MÜZƏFFƏRİ HƏQİQİ ÇİNGİZ : - ŞİMALİ AZƏRBAYCAN?

MÜZƏFFƏRİ HƏQİQİ ÇİNGİZ : ŞİMALİ AZƏRBAYCAN?

Dünyamızda mövcud olan 5500-dən artıq etnosu təqribən 200 dövlət təmsil edir. Turan üçün Ermənistanı və ərəblərçün İsraili yaratdıqdan sonra, Sudanın cənubunda Afrika xalqları üçün törədilmiş bir xristian dövlət - körpə təpəgözcük böyüməkdədir. Qərbin bir bic balası da, İraqda dünyaya gəlməkdədir: kürd dövləti.
Dövlətlər və millətlər insanlara bənzədiklərindən onların da, tale yazısı olduğuna inanıram. Uca Tanrı bütün yaradılmışlara çəkə biləcəyi qədər yük verir.Dünyada olan millətlər arasında bütün parametrlərə görə ilk onluğa daxil olan, beş minillik dövlətçilik tarixini ortaya qoymuş Azərbaycan türkləri incəsənət, elm, ədəbiyyat və neçə-neçə sahələrdə qibtə ediləcək qədər nailiyyətlərə sahib olsalar da, siyasi cəhətdən onlarla hissələrə parçalanmış Vətəndə yaşayırlar və deməli bu da, yenidən yazılmalı olan bir tale yazısıdır.
Mövcud olan bütün dövlətlərin şimalı, cənubu, qərbi və şərqi vardır.Azərbaycan üçün qəbuledilməz gerçəklik budur ki, bizim coğrafi cəhətlərimiz tikanlı məftillərlə sərhədlənmişdir.Belə ki, Azərbaycanın şimalı dedikdə Azərbaycan Respublikası, cənubu dedikdə Araz çayının o tayında qalmış azı 6 yerə parçalanmış Vətən torpaqları göz önündə canlanır. Qərbi Azərbaycan dedikdə ermənilərin yamandığı ərazilər, gürcülərdə qalmış Azərbaycan torpaqları anlamına gəlir. Yaxşı ki, şərqimiz Xəzər dənizidir.Yeri gəlmişkən Xəzərin Azərbaycan sektoru 80 min kvadrat kilometrdir.Bu da Uca Yaradanın bizlərə olan bir lütfüdür. Fars bu dənizin adını farslaşdıraraq, “Mazandaran dənizi” adlandırır.
Azərbaycan milləti günümüzdə kiril, latın, gürcü, ərəb, fars əlifbalarından istifadə etməyə məcburdur. Qismətə bax ki, Urmiya və Göyçə göllərinin də, ixtiyarı bizi sevməyənlərin əllərindədir. Cənubi Azərbaycan ərazilərində dünyanın toxunulmamış ən böyük neft-qaz yataqlarının olması səbəbindən dünya güclərinin bu yerləri rahat buraxacağını düşünmək sadəlövhlük olardı.
Dəfələrlə olduğu kimi aldanmamalıyıq. Gülüstanda, Türkmənçayda, Səttarxan, Xiyabani, AXC, Azərbaycan SSR, Pişəvəri, 1979-cu ildə İslam inqilabı, İran-İraq müharibəsi dönəmlıərində aldandıqlarımız yetər.XX əsrdə üç milyonadək Azərbaycan övladı müxtəlif siyasi avantyraların qurbanları kimi şəhid olmuşlar.
Əcdadlarının qəbirləri bir Vətəndə, ancaq müxtəlif dövlətlərdə olan, S.C. Pişəvərinin fədaisinin ailəsində dünyaya göz açmış bir Azərbaycan türkü kimi tikanlı sərhəd məftillərini öz ruhumda və canımda hiss etməyə bilmirəm.Yeraz, Qərbi azərbaycanlı, gürcüstanlı, ermənistanlı, demokrat, həmşəri, iranlı adları heç də, bəxtəvərlikdən xəbər vermir. Hər bir millət Vətən torpağından yarandığı və yenidən həmin torpağa qarışdığı üçün Vətən və Vətəndaş bir tamın hissələridirlər. Biz hər dəfə aldandıqca, tarixi Vətənimiz kiçilməsə də, tikanlı məftillər onun sinəsinə yeni-yeni qanlı şırımlar salmaqda, sərhəd dirəkləri zəhərli oxlar kimi onun köksünə sancılmaqda davam edir.
Bu günlərdə Milli Məclisdə Azərbaycan Respublikasının adına “Şimali” sözünün əlavə edilməsi təklifləri səsləndirildi. İndi dövlətimizin adını “Şimali Azərbaycan Respublikası” kimi yazsaq, gələcəkdə labüd olan böyük birləşmələrdən sonra yenidən “Azərbaycan Respublikası” adına qayıtmalı olacağıq.Unutmayaq ki, AXC yaradılanda cənub qonşumuz bu ada etiraz etmişdi. İranın bu dəfə də, narazılığını bildirəcəyini gözləmək olar. İranda olduğumuz vaxtlarda oradakı soydaşlarımızın Azərbaycan Respublikasını birmənalı olaraq, özlərininki saydıqlarının şahidi olmuşam. Dövlətimizin adına “Şimali” sözünü əvəz etməklə biz özümüzü sanki, onlardan ayırmış olarıq. Onlar indi də, əski əlifba ilə yazırlar. Əlifbamızın dəyişilməsi zamanı da, biz cənubdakı soydaşlarımızı düşünməmişdik. Ərazilərimizin və əhalimizin dörddə üçünün cənubda olması danılmaz faktdır. Əgər Azərbaycanın əhali və ərazisinin dörddə biri şimalda yerləşirsə və bizlər 30 milyonluq soydaşlarımızla birlikdən danışırıqsa, farsbaşlılar da, şimalın cənubu deyil, cənubun şimalı birləşdirməli olduğundan dəm vururlar.
İranın zəngin təbii sərvətləri dünya yırtıcılarının yuxusunu qaçırdığından “keçi suyu bulandırdı məsəliylə” bu müsəlman ölkəsini də, xıxırtmaq istəyirlər. İran, nə İraq, nə də, Əfqanısatan olmadığından bu işğalı reallaşdırmaq üçün baş sındırırlar. Bir baxın İran nüvə silahı yaratmaq planlarıyla suçlanır. Sözün əsil mənasında “cırtdan” İsrail isə, nəinki İrana, hətta bütün müsəlman dünyasına nüvə silahıyla meydan oxuyur.Böhrandan başını itirmiş Qərb isə, qışıın oğlan çağında İranı neft embarqosu ilə hədələyir.
Bu yaxınlarda telekanalların birində aparıcımız yəhudi dövlət təmsilçisinə İsrailin nüvə silahı haqqında sual verdi. Cavabı çox maraqlı oldu. O dedi ki, bir var silah polisin əlində, bir də, var quldurun əlində olsun. Belə başa düşdüm ki, kim kütləvi qırğın silahlarına vaxtında yiyələnə bilibsə, o polisdir, sonradan yiyələnməyə çalışanlar isə, quldurdurlar. Məntiqinzə heyran olmamaq olmur, özünü “dünya polisi” təyin eləmiş demokrayiya aşiqləri!
Hələ SSRİ dönəmində siyasətçilər üçüncü dünya müharibəsinin İranla əlaqədar başlayacağını yazırdılar. Ancaq unutmayaq ki, A.Eynşteyn 4-cü dünya müharibəsinin ox-yayla başlayacağını demişdi.
Bizə aid olan odur ki, biz də, bu dünyanın bir parçasıyıq. Bütün hallarada cənub qonşumuzu və dünyamızı bürüyə biləcək müharibə alovlarının bizlərdən yan keçəcəyini düşünmək çox çətindir. Bizim milli problemlərimizdən istifadə edrək, Azərbaycan türklərinin əliylə cənubdakı rejimi devirməiyi planlaşdıranların istədiklərinə çatıqdan sonra, bizlərin milli problemlərini unudacaqlarını düşünürəm. Müqayisədə sahəsi bir ovuc olan Qarabağın Azərbaycanla bütövləşməsini istəməyən Qərbin, güclü, birləşmiş Azərbaycan yaradılmasına yol verəcəyinə qətiyyən inanmıram. Təbii ki, biz milli problemlərimizin həllinə çalışmalıyıq. Millətimizin tamlaşma probleminin həlli uğrundakı mübarizəsindən yabançıların istifadə etməsinə yol verməməliyik. Əsrlər boyu Qərb “ilanı Seyid Əhmədin əliylə tutmaq” sahəsində çox ustalaşmışdır. Mümkün olsa, İrana da İraq taleyini yaşadacaqları qənaətinəyəm. Cənubdakı milyonlarla soydaşlarımızın ərəblər kimi acınacaqlı hala düşmələrinə biganə qala bilərikmi? Rusiya və Çin də, İrandan sonra növbənin onlara çatacağını bilməmiş deyillər. İranın viran olunmasından sonra qardaşımız, ümid yerimiz olan Türkiyənin də, Qərb üçün əhəmiyyətsiz olacağını düşünmək olar. Axı Qərb Kipr, erməni, kürd problemlərini gündəmdən düşməyə qoymur. Avropanın aparıcı dövlətlərindən olan Fransanın Türkiyəyə münasibəti də, belə düşünməyə əsas verir. Hələlik isə, bəşərin tarixi ilə yaşıd olan, min dəfələrlə sınanmış “parçala hökm sür” siyasətinin çox ciddi şəkildə yeridildiyini müşahidə etmək mümkündür.
Və son olaraq, Azərbaycan Respublikası dünyada yaşayan 50 milyonluq Azərbaycan türkünün və xalqının dövləti sayıldığndan onun adına “Şimali” sözünün artırılmasının səs-küyünün çox, faydasının isə, cüzi olacağı qənaətindəyəm.

Müzəffəri-H.Ç. Sumqayıt ş.
06.02.2012-ci il.

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!