Fazil Güney: - Prezidentimizin alternativi yoxdur.

Fazil Güney: Prezidentimizin alternativi yoxdur.

 
Dünyada ədalət tərəzisinin pərsəngi pozulduğu dönəmdə dövlətimizi və xalqımızı siyasətin dolanbac labirintləri ilə aparan Prezident İlham Əliyevin alternativi yoxdur, hələ heç üfüqdə də görünmür...
Bu sözləri mən bir neçə il öncə AzTv-nin media rəhbərlərindən dövlət başçımız haqqında etdiyi tele-sorğuda demişəm. Tamaşaçıların çoxu mənim çıxışımı rəğbətlə qarşılasa da, dodaq büzənlər də olmuşdu.
Bu sözlərlə mən prezidentə mədhiyyə söyləmirdim. Üç ərəb ölkəsində hərbi və mülki tərcüməçi işləmiş, yüksək səviyyədə hərbi və siyasi görüşlərdə iştirak etmiş, Suriya və Liviyada hərbi əməliyyatların canlı şahidi olmuş şərqşünas kimi, müstəqil jurnalist kimi içimdən gələn bir səs təki deyil, həm də olayları analiz edərək sorğunu cavablandırmışdım.
Bu günlər ordumuz torpaqlarımızı iyrənc düşməndən təmizlədikcə milyonlarla yurddaşlarım təki sevincim aşıb-daşır, otuz ildə ürəyimi ağrıdan acılarım, dağdan ağır dərdim günbəgün əriyir, qapqara qaralmış qanım durulur. Ümidsizliyə qapılıb çaş qalmış xalqımın düşüncələri arınıb durulur. Və düşünürəm, görəsən Azərbaycan dövlətinin başçısı, onun Ordusu haqqında ölkə dışında, tele-kanallarda hədyanlar söyləyən kəslər heç utanırlarmı? Kimlərinsə pulu ilə yaradılmış kanallarda özlərini demokrat carçısı, vətənpərvər müxalifət sözçüsü adlandırıb, bağıranların damarlarında millət qanı axırsa, heç xəcalət çəkirlərmi?
Dünyada gedən qlobal olayları, aldadıcı siyasi oyunları anlamaq səviyyəsində olmayan, sinələrinə döyən “siyasətçilər”, “liderlər” suçlarını başa düşəcəklərmi? Azərbaycan Respublikası Prezidentindən, onun Ordusunun vətənpərvər əsgər, zabit və generallarından, şəhidlərin ruhlarından üzr istəməyə mədəniyyətləri çatacaqmı?
Oxucumun məni düzgün anlaması üçün, sözlərimi qeyri təvazökar saymaması üçün aşağıdakıları xatırlatmaq istəyirəm...
Mən hələ Sovetin qan-qan deyən dönəmlərində -1988-ci ilin noyabrında Türkiyənin “Günaydın” qəzetində ermənilərin Qarabağda separatçı hərəkətlərini “əski türk düşmançılığı” adlandıraraq verdiyim müsahibədən başlayaraq 90-cı illərdə yaratdığımız Assa-İradə Xəbər Agentliyi, mətbuat tariximizdə ilk ingiliscə “Azernews” qəzeti vasitəsilə bir neçə dildə Qarabağ gerçəkliklərini Yaponlardan tutmuş Amerikayadək dünya ictimaiyyətinə yayırdım. Sovetlər dönəmində əcnəbi ölkələrdə on ilə yaxın hərbi və mülki dilmanc işləməyim, qadağalar dövründə xarici mətbuatla az-çox tanışlığım bu işdə mənə çox kömək edirdi... Əcnəbi jurnalistləri apardığım Göygöl - Çaykəndi ətrafında, Xankəndidə iki kərə az qala girov götürülmüşdüm. Sözümün canı odur ki, Qarabağ olaylarının başlanğıcından hadisələrin içində olmuşam. 2003-cü ildə prezident seçilmiş İlham Əliyevin “hücum diplomatiyası” siyasətinə başlamasından, uluslararası toplantılarda yüksək tribunalardakı çıxışlarından, Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə gəlmiş ABŞ prezidenti Obamanın görüş təklifindən imtina etməklə bu planı pozmasından, Macarıstan həbsxanasında ömürlük ölüm hökmünə məhkum olunmuş qəhrəman hərbçimiz Ramil Səfərovu azad edib, Vətəndə qəhrəman kimi qarşılanmasından və s. haqqında jurnalist kimi dövrü mətbatda, yazıçı kimi 20 ilə ərsəyə gətirdiyim “Qara Qan” tarixi roman trilogiyamda yazmışam. Demək istəyirəm ki, son otuz ildə ölkəmizdə baş verən olayların içində yaşamışam, onun dışında cərəyan edənlərdən yaxşı xəbərdaram. SRRİ-nin dağılmasının, xalq hərəkatının, Vəzirov, Mütəllibov, Elçibəy hakimiyyətləri, dövlətçiliyimiz əldən gedərkən Heydər Əliyevin Naxçıvandan gətirilməsi dönəmlərində baş verən olayları yaxından izləmişəm... Buna görə də Qarabağ probleminin uzadılmasında son on ildə dövlət başçısını suçlayan diletantların fikirləri daima məndə acı gülüşlərə səbəb olubdur. Çünki bu diletantlar dünyanın yeni qütbləşməsini, olayların gəlişməsini, siyasi və iqtisadi maraqların gözlənilməz yönlərə şaxələnib dəyişməsini, üzdə görünən havadarlardan başqa arxasında güclü xristian təşkilatlarının gizli planlarının durduğu xaç yürüşlərinin yeni şəkildə aparılmasını tam aydınlığı ilə görüb, təhlillər aparmaq bacarığına malik deyillər... Çox sürətlə dəyişən dünyada zaman və məkan amilləri zəminində çevik hərəkət etməyə, dünya olaylarının nəbzini tutmağa qadir deyillər. Tovuz olaylarında bu fürsətdən yararlanıb müharibəni başlamamaqda dövlətimizin başçısını, Ordumuzu suçlayanlar az deyildi. Onları qınamamaq da olar. Başa düşmürdülər ki, hərbi-siyasi durumu gərəkən zaman kəsiyində analiz edib, dəyərləndirmək üçün özəl kəşfiyyat raportları, diplomatik kanallarla gizli siyasi məlumatlar lazımdır. Hətta “bu lazım haçan gələcək?” deyib, şəbədə qoşmağa cəhd edənlər də vardı. Düşünmürdülər ki, “Lazım” ın gəlmə anını - Vətən müharibəsini başlamaq vaxtının yetişməsini Prezident və onun yaxın komandası, generalları bilə bilirlər.
Prezident İlham Əliyevin “Vətən müharibəsi” adlandırdığı bu dava dönəmində etdiyi tarixi çıxışlar, dünyanın aparıcı TV kanallarına verdiyi müsahibələr düşmən üzərinə yağdırılan dronlardan, top, raket zərbələrindən də güclü səsləndi... Azərbaycan xalqının 30 ildir tüstüsüz, alovsuz için-için yanan ürəyinə su səpdi. Dövlət başçısı öz fikirlərini üstüörtülü diplomatik ibarələrlə deyil, ürəyindən gələn açıq, səmimi sözlərlə, xalq diliylə ifadə etdi. Xalq, millət Ayın o biri üzünü görürmüş təki öz liderini yenidən tanıdı. İşğalçılara qarşı illərlə Prezidentin ürəyində yığılıb qalmış qəzəbini, düşmənə nifrətini adi vətəndaşlar kimi söyləməsi xalqın dilində zərb-məsələ çevrilibdir. Hətta zarafatla Türkiyədən yeni alınacaq dronların adının “İtiqovan” adlandırılacağını deyib-gülürlər.
İlham Əliyev dövlət başçılığına yeni siyasətlə - düşmənə qarşı diplomatik hücumla başladı. 17 ildən sonrasa bu hücum dost ölkələrdən aldığımız dronlarla, top-raketlərlə ataka çevrildi.
Dünya liderləri bu günlərdə təmkinini pozmadan məntiqi çıxışları ilə edilən təzyiqlərə qarşı Azərbaycan Prezidentinin dəyanətinə heyran olublar. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin üzvləri - Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə şəhzadəsi Türki əl-Feysalın Prezident İlham Əliyevə ünvanladığı, məni çox təsirləndirən məktubunda deyilir:

“Zati aliləri!

Bu günlərdə Sizin barənizdə çox düşünürük... Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan böyük təzyiqlərə tab gətirəcəksiniz”.
Məktubda Prezident İlham Əliyevin son iki onillikdə əldə etdiyi uğurları, şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığı nüfuzu, N. Gəncəvi adına Beynəlxalq Mərkəzdə fəaliyyət göstərən üzv müəlliflərin ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini qeyd edərək, BMT TŞ-nın 4 qətnaməsinin 30 ilə yaxındır yerinə yetirilməməsini xatırladıb sonda yazırlar:
“Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbrli yanaşma nümayiş etdirmisiniz... Biz məsələni BMT-nin diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.
Siz daha güclü və daha nüfuzlusunuz.
Biz həmsədrlərimiz və baş katibimizlə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinə edirik.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız sizinlədir”.
Bəli, Prezident İlham Əliyev Azərbaycan xalqının, onun dövlətinin iradəsini, onun əsgər və zabitlərinin, genarallarının döyüşkənliyini, cəsarətini, yurdsevərliyini, nizam-intizamını bütün dünyaya tanıtdı.
Arxasında dayanmış böyük güclərin hesabına torpaqlarımızı işğal etmiş və indi də onlardan yardım alan hay-ermənilərlə üzbəüz açıq döyüşlərdən sonra Azərbaycanlılar daha hər yerdə başlarını dik tuturlar!..
Sinəm 30 ilin ağrı-acısıyla doludur, hələ çox yazacağam...
Ötən yay 102 yaşlı köçkün atam dilində “Qarabağ... Cəbrayıl...” sözləri dünyasını dəyişdi. Bu gün televizorun önündən ayrılmayan, 27 ildən sonra Cəbrayılın Balyat kəndində yurd yerini görmək üçün Uca Tanrıdan möhlət diləyən 96 yaşlı anamın da duaları sizinlədir, Cənab Prezident!..
Siz Azərbaycan millətinə ikinci nəfəs verirsiniz. Qələbədən sonra dünyanın ən qədim bu xalqı ilə Siz hələ çox böyük uğurlara imza atacaqsınız, çox uca zirvələri fəth edəcəksiniz.

Fazil Güney (Abbasov)
yazıçı, əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru,
“AssA-İradə İA-nın, “Azeri Observer” jurnalının baş direktoru,
İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !