Dənizkənarı Milli Parkda möhtəşəm şou keçirildi -

Dənizkənarı Milli Parkda möhtəşəm şou keçirildi

Eurovision Mahnı Müsabiqəsinin açılışına 21 gün qalmış Dənizkənarı Milli Parkda möhtəşəm şou keçirildi

Bu gün Bakı sakinləri Dənizkənarı Milli Parkda əyləncə dolu anlar yaşayıb. May ayının 22, 24 və 26-da keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsi ərəfəsində Bakıda "Ulduzlar Eurovisionu dəstəkləyir" konserti keçirilib. Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi Fan Klubunun təşəbbüsü ilə təşkil olunan konsertdə müğənni-bəstəkar Emin Ağalarov, Gürcüstanın Eurovision 2012 təmsilçisi Anri Joxadze, bu ölkənin Eurovision 2008-ci ildəki iştirakçısı Diana Qurtskaya, Ukraynalı müğənni Ani Lorak, Azərbaycanın Eurovision 2010 təmsilçisi Safura Əlizadə, Eurovision 2011-in qalibləri Eldar və Nigar çıxış edib.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin açılışı ərəfəsində keçirilən bu şouda çıxış edən hər bir kəs Azərbaycanın fərqli bir müsabiqəyə ev sahibliyi etdiyini bildirib və Bakının hər bir kəsdə xoş təəssüratlar yaradacağını vurğulayıb. "Bakını çox sevirəm, bu dəfə daha çox sevdim"-deyə Ukraynalı müğənni Ani Lorak bildirib. Gürcüstanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Anri Joxadze isə Bakının ürəyinin bir hissəsi olduğunu deyib.

Konsertdə çıxış edən Eurovision ulduzları hamını Bakıya - may ayında təşkil olunacaq unudulmaz müsabiqəyə səslədi.


eurovision.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !