Moskvada rəssam Məryəm Ələkbərlinin Novruz yeni gündür adlı sərgisi açılmışdır -

Moskvada rəssam Məryəm Ələkbərlinin “Novruz yeni gündür” adlı sərgisi açılmışdır

Moskva Müasir İncəsənət Muzeyində gənc və istedadlı Azərbaycan rəssamı Məryəm Ələkbərlinin “Novruz yeni gündür” adlı sərgisi açılmışdır. Ekspozisiya Moskva Hökuməti, Moskva şəhər Mədəniyyət Departamenti və Moskva Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilmişdir. Sərgidə rəssamın son üç ildə müxtəlif texnikadan istifadə edərək portret, natürmort, mənzərə janrlarında çəkdiyi 80-dən çox əsəri nümayiş etdirilir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılışını Rusiyanın və Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisə adlandıraraq demişdir: “Məryəm öz istedadı ilə bu gün bir çoxları üçün – həm özü, həm də əsərlərinə tamaşa edənlər üçün yeni dünya açmışdır. Onun əsərləri güclü daxili ekspressiya, rəng duyumu ilə təəccübləndirir, insan təxəyyülünü heyran qoyur. Onun minnətdarlıq dolu ən səmimi sözlərə layiq olan valideynlərinin bu məsələdə şəksiz böyük rolu vardır”.
Sərginin kuratoru, tanınmış sənətşünas, Moskva Foto Evinin banisi və direktoru Olqa Sviblova Məryəm Ələkbərlinin qeyri-adi yaradıcılığını yüksək qiymətləndirmişdir. Onun sözlərinə görə, Məryəm Ələkbərlinin əsərlərinin gözqamaşdırıcı parlaqlığına, gənc rəssamın əsərlərinin ətrafa saçdığı daxili hərarətə heyrandır: “İncəsənət, həyatımızdakı hər bir problemə qalib gəlməyə kömək edir. Mən güclü energetikası olan bu əsərlərə həqiqətən məftunam. Mən, həmçinin Məryəmi böyük sevgi ilə əhatə etmiş valideynlərinə minnətdaram”. Sənətşünas xüsusi vurğulamışdır ki, Məryəmin yaradıcılığı ilə təsadüfən tanış olmuşdur və belə düşünmüşdür ki, bu əsərlər rus, alman və ya fransız avanqardına məxsus böyük rəssamların fırçasının məhsuludur. O demişdir: “Elə təəssürat yaranır ki, onun əsərləri sanki alışıb-yanır, onlardan ətrafa hərarət yayılır. Məryəmin əsərləri elə bir enerji saçırdı ki, özümə yer tapa bilmirdim. Mən bu əsərlərin sehrinə düşmüşdüm”.
Məryəm Ələkbərlinin artıq püxtələşmiş rəssam, burada nümayiş etdirilən əsərlərin isə özlüyündə qiymətli olduğunu xüsusi vurğulayan sənətşünas demişdir: “Mən bu gün Məryəmin öz səhifəsini açdığı milli mədəniyyəti təbrik edirəm”.
Məryəmin üslubunu məşhur rəssam Matislə müqayisə edən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan rəssamının istedadına valeh olduğunu bildirmişdir. Onun sözlərinə görə, Məryəmin formaları ümumiləşdirmək kimi nadir istedadı vardır: “O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu bacarır”. Məryəmin əsərləri o dərəcədə onu ruhlandırmışdır ki, Sereteli Fransa və ABŞ-da onun sərgisinin keçirilməsini, habelə ona Əməkdar Rəssam adının verilməsini təklif etmişdir.
Z.Sereteli demişdir: “Məryəm rəssamlıqda nadir hadisədir. O, artıq əsl rəssamdır. Məryəm kimi istedadlı insanların olması Azərbaycan dövləti üçün böyük sevincdir. O, haqlı olaraq bütün mükafatlara layiqdir”.
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, istedadlı rəssam Məryəm Ələkbərlinin əsərləri ilə tanış olanda biz parlaq, fərdi və nadir sənətdən zövq alırıq: “Məryəmin valideynləri Oqtay bəy və Fatma xanım Abdullazadələr dünyaya xüsusi həssaslıq və nəzakətlə yanaşan qeyri-adi ziyalı azərbaycanlı ailəsidir. Biz dünyanın zənginliyi hissini Məryəmin əsərlərində aşkar edirik ki, bu da bizi yaxşı mənada təəccübləndirir. O, geniş ürəyə, heyrətamiz intuisiyaya, təsirli forma hissinə malikdir”.
Rəssamın anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə sərginin təşkilatçılarına, belə bir sərginin Moskvada təşkil edilməsində böyük zəhməti olan şəxslərə minnətdarlığını bildirərək demişdir: “Məryəm yalnız və yalnız indiyədək əhatə olunduğu sevgi sayəsində Məryəm ola bilmişdir. Ətrafında sevgi və ona heyranlıqla baxan baxışlar nə qədər çox olsa, o, bir o qədər çox və yaxşı əsərlər yaradacaqdır. O, sevgimizi toplayaraq bizə iki qatını qaytarmaq kimi fantastik bir bacarığa malikdir. Dünyamız da belə bir münasibətdən gözəlləşəcək, xoşbəxt və xeyirxah olacaqdır”. O, sərginin kuratoru Olqa Sviblovaya, səfir Polad Bülbüloğluna, Azərbaycanın RF-dəki səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundovaya, “Baku” jurnalına, sərgidə iştirak edən İnna Kostinanın şəxsində Məryəmin bütün müəllimlərinə xüsusi minnətdarlığını bildirmişdir.
Sənətşünas Olqa Sviblova hesab edir ki, böyük rus yazıçısı Fyodor Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” frazası az qala 150 ildir ki, öz aktuallığını itirmir. Məryəm Ələkbərliyə gəldikdə isə bu sözlər həm onun yaradıcılığına, həm də onun həyata münasibətinə görə yada düşür. Məryəmin albomunu ələ götürəndə ondan ayrılmaq olmur. Sənətşünas demişdir: “Bu kitab müəllifə və onun toxunduğu hər şeyə xas olan son dərəcə müsbət enerji ilə insanı cəlb edir. Onun əsərlərinə tamaşa edəndə impressionizmdən tutmuş rus və Avropa avanqardınadək, neoprimitivdən tutmuş abstraksiyayadək incəsənət tarixinə səyahət etməklə yanaşı başa düşürsən ki, bu tamamilə fərdi dünyadır. Bir neçə illik yaradıcılığı ərzində Məryəmin müraciət etdiyi bu dünyanın öz mövzuları vardır”.
O.Sviblovanın fikrincə, onun nadir və yalnız özünəməxsus plastikası emosional vəziyyətin son dərəcə ifadəli artikulyasiyası ilə ovsunlayır. Məryəmin öz əsərlərinə verdiyi adlar son dərəcə təsirli və dəqiqdir: “Qırmızı fonda kədərli kenquru”, “Tənha inək”, “Zalım timsah”, “Şən şir”...
Sənətşünas demişdir: “Rəssamların çoxu bu sənətə yiyələnərək və qarşısına peşəkar karyeraya nail olmaq məqsədi qoyaraq incəsənətə gəlirlər. Məryəm isə sənətlə və sənətdə yaşayır, özünü onun vasitəsilə açır və onu dünya ilə kommunikasiyasının əsas vasitəsinə çevirir. Ola bilsin, buna görə onun bədii mesajı belə güclü və inandırıcıdır.
Adama elə gəlir ki, onun rəng və kompozisiya duyğusu vergidir. Lakin ilk növbədə onun öz əsərlərində nümayiş etdirdiyi azadlıq heyrətləndirir. Bu azadlıq dünyaya, insanlara və onun özünə olan böyük etimada söykənir. Məryəmin bədii dünyası sürətlə inkişaf edir. Bu, təkcə yeni mövzu və süjetlərin ortaya çıxması deyil, həm də peşəkarlığı artırmaq, yeni texnikalardan istifadə etmək və digər formatlara çıxmaqdır. Fransa muzeylərində tanış olduğu böyük ustadların sənəti də təbiət və evində əhatə olunduğu maddi dünya qədər onun üçün ilham mənbəyinə çevrilir. “Qogenin qızı”, “Frida”, “Çəhrayı rəqs” və s. əsərlər belə yaranmışdır. Məryəmin cəmi 21 yaşı var. Onun qeyri-adi işləmək bacarığı və yaradıcılıq enerjisi bundan sonra da bizə yeni bədii kəşflər vəd edir, həyat yolu isə nəinki təkcə bir xromosomu artıq olan özü kimi insanların, həm də bizim hamımızın yaşamasına və xoşbəxt olmasına ümid verir.”
Qeyd edək ki, Məryəm dünyanı qəlbi ilə duyur, onun əsərləri ruhu qidalandırır. Onun əsərləri sərgiyə gələnləri heyran etmişdir. Onlar bildirmişlər ki, insanla qeyri-verbal səviyyədə danışan bu əsərlərdən gözünü çəkmək mümkün deyildir. Daun sindromundan əziyyət çəkən uşaqlarla işləyən tanınmış Rusiya rəssamı və fotoqrafı Vladimir Mişutin demişdir: “Mən Məryəmin istedadına valeh olmuşam, hesab edirəm ki, o, müasir təsviri sənətdə əsl hadisədir”. Məryəmin öz daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək, forma və rənglərlə cəsarətlə işləyərək, parlaq, ahəngdar və təhlükəsiz bir dünya yaratmaq bacarığı sərgiyə gələnləri valeh etmişdir. Onun bir çox əsərləri uşaq kimi həssas və pakdır. Görünür, “paklıq” sözü rəssamın bu sözün hər bir mənasında nadir olan yaradıcılığına uyğun gələn ən münasib epitetdir.
Qeyd edək ki, Moskva Müasir İncəsənət Muzeyində sərgi aprelin 8-dək davam edəcəkdir, martın 30-da isə Məryəm Ələkbərlinin albomunun təqdimatı olacaqdır.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !