gənc rəssam Nəzrin Əliyevanın yaradıcılığı -

gənc rəssam Nəzrin Əliyevanın yaradıcılığı

İçərişəhərdə yerləşən “ Abşeron “ Rəsm Qalereyası baharın ilk sərgisini gənc rəssam Nəzrin Əliyevanın yaradıcılığına həsr etmişdir. Fərdi sərginin açılış mərasimi 23 mart 2012-ci il tarixidə, saat 15 : 00 – da başlanır, sərgi özü isə martın 27-nə kimi davam edəcəkdir.
Nəzrin Əliyeva 1997 – ci ildə, Bakıda anadan olmuşdur. “ Ankara məktəbi “ lıseyində təhsil alır. Rəssamlığın sirrlərinə rəngkar Evelina Əliyevanın emalatxanasında yiyələnir. Təsviri sənətlə erkən yaşlarından maraqlanır , respublikanın uşaq və yeniyetmə sərgilərində iştirak edir. Onun yaradıcılığına “ Abşeron “ Rəsm Qalereyasının bu yaxınlarda nəşr etdirdiyi “ Azərbaycanın uşaq təsviri sənəti ” kitabında da yer ayrılmışdır. Təqdim etdiyimiz sərgi Nəzrinin sənətsevərlərə ilk fərdi yaradıcılıq hesabatıdır.
Sərginin ekspozisiyasında N. Əliyevanın 48 əsəri yer almışdır. Onların əksəriyyəti rəngkarlıq nümunələridir. Lakin tablolarla bərabər qrafik və tətbiqi sənət nümunələri də vardır. Nəzrin Əliyeva portret , natürmort, mənzərə janırlarına və çoxfiqurlu kompozisiyalara maraq göstərir.
Portret janrında çəkilmiş kompozisiyalar sırasında “ Nənəmin portreti “, “ Güzgü qarşısında “, “ Od gəlini “, “ Flora “ tabloları diqqət cəlb edir. Mənzərə tablolarında Nəzrin həm gördüyü (“ Şəfəq “,“ Ailə dəniz sahilində“, “ Yeni həyat “), həm də bədii təxəyyülün məhsulu olan mənzərələri fırçaya alır ( “ Karib adaları “, “ Fazenda “, “ Liman “).
Natürmortlar sırasında isə “ İris gülləri “, “ Skripka “, “ Meyvə və çiçəklərlə natürmort “ , “ Zanbaqlar “ , “ Yasəmən “ diqqəti çəkir. Nəzrin gəncliyə xas olan romantik mövzulara tez-tez müraciət edir. Salvador Dalinin motivləri əsasında çəkilmış “ Şam kimi “ kompozisiyası, habelə “ Venesiya maskası” ,” İntizar “, “ Göz yaşları və gülüş “ kompozisiyaları bu qəbildəndir.
Nəzrin Əliyevanın keramik və şüşə qablar üzərində akrillə işlədiyi kompozisiyalar da müəllifin təsviri və tətbiqi incəsənətə heç də ötəri olmayan marağından xəbər verir. Sizi gənc rəssamın yaradıcılıq dünyasına dəvət edirik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !