİD-19 pandemiyası bütün sosial institutlara toxunub, sabit əlaqələri sarsıdıb, yeni ünsiyyət və qarşılıqlı əlaqə formalarını qəbul elətdirib, ən acınacaqlısı isə, öz əməyi ilə mədəniyyət və sivilizasiyaların dəyərlərini yaradan çox sayda insanın həyatını alıb”, - deyən K.İmanov, ölkə rəhbərliyinin belə şəraitdə yüksək idarəçilik məharətini, vaxtında qəbul edilmiş qərarlarını qeyd edib. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündƏ ifadə etdiyi “Biz birlikdə pandemiyaya qalib gələcəyik” fikrini xüsusilə vurğulayıb.
Agentliyin əsas məqsədinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatların təşviq edilməsi olduğunu, əqli mülkiyyətin iqtisadi artımın fəal iştirakçısına çevrilməsini vurğulayan K.İmanov, ölkəmizdə patent fəaliyyətini sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə yeni rəqəmsal xidmətlər tətbiq edildiyini, rəqəmsal əqli mülkiyyət hüquqlarının qorunması üçün yeni sistemlərin hazırlandığını bildirib.
Çıxışının sonunda Agentliyin rəhbəri ÜƏMT-nın Baş direktoru vəzifəsini başa vuran cənab Frensis Qarriyə təşəkkürünü çatdıraraq, onun özünəməxsus peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin ÜƏMT çərçivəsində bir çox başlanğıcların müvəffəqiyyətinin açarı olduğunu qeyd edib.
K.İmanov həmçinin ÜƏMT-nın yeni Baş direktoru seçilən cənab Daren Tanqı təbrik edib, bu vəzifədə onun ÜƏMT-nın mandat və məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə, əqli mülkiyyət hüquqularının qorunması üzrə qlobal sistemin yaradılması vasitəsilə yenilik və yaradıcılığı təşviq edəcəyinə əminliyini vurğulayıb, Azərbaycanın bu fəaliyyətdə ona dəstək və əməkdaşlığa zəmanət verdiyini bildirib.
Baş Assambleyada Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir Vaqif Sadıqov Qoşulmama Hərəkatının (QH) 116 üzv-dövləti adından çıxış edərək ÜƏMT-yə rəhbərlik etdiyi on iki il ərzində Təşkilata verdiyi töhfələrə görə Baş direktor Frensis Qarriyə təşəkkürünü bildirib və yeni seçilən Baş direktor Daren Tanqı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. O, ÜƏMT-nın İnkişaf Gündəliyinin nəzərdə tutduğu 45 Tövsiyələrin səmərəli icrası, o cümlədən yaradıcılıq və innovasiyanın təşviq edilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələri narahat edən məsələlər, xüsusilə üzv dövlətlər üçün qabaqcıl texniki dəstəyin səfərbər edilməsi üzrə işlərin davam etdirilməsində QH üzv-dövlətlərinin öhdəliklərini təsdiqlədiyini bildirib.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !