Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanmışlar -

Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanmışlar

20-24 aprel 2012-ci il tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer-bizim ümumi evimizdir” (Земля - наш общий дом”) adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilmişdir. Sözügedən festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil etmişdir.
On ölkənin (Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsil olunduğu və min nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “xoreoqrafiya”, “xor oxuma” ,“instrumental musiqi” və “folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilmişdir.
Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülmüşdür. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilmişdir.
Festival günlərində “Aysel” uşaq rəqs kollektivinin üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanmışlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !