Azərbaycanın 11 yaşlı vokalçısı Uşaq yeni dalğa-2012 Beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanmışdır -

Azərbaycanın 11 yaşlı vokalçısı “Uşaq yeni dalğa-2012” Beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanmışdır

Azərbaycanın istedadlı övladı, çoxsaylı beynəlxalq musiqi yarışmalarının qalibi 11 yaşlı Yasin Həsənov “Buta” İncəsənət Mərkəzinin dəstəyi ilə Azərbaycanı Ukraynada keçiriləcək gənc ifaçıların populyar “Uşaq yeni dalğa-2012” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.
“Buta” İncəsənət Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Yasin Həsənov 100-ə qədər iştirakçının qatıldığı müsabiqənin ilkin seçim turundan uğurla keçərək yalnız 25 nəfərin qaldığı yarımfinala vəsiqə əldə etmişdir. Aprel ayında Moskva şəhərində keçirilən yarımfinalda isə iştirakçılardan cəmi 15 nəfəri seçilərək finala qatılmaq imkanı əldə etmişdir.
Yasin Həsənov müsabiqənin yarımfinalında Müslüm Maqomayevin “Azərbaycan” və Mario Lansın “Qranada” mahnılarını məharətlə ifa edərək görkəmli bəstəkar İqor Krutoy və digər tanınmış musiqi xadimlərinin daxil olduqları münsiflər heyətinin, həmçinin tamaşaçıların rəğbətini qazanmışdır. Gözəl ifası və istedadına görə münsiflər heyətinin üzvləri ona dövrümüzün “Bülbülü” adını vermişlər.
Azərbaycanın balaca istedadının da iştirak edəcəyi yarışmanın “Uşaq yeni dalğa-2012” Beynəlxalq mahnı müsabiqəsi adlanan final mərhələsi bu il avqustun 15-də Krımdakı məşhur “Artek” Mərkəzində keçiriləcəkdir. Finalda qalib yerli və xarici müğənnilərdən, prodüser və əcnəbi musiqi şirkətlərinin nümayəndələrindən ibarət olan Beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcəkdir.
On bir yaşlı Y.Həsənovun Ukraynada da qalib adını qazanacağına əminik. Balaca istedadın indiyədək əldə etdiyi uğurlar belə qənaətə gəlməyə əsas verir. Yaşının azlığına baxmayaraq, artıq dünyada tanınan Yasin Həsənov 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin vokal şöbəsində təhsilini davam etdirən Yasin indiyədək bir sıra uğurlara imza atmışdır. Balaca ifaçı Sankt-Peterburqda keçirilən “Prazdnik detstva” Beynəlxalq uşaq musiqi müsabiqəsində 27 ölkənin yüzlərlə nümayəndəsi arasında qalib adını qazanaraq yarışmanın “Qran-pri” mükafatına layiq görülmüşdür.
O, həmçinin Belarusda reallaşmış “Zemlya pod belimi krilyami” Beynəlxalq vokal, Rumıniyada baş tutmuş “Ti Amo” Beynəlxalq mahnı müsabiqələrində “Qran-pri”lərə sahib olmuşdur. Daha sonra isə balaca vokalçımız Belarusda keçirilən “Zolotaya pçolka” və “Slavyanskiy bazar” Beynəlxalq müsabiqələrində ikinci nəticə göstərərək xüsusi mükafat almışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !