ANA və "çirkin" övlad - Çirkinliyinə dözə bilməyən övlad anadan, ana isə övladdan necə "qisas" aldı?..

ANA və "çirkin" övlad Çirkinliyinə dözə bilməyən övlad anadan, ana isə övladdan necə "qisas" aldı?..

 

 


Yeganə məktəb yaşına çatana kimi o və anası dünyanın ən xoşbəxti idilər. Baxmayaraq ki, Yeganə hələ kiçik yaşlarında ikən atası onları atıb başqa ölkəyə getmiş və bir daha geri qayıtmamışdı. Ana çox çətinliklə də olsa, yeganə övladı olan qızı Yeganəni xoşbəxt, heç nəyə ehtiyac duymadan böyütməyə çalışırdı. Gündüzlər onu əzizləyər, gecələr bağrına basıb, qucaqlayıb yatardı. Yeganə zahirən o qədər də gözəgəlimli olmasa da, anası həmişə onu bağrına basaraq "mənim yeganə qızım, mənim ağıllı və gözəl qızım" deyə onu sevib-oxşayardı. Ancaq getdikcə qızın gözləri zəifləməyə başlamışdı. Ətrafı o qədər də yaxşı görmürdü və zahirən də az-çox olan gözəlliyi getdikcə itməyə başlayırdı.

Məktəbə dərsə gedərkən qız həmyaşıdlarının ona qarşı biganəliyini, soyuqluğunu Yeganə özünə dərd edir və sükuta qərq olaraq onlardan gen dolanmağa çalışırdı. Ara-sıra onlardan eşitdiyi «Yeganə nə yaman çirkin olub» sözləri onun uşaq qəlbini sızladırdı. Dəfələrlə bu sözü eşitdikdən sonra bir gün anasına dərdini açdı və dedi: «Ana, sən mənə niyə yalan deyirsən? Həmişə söyləyirsən ki, mən dünyanın ən gözəl qızıyam, ancaq məktəbdə mənə deyirlər ki və özüm də bunu güzgüdə görürəm ki, mən heç də sənin dediyin kimi gözəl deyil, çirkin bir qızam".
Anası sanki bu haqda ilk dəfə eşidirmiş kimi bir anlığa duruxub qaldı, lakin elə o andaca qızını yenidən qucaqlayıb bağrına basaraq və əzizləyərək dedi:
- Qızım, sən doğrudan da, gözəlsən. Qızlar paxıllıqdan sənə bunun əksini deyirlər. Sən onlara inanma…
- Tutaq ki, onlar yalan deyir. Axı, mən güzgüdə görürəm ki, gözəl deyiləm, eybəcərəm. Niyə mənə yalan deyirsən, ana? Mənim daha özümün özümdən zəhləm gedir…
Ana Yeganəni nə qədər ovundurmağa, onun həm zahirən, həm də daxilən gözəl olduğuna inandırmağa çalışsa da, qız get-gedə əsəbi olur, anasından gen dolanmağa çalışır, özünün çirkin olduğunu qəbul etmək istəməyərək, anasına və taleyə üsyan etməyə çalışır.
Günlər, aylar ötdükcə həm əsəbi gərginlikdən, həm də səhhətindəki nasazlıqdan gözləri tamamilə tutulmağa başlayır. Və bir gün qızının dərdinə, haqsız iradlarına dözməyən anası Yeganəni qonşulara tapşıraraq, evdən çıxıb gedir. Bütün bəlalarının təqsirini anasında görən Yeganə bundan heç də narahat olmur və illər boyu ona həqiqəti demək istəməyən anasını bir daha görmək istəmədiyi arzusu ilə taleyini lənətləyə-lənətləyə qaranlıq həyatını yaşamağa davam edir.
Bir gün isə qonşuların təkidi ilə o, göz klinikasına aparılır və orada hər iki gözündən cərrahiyyə əməliyyatı olunur. Həkimlərin səyi nəticəsində Yeganənin gözləri tezliklə sağalır. Gözlərini açarkən ətrafında ağxalatlı həkimləri və şəfqət bacılarını görür. Onlara necə minnətdarlıq edəcəyini bilmir. Bu zaman şəfqət bacılarından biri güzgünü ona tərəf tutaraq deyir:
- Bir bax, gör özünü necə görürsən?
Yeganə gözlərinə inanmır: doğrudanmı, bu odur? O necə də gözəl imiş?!.
Güzgüyə inanmayaraq, utana-utana şəfqət bacısından və həkimlərdən soruşur:
- Bu doğrudanmı mənəm?..
Yaşlı həkimlərdən biri gülümsünərək və az qala kövrələrək deyir:
- Bəli, qızım, bu, sənsən. Ananın dünyanın ən gözəli hesab etdiyi Yeganə… Çünki indi sən özünə öz gözlərinlə yox, ananın gözləri ilə baxırsan. Anan səni kor olmaqdan qurtarmaq üçün öz gözlərini sənə vermişdir. Dön bax, yanındakı çarpayıda uzanan anandır!..


(Bu əhvalatı televiziyanın xanım jurnalistlərindən biri tərbiyə mövzusunda hazırladığı veriliş zamanı danışmışdı).


Yenidən işləyib, qələmə aldı
Rəhman ORXAN.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !