BDU-nun müəllimi beynəlxlaq onlayn tədbirdə iştirak edib - - FOTO

BDU-nun müəllimi beynəlxlaq onlayn tədbirdə iştirak edib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov Azərbaycan, İndoneziya və Pakistan arasında keçirilən “Ermənistan-Azərbaycan münaqişəsi: Siyasi elita və vətəndaş cəmiyyətinin rolu” adlı onlayn beynəlxlaq panel iclasında (sessiyasında) iştirak edib. Tədbiri giriş sözü ilə açan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyinin rəhbəri Syafii Efendi hazırki Qarabağ müharibəsində Azərbaycanın ədalətli mövqeyindən və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana olan dəstəyindən söz açıb.


S.Zahidov İndoneziya və Pakistanda təhsil alan doktorant və magistrantlar, o cümlədən müxtəlif QHT nümayəndələri üçün “Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki Qarabağ müharibəsi ətrafında beynəlxalq siyasi kontekst” adlı məruzə ilə çıxış edib. Çıxışda Dağlıq Qarabağ münaqişəsinin tarixi və nizamlanma prosesindən, 2020-ci ilin iyul ayındakı Tovuz hadisələrindən və hazırda davam edən Qarabağ müharibəsi və onun ətrafında cərəyan edən beynəlxalq siyasi proseslər kimi məsələlərə aydınlıq gətirilib. Məruzəçi Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 2020-ci ilin oktyabrın 10-da razılaşdırılmış humanitar atəşkəsi pozaraq Azərbaycanın mülki əhalisinə qarşı cinayət aktı törətməyə davam etməsindən və Gəncə şəhərində baş verən erməni terrorundan bəhs edib.
Virtual tədbir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İndoneziya Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi və Pakistan İslam Respublikasında yerləşən “Kəşmir üçün Gənclər Forumu” adlı qurumun təşkilatçılığı ilə baş tutub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !