BİZİ FÜZULİYƏ APARAN YOL -

BİZİ FÜZULİYƏ APARAN YOL

 DÖYÜŞÇÜ-JURNALİST MAHİR SÜLEYMANOVUN CƏBHƏ ALBOMUNDAN

BİZİ FÜZULİYƏ APARAN YOL

Əslən Füzuli rayonundan olmasam da, Qarabağı doğma Şamaxım, əziz Bakım qədər sevmiş, özümü həmişə bölünməz, parçalanmaz, kiçilməz Azərbaycanımızın övladı saymışam. Haqqında çox eşitsəm də, əvvəllər Füzuli rayonunda heç olmamışdım. Tale elə gətirdi ki, Qarabağımız erməni-rus işğalına məruz qalanda yeni yaranan Milli Ordumuzun rayonu qoruyan ilk hərbi hissələrindən birində zabit kimi xidmət etməyə başladım.Şəkildə gördüyünüz bu yol məni Füzulinin dağlıq hissəsində yerləşən Qacar və Divanalılar kəndlərinə qədər apardı. Buraların sərin bulaqlarına, dumduru çaylarına, yaşıl meşələrinə, uca dağlarına, səmimi, qonaqpərvər, mehriban, igid və qorxmaz insanlarına heyran oldum. 1992-ci ildə bu yolla Füzuliyə, Qacara, Divanalılara neçə dəfə gedib-gəldiyimi xatırlamıram.Amma ona çox təəssüf edirəm ki, əlverişli mövqeləri bizdən və kəndlərin digər müdafiəçilərindən təhvil alanlar Füzulinin qapısı sayılan Qacarı, Divanalıları qoruya bilmədilər, ölkədaxili siyasi oyunların labüd nəticəsi olaraq Arazın kənarınadək geri çəkildilər...
Sonralar - 1993, 1994, 1995-ci illərdə hərbi jurnalist kimi Füzuli rayonunda dəfələrlə olmuşam. Ancaq vaxtilə bizi Qırmızı Bazara, Şuşaya qədər aparan yolla Alxanlıdan o yana gedə bilməmiş, üzü Füzuliyə tərəf beləcə həsrətlə baxmışam...
Artıq Azərbaycan xalqının səbri tükənmiş, işğal altında olan torpaqlarımızı azad etmək üçün ordumuz nəhayət qəti və həlledici əks-hücumlara atılmışdır.Düşmənə ağır zərbələr vuran əsgərlərimiz bir sıra yaşayış məntəqəsini ermənilərdən təmizləyərək Füzuli şəhərinə yaxınlaşmışlar. İnanırıq ki, tezliklə rayon mərkəzi və digər kəndlərimiz də işğalçı ermənilərdən azad olunacaq, 27 illik həsrətdən sonra Füzuliyə dönən sakinləri doğma yurd, doğma ocaq, gözü yaşlı Ana Torpaq bağrına basacaqdır!
YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!!!

Mahir Süleymanov,
döyüşçü-jurnalist,
Qarabağ müharibəsi veteranı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !