İNTİHAR KÖRPÜSÜ -

İNTİHAR KÖRPÜSÜ

Yuxularımdan həqiqətə açılan bircə pəncərə var. Mən onu açdım, lakin...

Həyat çox acınacaqlıdır. Bir toplum insanlar bunu gec qavrasalar da mən deyən həqiqətə gəlib çıxırlar. Elə onlar da mənim kimi həqiqəti yuxularında açılan pəncərə vasitəsi ilə görə bilirlər. Bir qismi cəsarət edib baxa bilir o pəncərədən. Bir qismi isə sadəcə pəncərəni açır və boylanmağa qorxur. Çünki həmən pəncərə ən hündür körpü üzərindən dünyanı göstərən pəncərədir. Mən o pəncərədən baxmışam. Elə bir qism insan da mənim kimi pəncərəni açır, o qorxunc mənzərəni görür, lakin...

Ömür yolları məni körpüyə sarı apardıqca dünya mənim gözümdə o qədər mənasızlaşırdı ki, özüm də geri dönüb baxdığımda nə qədər lazımsız şeylər üzərində mübarizə apardığımı görürdüm. Baxırdım, gülürdüm, sonra isə gülməyim də mənə mənasız gəlirdi. Sonra isə üzümü çevirim yola davam edirdim.
Açığı deyim kimsə bu mənzərəni görmək istəməz. Kimsə bu həqiqəti erkən qavramaq istəməz. Kimsə mənasız həyat yaşamaq istəməz, nə də yaşadıqlarının mənasız olduğunu bilmək istəməz. Nə etmək olar ki, bu belədir. Yol yoldaşlarım hamısı mənim kimi yuxu üzərində addımlayırdı. Kimisi maddi böhrandan, iqtisadi çətinlikdən şikayətlənirdi, kimisi sevgiyə ac idi, kimisi universitetə qəbul olmamışdı, kimisi ailə münaqişəsindən, kimisi işsizlikdən, kimisi xəstəliyinə olan dözümsüzlüyündən, kimi psixoloji gərginlikdən, kimisi mənim kimi haqsızlıqlara dözmədiyi üçün və s. Bu yolda həqiqətdə olduğu kimi xoşbəxt təsvir ola bilməzdi. Niyə həqiqətdə xoşbəxt təsvir yoxdur, soruşacaqsınız. Bəli, kimsə xoşbəxt deyil. Özünü xoşbəxt sayan, ya da qəsdən xoşbəxt göstərən bədbəxtlərdir. Kimsənin ümidinə od qoymaq istəmirəm. Ümidiniz varsa xoşbəxtsiniz, bunu özünüzə motiv seçin, vəssalam.
Qısası, mən gördüyüm mənzərədə taleyindən gileylənən insanlar var idi. Mən körpüyə yaxınlaşırdım. Mənzərəni necə təsvir edim. Elə bil körpü bir buludun üzərində şaxələnmişdi. Hər iki tərəfi də aşağıya doğru görünməz bir şeylərə bəndlənmişdi. Üzərində bir qrup insanlar var idi, əllərində plakatlarla körpünün kənarında sıra ilə düzülmüşdülər. Üzləri körpüdən aşağı tərəf idi, lakin əllərində tutduqları plakatlarıb üzü arxaya tərəf idi. Yəni üzərindəki yazıları ancaq arxa tərəfdən yaxınlaşdıqca oxumaq olurdu. Bir az çətin oxumaq olurdu. Çünki hamısının başları üzərində tüstü duman kimi fırlanırdı. Geyimlərindən təxmin edə bilirdim, kimisi alim, kimisi tələbə, kimisi yazar, kimisi müəllim, kimisi fəhlə, kimisi yoxsul, kimi zəngin, kimisi qazi, kimisi veteran, kimisi rəssam idi. Mən artıq onlara yaxınlaşdıqca əllərində tutduqları plakatların üzərini oxuya bilirdim. Bir qızın əlindəki plakatda "ümid" deyə qeyd olunmuşdu. Mən ona yaxınlaşdım. Arxadan yavaşca əlimi kürəyinə toxundurdum, üzünü mənə çevirdi. Gözlərindən gildir-gildir yaşlar axırdı. Gözləri qızarmışdı ağlamaqdan, sanki qan çalağına dönmüşdü.
Soruşdum;
-Niyə ağlayırsan?
Dedi ki;
-Məgər bilmirsən?
Baxışları ilə danışan qız, mənə özümü xatırlatdı. Bir anlıq özümü onun yerinə qoydum, hə düzdür, mənim də ümidsizəm. Nə etmək olar, burax özünü aşağı. Bunu düşündüm, sən demə o da gözlərimdən nə demək istədiyimi anlamışdı. Plakatı mənə verib dərhal özünü körpüdən aşağı atdı. Mən həyəcan və qorxu içində onun ardınca baxdım. Buludların arasından aşağı doğru düşərək qeyd oldu. İndi artıq mən onun yerində idim. Plakat əlimdə üzü körpüdən aşağı dayanmışdım. Əsim-əsim əsirdim. Yox, mən bunu bacarmaram. Yox, mən bunu edə bilmərəm. Mən istəmirəm, yox. Artıq içdən-içə qışqırmağa başlamışdım. Yanımdakı adam üzünü çevirərək mənə baxdı.
Adam;
-Niyə qışqırırsan? Məni də özündən soyutdun. Sənə görə bu qədər ağır yükü daşımaq məcburundayam.
Mən;
-Nə? Nə yük? Mən başa düşmədim.
Çaşqınlıq içərisində idim, lakin adam əlindəki plakatı yerə qoyub, ayaqları arasında saxladı.
Adam;
-Mən daha yoruldum bunu daşımaqdan. Götür, mənə lazım olmadı.
Plakata baxdım. Üzərində "arzular" yazılmışdı.
Mən;
-Axı bu mənim deyil.
Adam;
-Sənindir.
Mən;
-Xeyr, mənim deyil.
Adam;
-Deməli boynuna almırsan? Onda atacam bunu aşağı. İkimiz də qurtulaq.
Adam bir anlıq plakatı göyə qaldırıb körpüdən aşağı atdı. Lakin, plakat o qədər ağır idi ki, özü də tab gətirməyib aşağı doğru yıxıldı. Mən onun ardınca qışqırdım.
-Axı niyə belə elədin? Niyə axıradək saxlamadın. Kaş ki atmazdın.

Çox pis vəziyyətdə idim, həm də vicdan əzabı çəkirdim. Axı bu insanlar niyə belə edirlər. Yavaş-yavaş qarşıya doğru irəliləyirdim. Ümid adlı plakatı könülsüzcə ardımca sürüyürdüm. Qarşıda yekə qarın bir kişi əlində "zənginlik" adlı plakatla körpünün uc hissəsində dayanmışdı. Mən onu görüb dayandım. Bir müddət izlədim onu, fikirləşirdim ki, bu necə gəlib çıxıb bura? Bir anda üzünü çevirib qəzəblə mənə baxdı.
-Məni sən çağırmısan bura!
Mən diksindim, deyəsən burda hanı içdən gələb səsi eşidirdi. Mat qalmışdım. Adam qəzəblə mənə baxırdı, sanki üzərimə şığıyıb məni körpüdən atmaq istəyirdi. Mən isə onu sakitləşdirmək üçün;
-Bağışla, bəlkə də mən çağırmışam. Amma xatırlamıram. İndi o plakatı mənə ver.
-Xeyr, mən özümü bununla birgə atacam və sən də seyr edəcəksən!
-Yox, atma, iztirab çəkmək istəmirəm.

Adam heç məni dinləmədi, dərhal plakatla bir özünü aşağı atdı. Mən isə dizüstə yerə çökdüm, oturub hönkür-hönkür ağladım. Bir müddət sonra özümü topladım. Ayağa qalxdım. Özümə söz verdim ki, burada kimsəyə yaxın durmayacam, kimsəni dindirmədən yan keçməliyəm. Əlimdəki "ümid" adlı plakatı körpüdən atmaq istədim. Lakin, cəhd eləmədim. Çünki, ola bilərdi ki, mən də plakatla birgə yıxılım. Məcburən, istəməyərək də olsa plakatı ardımca sürüyürdüm. Məni görənlər özlərini dərhal körpüdən aşağı atırdılar. Mən elə iztirabla yol gedirdim ki. Sıra ilə plakatlar yerə düşürdü, adamlar atılırdılar körpüdən. "Sevgi" plakatı, "ailə" plakatı, "təhsil" plakatı, "elm", "sənəd", "yaradıcılıq", "uğur", "dözüm", "inanc", "dua", "ağıl", "inad", "cəsarət" və s., və s. Hamısı bir-bir atırdı özünü. Hamısı məndən qaçırdı. Hamısı peşman idi var olduqlarına. Hamısı məni görcək intihar edirdilər. Canlarına qıyırdılar. Bu cür mənzərəni ilk dəfə yaşayanlar, ikinci dəfə yaşamır. Həyatda insana yaşamaq üçün dayaq olan hər şey mənasızlaşırdı. İnsan inancı, fərqli rituallar, fərqli mövqelər, fərqli çaba etmə vasitələri. Heç biri insana fayda vermirdi. Kimsənin tutunacaq yeri yox idi. Mən isə vicdan əzabı ilə körpünün sonlarına doğru yaxınlaşırdım. Nə yalan deyim, dəfələrlə mən də atılmaq istədim bu körpüdən. Hər insan atlayışı mənim ruhumdan parçalar qoparırdı. Hər atlayışın səbəbi mən olduğumu bilmək, lakin, bu səbəbin niyə mən olduğunu bilməmək də böyük bir ağrı idi. Sanki həm günahkaram, həm də günahsız...

Bu yuxu təsvirimin həqiqətə ötürdüyü mənaya doğru çatmışdım. Körpünü başa vurdum, ən sonunda yanları uzun pilləkənlərlə aşağı düşməyə başladım. Çox addımlamamışdım, beş-altı pilləkən olardı ki, qarşıdan gələn yaşlı, nurani bir adam məni qarşıladı.
-Gəl, qızım, yorğun görünürsən.
Mən taqətsiz vəziyyətdə ondan su istədim. O isə mənə;
-Su? Necə içəcəksən suyu?
-Çox susamışam. Nə olar mənə su ver.
-Mən verə bilmərəm, amma gəl səni aparım, su olan yerə, ordan bir qab su götür, gör bacaracaqsansa iç.

Məni körpünün tan hissəsindəki göydən axan bir şəlaləyə tərəf apardı. Şəlalənin aşağısında, dərya kimi axar yerin ətrafında, daşların üzərində qaya daşlarından düzəldilmiş saxsı qaba bənzər fərqli ölçüdə qablar var idi. Mən əyilib birini götürdüm, suya basıb dəryadan su götürdüm. Ciyərim elə yanırdı ki, dərhal suyu boğazıma çəkdim. Yəni, içməyə çalışdım. Su isə gurultuyla boğazımdan sinəmə, ordan boşluğa doğru axıb getdi. Heç nə hiss etmədim. Qabı doldurub, bir də içməyə çalışdım. Su yenə hissiyyatsız bədənimdən aşağı doğru axdı. Dəfələrlə cəhd elədim. Qabı ağzıma yaxınlaşdırıb dodaqlarıma toxundurdum. Artıq dodaqlarımı da hiss etmirdim. Ciyərim yanırdı. Başımı qaldırıb ağsaqqal kişiyə baxdım.
-Mənə nə olub? Niyə içə bilmirəm suyu.
Ağsaqqal;
-Sən vaxtından tez gəlmisən qızım, vaxtsız gələnlər bu suyu haq etmirlər.
-Nə demək istəyirsiniz?
Ağsaqqal;
-Ölümə tez can atmısan qızım. Kaş ki bir az da gözləyərdin. Sənin hələ vaxtın var idi taşamağa.

Mən səbrsizlənib, qışqırmağa başladım. Əlimlə də körpünün yuxarısını göstərirdim.
-Xeyr! Ölən onlar idi! Mən ölməmişəm. Onlar isə özlərini atdı! Körpüdən aşağı atdılar özlərini! Mən isə sağam və gəlmişəm. Mən özümü atmadım. Sağam mən, sağ!

Əlimi sinəmə döyməyə başladım. Ağsaqqal;
-İncimə qızım, onlar özünü atıb öldürmədi, onları sən öldürdün. Arzularını öldürdün, gələcəyini öldürdün, planlarını öldürdün, inancını öldürdün, duyğularını öldürdün.

Ağsaqqal mənim əlimdəki o məcbur daşıdığım plakatı göstərərək;
-Ən əsası da bütün bunlardan "ümid"ini alaraq öldürdün. Ən sonda da özün öldün.

-Yox, mən ölmədim. Mən sağam. Mən heç kəsin ümidini almamışam. Yox, yox. Mən sağam.

Mən ağlamağa başladım. Ağsaqqal isə mənə dedi;
-Qızım, bura intihar körpüsüdür. Bura gələn insanlar gələndə də ağlayır, gəldikdən sonra da ağlayır. Amma geriyə qayıdış yoxdur. Bu gördüyün şəlalə, axar dərya isə onların göz yaşlarıdır...

....və mən anladım ki, nə qədər ki duyğuların, inancın, sevgin, həyatdakı mövqeyin, yararsız olsa da inandığın hər hansısa bir ritual, o qədər də məna kəsb etməyən, tutarsız arqumentə dayalı bir ayin, duan, həvəsin, zövqün və bütün bunların kökündə duran ümidin varsa, onu qoruyub saxlamalısan. Bütün bunları itirən insanların əksəriyyəti intihar edir.

Müəllif:Vüsalə Vətənxan.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !