Erməni əsilli Alvina nənə: - Paşinyan kimilərin ucbatından indi erməni gənclər özgə torpağında ölürlər (FOTO=2+VİDEO)

Erməni əsilli Alvina nənə: Paşinyan kimilərin ucbatından indi erməni gənclər özgə torpağında ölürlər (FOTO=2+VİDEO)

 

Ölkəmizdə uzun illərdir dinc şəraitdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları kifayət qədərdir. Onlardan biri də Tovuz rayonunda məskən salan Marqosyan (Bağırova) Alvina Mnasakyan qızıdır. O, 1941-ci ildə Ermənistanda, Şəmşəddil mahalında dünyaya göz açıb.

AZƏRTAC xəbər verir ki, A.Marqosyan 18 yaşında Tovuzun Aşağı Quşçu kənd sakini Kamal Bağırovla ailə qurub. Elə o vaxtdan bəri, düz 58 ildir bu kənddə yaşayır. Beş övladı, 20 nəvəsi, 9 nəticəsi var. Erməni əsilli olsa da, özünü azərbaycanlı hesab edir.

Onun kimi, minlərlə erməninin Azərbaycanda dinc yaşadığını söyləyən 79 yaşlı Alvina nənə əminliklə bildirib ki, Qarabağ azad edildikdən sonra da erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq. “İndi də qonşularımla çox gözəl, dinc şəraitdə yaşayırıq. Mənə ana-bacı kimi münasibət göstərirlər. Vətənimdən - Azərbaycandan razıyam. Azərbaycan xalqından da, qonşularımdan da, hökumətdən də razıyam. Vaxtlı-vaxtında təqaüdümü alıram, evdə nəvələrimlə günümü keçirirəm”, - deyə o vurğulayıb.

Bu gün Azərbaycanın Vətən müharibəsini ürək ağrısı ilə izləyən Alvina Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağı çağırır. Erməni əsgərini isə Azərbaycanın əzəli torpaqlarından geri çəkilməyə səsləyir. Deyir ki, Azərbaycan xalqı sülhpərvər olduğunu bu 30 ildə münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışması ilə göstərdi. Lakin Paşinyan kimilərin ucbatından indi erməni gənclər özgə torpağında ölürlər. Hansı ki, vaxtilə bu iki xalq həmin torpaqlarda dinc, mehriban yaşayıblar.

O, Ermənistan ordusunun Gəncə, Tərtər, Goranboy, Ağcabədi, Ağdam, Beyləqan və digər şəhərlərimizdə dinc sakinləri hədəfə almasını acizlik kimi dəyərləndirir.

“Allah eləsin Qarabağımız azad olsun, üçrəngli bayrağımız torpaqlarımızın bütün rayonlarında dalğalansın” – deyir, Alvina nənə.

Alvina Bağırova haqq döyüşü aparan Azərbaycan Ordusuna uğur diləyərək, ən böyük arzusunun işğaldan azad ediləcək Qarabağ torpaqlarını gəzmək olduğunu bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !