ATƏT Minsk qrupu həmsədrlərinin sərt reaksiyasına ümid edirik - -13 dinc sakin, o cümlədən iki uşaq həlak olub

“ATƏT Minsk qrupu həmsədrlərinin sərt reaksiyasına ümid edirik” -13 dinc sakin, o cümlədən iki uşaq həlak olub

 Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın TV9 telekanalının canlı efirində Hindistan ictimaiyyətini Gəncə şəhərinə raket zərbəsi endirmiş Ermənistan rəhbərliyinin növbəti hərbi cinayəti barədə məlumatlandırıb.

 

E.Əmirbəyov bildirib ki, "Elbrus" və "Toçka U" raket zərbələri nəticəində 13 dinc sakin, o cümlədən iki uşaq həlak olub, 40-dan çox sakin yaralanıb:

"Özü özünü küncə sıxışdırmış Yerevandakı cinayətkar rejim öz işğalçı ordusunun döyüş meydanında məruz qaldığı ardıcıl məğlubiyyətlər qarşısında növbəti dəfə yatmış dinc sakinlərə əl qaldırdı və bununla da öz uğursuz hərbi avantürasını günahsız mülki əhaliyə hücumla ört-basdır etmək istədi".

 

Bu hücumun Gəncəyə və digər iri şəhər olan Mingəçevirə dördüncü raket hücumu olduğunu deyən Birinci vitse-prezidentin köməkçisi bildirib ki, bu, Ermənistan rəhbərliyinin çarəsizliyinin sübutudur:

"Münaqişənin dinc yolla tənzimlənməsini qəbul etməyən və humanitar atəşkəs haqqında Moskva razılaşmasını kobud şəkildə pozan Ermənistan növbəti dəfə dünya ictimaiyyətinə qarşı çıxır. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinin bəşəriyyətə qarşı cinayət olan bu raket hücumları ilə bağlı sərt reaksiyasına ümid edirik".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !