gənc fotoqraf-rəssamın Əhalinin qeydiyyata alınması art-layihəsi:Sitara Ibrahimovanın sərgisi -

gənc fotoqraf-rəssamın “Əhalinin qeydiyyata alınması” art-layihəsi:Sitara Ibrahimovanın sərgisi

Martın 23-də Dənizkənarı Milli Parkda müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində gənc fotoqraf-rəssam Sitarə İbrahimovanın “Əhalinin qeydiyyata alınması” art-layihəsi təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, art-layihənin janrını vaxtı uzadılmış foto-performans kimi təyin etmək olar. Layihə çərçivəsində bayram və ya istirahət günlərində (daha çox insanları cəlb etmək məqsədilə) şəhərin küçələrində studiya mühitinin yaradılması nəzərdə tutulur. Çox güman ki, çəkiliş bir neçə gün ərzində dənizkənarı bulvarın 2-3 canlı nöqtəsində aparılacaqdır.
Bulvarın seçilməsində məqsəd yüz ildən artıq Bakı ailələrində mövcud əski ənənəni yenidən dirçəltməkdir. Ənənənin məğzi fotoqrafiya sənətinin köməyi ilə uşaqlıqdan yeniyetmə dövrünə qədər Bakı şəhərinin əlamətdar yeri olan bulvarda ailə albomu üçün insan obrazını fiksasiya etməkdən ibarət idi. Bir çox illər ərzində çəkilmiş və şəxsiyyətin təşəkkülünü izləyən fotolara baxarkən, bakılılar sanki özəl yaddaşlarına qərq olur, xatirələrini canlandırır və beləliklə, keçmişlərini, soylarını unutmurdular.
Şərti desək, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının üzvü, fotoqraf və kinematoqraf Aleksandr Mişon tərəfindən özülü qoyulmuş ənənə bu gün də aktuallığını itirmir.
Təbii ki, ən yeni texnologiyalar dövrü müsbət nəticələrini verməkdədir. Fotoqrafiya prosesinin, əl üsulu ilə neqativin aydınlaşdırılması və çap edilməsinin zəhmətli və ağır olması hamıya məlumdur. İndi bütün bu texnoloji mərhələlər çox asanlaşmışdır. Bu və ya digər səviyyədə keyfiyyətli fotoşəkil çəkməyi indi nəinki peşəkar, hətta bu sənətin coşqun həvəskarı da bacarır. Bundan başqa, XXI əsr fotoqrafiya dünyasının texniki innovasiyaları retro dövrün yenidən bərpasına imkan yaradır, indiki dövrü isə çoxşaxəli və mobil təqdim edir.
Müasir dövrdə bütün ailə albomu ayrıca bir telefona yerləşir. Layihə müəllifinin fikrincə, texniki tərəqqi nə cür olursa olsun, bütün bu işdə üstünlük məhz insan faktoruna verilməlidir. Axı ailə albomunun məqsədi ailə münasibətlərinin möhkəmlənməsinə yardım edən, necə deyərlər, “humanist artefakt”dır.
Sitarə İbrahimova Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil almış (2004), daha sonra Praqa şəhərindəki Famu Universitetində fotoqrafiya ixtisasını üzrə oxumuşdur (2010). Əsərləri Avropada və Yaxın Şərqdə geniş nümayiş etdirilmişdir. Onun portret obrazları Azərbaycan mədəniyyətində müasirliyin və ənənənin vəhdətini təcəssüm etdirir.
Tarixə nəzər yetirsək, görərik ki, keçən əsrin 20-ci illərinə qədər fotoşəkillərdə əks olunmuş bakılıların kostyum və geyim üslubunda Şərq və Qərbin qəribə sintezi izlənilir. O illərin Jorj, Kokovixin, “Rembrant”, “İngilis fotoqrafiyası” fotostudiyaları həm şəhərin çox tanınmış və hörmətli insanlarının, həm də sadə, maraqlı və xarakterli tipajların şəkillərində qiymətsiz miras qoymuşlar. Geyimlərə, anturaja, bəzən şəkil çəkdirənlərin məğrur görünüşünə görə nəticə çıxarmaq olar ki, o vaxtlar fotostudiyada şəkil çəkdirmək şəhər əhli üçün çox ciddi və məsul iş olmuşdur.
Qadın-fotoqraf İ.Germanoviç tərəfindən çəkilmiş şəhər həyatı mənzərələrinin çəkilişində maraqlı xarakter və tipajların təbəqəsi göz qabağına gəlir. Neqativləri şüşəli plastinkalarda düzəldilmiş ağ-qara şəkillərin qəribə keyfiyyəti və təravəti təsirliyi ilə müasir rəqəmli şəkillərdən heç də geri qalmır. Keçən əsrin 20-ci illərinə qədər şəkilləri xarakterizə edən bir təfərrüat da var: insanların üzündə oxunan sakitlik, sabitlik və rifah.
Sonrakı onilliklərdə daha çox maraq Breqadzenin, Çuprikovanın, Kakininanın və xüsusən vaxtı ilə ümummilli liderimiz Heydər Əliyevin şəxsi fotoqrafı olan və Azərbaycan elm və incəsənətinin görkəmli nümayəndələrinin portret qalereyasının əsasını qoymuş İsay Rubençikovun çəkdiyi şəkillərdədir.
Qeyd edək ki, “012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !