Vətənpərvərlik Vətənə sevgi və sədaqətin təzahürüdür -

Vətənpərvərlik Vətənə sevgi və sədaqətin təzahürüdür

Tariximizin hansı səhifəsini vərəqləsək orada igid, qəhrəman oğullarımızın qəhrəmanlıq səlnaməsinə rast gəlirik. Çünki Vətən torpağını qorumaq üçün Vətən uğrunda mübarizə ən ümdə vəzifədir. Əsil vətənpərvərin Vətənə məhəbbəti sözdə deyil, əməldə olmalıdır. Bu gün əsgərlərimiz bu məhəbbəti öz əməlləri ilə sübut edir.
 

Azərbaycan xalqının ürəyi vətənpərvər əsgərlərimizin ürəyi ilə birlikdə döyünür. Xalqımız ordumuza güvənir. Şanlı Vətən oğulları sinəsini Vətən torpağına sipər edərək, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün səfərbərdir. Ordumuzun ruh yüksəkliyi çox böyükdür. Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında sıx birləşməli, torpaqlarımızı düşmən tapdağından azad etməliyik. Azərbaycan ordusu bu gün müzəffərdir və Vətən uğrunda canını fəda etməyə hazırdır. Özünü Azərbaycanın əsil vətəndaşı hesab edən hər bir vətənpərvər, mətin, mübariz gənc millətin adı və varlığı ilə fəxr edir və milli mənəviyyatı daha da formalaşır.
 

Hər birimizin qəlbi Qələbə əzmi ilə döyünür. Ermənistanın işğalçı siyasətinə qarşı ordumuz dəyanətlə, mətinliklə cavab verir. Bizim dövlətimiz heç vaxt qan tökməyin, müharibə etməyin tərəfdarı olmayıb.
 

Mənfur düşmən isə bizi müharibəyə sürükləyir. Bu gün ordumuz qəhrəmanlıqla, mətinliklə Şəhidlərimizin keçdiyi şərəfli yolu davam etdirir.
 

Özünü Azərbaycanın əsl vətəndaşı hesab edən vətəndaş ləyaqətli, mətin, mübariz əsgərlərimizə dəstək olmalı, Vətən torpaqlarını göz bəbəyi kimi qorumalıdır.
 

Əks təqdirdə Tarix bizi bağışlamaz.
 

Mən inanıram ki, vətənpərvər oğullarımız əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad edəcək və Qələbə bizimlə olacaq.


O Ğ U L


Tökülsə də qanın o yurd yerinə,
Qoyma Vətən oğlu qəddin əyilə,
Düşmən məğlub olub məhv olan günə,
Ağ qoçun qurbanlıq bağlaram, oğul!

Tarixin təkəri fırlanmaz geri,
Sən geri qayıtma, yeri, irəli!
Anaların naləsi titrədir yeri,
Bu nalə yerdəmi, qalacaq, oğul?

Namusun qeyrətin qoy coşsun sənin,
Düşmən əlindədir neçə qız,  gəlin.
Qanını almasan sən şəhidlərin,
Axirət  evində yanaram, Oğul.

Ömrümə az qalıb, çoxmu qalıbdır
Sənsizlik məni lap əldən salıbdır.
Düşmən basılacaq, sonu çatıbdır,
Sən gələn günədək yaşaram, Oğul!

Sənin yollarına xalı sərərəm,
Qarşında diz çöküb səcdə edərəm.
Başına dolanıb qurban kəsərəm,
Qələbə əzmiylə qayıtsan, Oğul...!
Qələbə əzmiylə qayıtsan, Oğul...!



İskəndərzadə Ramiyə İmran qızı,
BDU-nun Elmi Kitabxanasının böyük kitabxanaçısı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !