"Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri adlı Beynəlxalq Bakı Konfransı -

"Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı

2012, 27 aprel, saat 09.30, Excelsior Bakı mehmanxanasında (Ünvan: Heydər Əliyev prospekti,2)
Xəbər verdiyimiz kimi cari ilin 25-29 aprel tarixlərində Respublikamızın paytaxtı Bakı şəhəri daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan Mədəni mülkiyyətin mühafizəsinin və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və tarixi yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı keçiriləcəkdir. Bakı konfransı, YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan və YUNESKO-nun Ümumdünya İrs Obyektlərinin yerləşdiyi tarixi şəhərlərdə urbanizasiya proseslərinin şəhərlərin tarixən formalaşmış landşaftlarına təsirlərini araşdırmağa çalışacaqdır.
Geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş tədbirdə mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu elm adamlarının, ekspert və siyasətçilərin iştirakı nəzərdə tutulmuşdur.
Konfransda iştirak etmək məqsədilə irsin idarə edilməsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu təşkilatları olan Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) Baş direktoru cənab Stefano De Karo, Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) Prezidenti cənab Qustavo Araoz, Romualdo del Bianko Fondunun Prezidenti cənab Paolo Del Bianko və İtaliya, Fransa, Çexiya, Portuqaliya, Polşa, Almaniya, ABŞ, Kanada, Braziliya, Meksika, Çin, Yaponiya, İsveç, İsrail və digər dövlətlərin Milli İCOMOS Komitələrinin rəhbərləri ölkəmizdə səfərdədirlər.
Konfrans çərçivəsində 24 aprel tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dərəcə və ixtisas” Regional Tələbə festivalı və 25 aprel tarixində Azərbaycan Turizm İnstitutunda Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) sabiq baş direktoru, Romualdo del Bianko fondunun xarici əlaqələr üzrə koordinatoru cənab Mark Laenenın moderatorluğu ilə “Mədəni irs - davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilmişdir.
Konfransın təntənəli açılış mərasimi cari ilin 27 aprel tarixində saat 10.00-da Excelsior Bakı mehmanxanasında (Ünvan: Heydər Əliyev prospekti,2) baş tutacaq.Tədbirə qeydiyyat saat 09.15-dən 09.45-dək aparılacaqdır.
Beynəlxalq Bakı Konfransının işi 4 sessiya şəklində qurulacaq.
Tədbir çərçivəsində Ermənistan dövləti tərəfindən zəbt edilmiş mədəni irsimizlə bağlı fotosərgi nümayiş etdiriləcək. Sərginin bir qismi müasir dövrü əks etdirir və yeni əldə edilmiş fotoşəkillərdən ibarətdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !