Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənovun Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsi -

Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənovun Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsi

Aprelin 22-də Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənovun "Ankara həqiqətləri gördü" sərlövhəli müsahibəsi dərc edilmişdir.

Müsahibədə professor Əli Həsənov Ermənistan və Türkiyə arasında imzalanan protokollar, Azərbaycan-Türkiyə əlaqələri, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini qəzetin müxbiri Leyla Tavşanoğlu ilə bölüşmüşdür.

AzərTAc müsahibəni təqdim edir.

- Ermənistan ilə məlum sərhəd məsələsindən sonra Türkiyə-Azərbaycan əlaqələrində müəyyən qədər soyuqluq yaranmışdı. Azərbaycan "bir millət, iki dövlət" fəlsəfəsinə sadiq qalaraq Ankaranın Ermənistanla sərhədlərin açılması məsələsini özünə qarşı səhv addım kimi qiymətləndirdi. Bu gün əlaqələr nə vəziyyətdədir?

- O dövrdə yaşananlar Türkiyə ilə əlaqələrimizdə bir imtahan idi. Hər ikimiz də o imtahandan üzüağ çıxdıq. Türkiyə hökuməti də, Azərbaycan hökuməti də xalqlarımızın bizdən gözlədiklərini yerinə yetirdi. Xalqlarımız iki dövlətin kədərinin də, sevincinin də bir olduğuna inanır. Birimizin bir milyondan çox insanı pərişan bir vəziyyətdə yaşayarkən, o birinin həmin insanları pərişanlığa düçar edən dövlətlə əlaqələr qurması mümkün deyildir. Xalqlarımızın iradəsi belədir. Türkiyənin hörmətli Prezidenti və Baş nazirinin xalqın iradəsinə arxalanaraq sərhəd məsələsini birdəfəlik qapadıqlarına görə təşəkkür edirik. Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalını davam etdirir və sülhə gəlməyənədək Türkiyə də Ermənistan ilə sərhədlərini bağlı saxlamaqda davam edəcəkdir. Əslində sınağından çıxdığımız bu imtahan əlaqələrimizi daha da yaxşılaşdırmağa kömək etdi. Bu imtahanı keçdikdən sonra Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana daha çox etibar etməyə başladı. Ulu öndər Heydər Əliyevin dövründə başlanan əlaqələr və ikitərəfli layihələr olduğu kimi davam edir. Bu gün daha praqmatik bir vəziyyətə gəlmişik.

- Necə praqmatik?

- Azərbaycan bu gün Türkiyəyə böyük bir sərmayəçi dövlət olaraq gəlir. PETKİM-də ortaq işlərimiz vardır. Bizim SOCAR şirkəti Türkiyəyə böyük sərmayələr yatırır. On il ərzində biz Türkiyəyə on milyard dollardan çox sərmayə qoyacağıq. Sərmayə deyərkən biz bunlara sahiblənməyəcəyik. Türkiyədə on minlərlə yeni iş yeri açacağıq. Həmişə dostluqdan söhbət açılır, amma ortada bir iş görülməsə olmaz.

Bundan başqa, keçən il Azərbaycandan Türkiyəyə bir milyona qədər turist gəldi. Bunu da söyləməliyəm ki, azərbaycanlı turistlər Türkiyədə yaxşı pul xərcləyirlər. Bir də azərbaycanlı iş adamları Türkiyədə turizm obyektləri, otellər açırlar. Deyəcəyim odur ki, bugünkü əlaqələrimiz xalqlarımızın istəklərinə uyğun olaraq inkişaf edir.

- Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasından iyirmi ildən çox vaxt keçdi. Hələ də Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayon ilə bağlı məsələ həll olunmamışdır. Bundan sonra nələr baş verə bilər?

- Bu, əlbəttə, Azərbaycan hökumətinin iradəsindən kənarda inkişaf edir. 1991-1992-ci illərdə ermənilər bu torpaqları qonşu dövlətlərin köməyi ilə işğal etdilər. Həmin torpaqlarda etnik təmizləmə aparan ermənilər bir milyon azərbaycanlını ev-eşiklərindən qovdular.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu illərdir bu məsələni həll etməyə çalışır. Artıq status-kvoya son qoyulmalıdır. Artıq ermənilər torpaqlarımızın işğalını, bir milyondan çox soydaşımızı məcburi köçkünlüyə məhkum etməyi davam etdirə bilməzlər. Biz bu iradəni ortaya qoymuşuq. Ya Minsk qrupu sülh yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır, ya da biz o torpaqları müharibə yolu ilə azad edəcəyik.

- Türkiyə xüsusilə Qərb dünyasında davamlı olaraq "erməni soyqırımı" törətməkdə günahlandırılarkən ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımından bəhs edən yoxdur. Sizcə niyə?

- Türkiyə və Azərbaycanın qarşısında soyqırımı ilə bağlı iki problem vardır. Bu problemlərdən biri olmayan 1915-ci il soyqırımı çərçivəsində bütün dünyanın ermənilər tərəfindən ayağa qaldırılması və Türkiyənin təhdid edilməsidir. Hər il Türkiyə ilə Azərbaycan bu məsələ ilə bağlı ciddi mübarizə aparmalı olur. Bir də ermənilərin Xocalıda törətdikləri həqiqi soyqırımı mövcuddur. 1992-ci ildə azərbaycanlılara qarşı törədilən bu soyqırımının üzərindən 20 il keçdi, amma heç kimin səsi çıxmır. Ermənilər iyirmi il əvvəl bir Azərbaycan şəhərini yerlə yeksan etdilər, 600-dən çox azərbaycanlını öldürdülər. Real soyqırımı budur.

Bizim problemimiz ermənilər tərəfindən törədilmiş bu real soyqırımını dünyaya tanıtmaqdan ibarətdir. Həm Türkiyənin, həm də Azərbaycanın soyqırımla əlaqədar Ermənistan ilə problemləri vardır. Biz artıq bütün dünyaya ermənilərə qarşı tarixdə heç bir soyqırımı olmadığını, ermənilərin özlərinin törətdikləri soyqırımı həqiqətini qəbul etdirəcəyik. Əlbəttə, işimiz çətindir. Çünki ermənilərin dünyada güclü havadarları, böyük diasporları vardır. Xristian olduqları üçün onları dünyanın bütün böyük xristian dövlətləri dəstəkləyir.

Deyirlər ki, "Türkiyə Ermənistana qucaq açsa, onlar bu soyqırımı iddialarından imtina edərlər". Bu, heç vaxt olmayacaqdır. Çünki 70 il birlikdə yaşadığımız dövrdə biz azərbaycanlılar onlara nə yaxşılıqlar etmədik? Amma onlar bizimlə necə davrandılar? Fürsət tapan kimi bizə qarşı namərdlik etdilər. Torpaqlarımızı yenidən işğal etdilər. Ermənilər tarixdə bizə qarşı dörd dəfə soyqırımı törətmişlər.

- Bunu şərh edərsinizmi?

- Birincisi, XX əsrdən əvvəl olmuşdur. Sonra 1918-1920-ci ildə, 1948-1950-ci illərdə, son olaraq isə 1988-1992-ci illərdə baş vermişdir. Ermənilərin xisləti belədir. Fürsət tapdıqları zaman hər şey edə bilərlər. Mən bütün erməni xalqını nəzərdə tutmuram. Amma erməni siyasətçilər qonşularına qarşı həmişə namərdlik etmişlər.

- Ermənistanın Rusiyanın plasdarmı olması barədə nə deyərdiniz?

- Ermənistanın gələcəyi Rusiyaya bağlıdır. Rusiyanın orada strateji, geopolitik maraqları vardır. Ermənistan dövlətinin yaradılmasına çar I Pyotr strategiyası deyilir. Ermənistan kimi bir xristian dövləti qurub bölgə xalqı ilə münasibətləri davam etdirmişlər.

Hazırda Ermənistan dediyiniz kimi, Rusiyanın plasdarmıdır. Ermənistanın Rusiyasız müstəqil siyasət yürütməsi mümkün deyildir.

- Belə görünür ki, bundan sonra iki plasdarm olacaqdır. İkincisi Dağlıq Qarabağdır...

- Qarabağı biz heç kimə verməyəcəyik. Qarabağdakı ermənilər yaşamaq istəyirlərsə, heç kimin plasdarmı ola bilməzlər. Ya bizim vətəndaşlarımız olaraq qalarlar, ya da biz onlara plasdarm olmaq imkanı verməyəcəyik. Hazırda Dağlıq Qarabağ təpədən-dırnağadək ağır silahlarla təchiz olunmuş militarist bir bölgədir.

- Dağlıq Qarabağda öz müqəddəratını təyin etmək üçün referendum keçiriləcəyini deyirlər. Amma bu bölgənin azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətində ikən belə bir referendumun qanuni əsası necə ola bilər?

- Minsk qrupunun toplantılarında referendum mövzusu da müzakirə olunur. Amma bunun həyata keçirilməsindən əvvəl Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından çəkilməli, bu torpaqlar azad edilməlidir. Azərbaycanlı məcburi köçkünlər bu torpaqlara qayıtmalıdırlar. Ermənistan ilə Azərbaycan arasında sülh təmin olunmalıdır. Bundan əvvəl orada referendum keçirilə bilməz. Hazırda məsələnin bir nöqtəyə gəlməsinə mane olan tərəf Ermənistandır.

- Türkiyə ilə Azərbaycan arasında bir çox enerji layihəsi davam etdirilir. Bir də vaxtilə "Nabukko" adlı bir enerji layihəsi ortaya atıldı. Sonra da aradan qaldırıldı. "Nabukko"ya nə oldu?

- "Nabukko" Avropa İttifaqının Xəzərin təbii qazını Avropaya birbaşa olaraq nəql edilməsi layihəsidir. Bu, Azərbaycan, Türkmənistan, İraq və mümkün olsa İran qazını Avstriyadakı paylama nöqtəsindən Avropaya çatdıracaq alternativ layihədir.

- Yəni, Avropa ölkələrinin Rusiya qazının inhisarından çıxarılması məqsədini daşıyır?

- Hər halda belədir. Onsuz da "Nabukko"ya alternativ boru kəməri deyirlər. Bizim "Nabukko"ya nə həvəsimiz, nə də onun reallaşdırılmasına vəsait yatırmaq niyyətimiz vardır. "Nabukko"nun təşəbbüskarı olan Avropa İttifaqı bizim artıq qazımızı istədi. Amma hazırda bizim artıq qazımız yoxdur. Həqiqətən, "Nabukko"nun reallaşacağını bilsək, əlavə olaraq beş-altı quyu açarıq, onlara lazım olan qazı satarıq. Amma təkrar edirəm, "Nabukko"nun təşəbbüskarı Avropa İttifaqıdır. Bu boru kəmərini Azərbaycana qədər gətirsinlər, Türkmənistan qazını da təmin etsinlər. Amma Türkmənistan qazını Azərbaycana ancaq Rusiya gətirə bilər. Hazırda Azərbaycan beş ölkəyə təbii qaz satır. Bunlar Gürcüstan, Rusiya, İran, Türkiyə və Yunanıstandır. Bizim Türkiyə ilə imzalanmış "Transanadolu" boru kəməri müqaviləmiz vardır. Bunun mənası budur: Bakı-Ərzurumun nəql edə bilmədiyi təbii qazı biz Gürcüstan sərhədinə qədər gətiririk. Daha sonra boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Ədirnə sərhədinə qədər uzanır. Türkiyə ilə tranzit daşınmasına dair müqaviləmiz vardır. Artıq qazımızı Avropaya satırıq. Yeri gəlmişkən onu da deyim ki, Türkiyə bu gün ən ucuz qazı Azərbaycandan, ən baha qazı isə İrandan alır.

- Dünya qiymətlərinə görə, Türkiyə Azərbaycan qazını neçəyə alır?

- Dünya qiymətlərindən 50 faiz daha ucuz alır. Amma bu qazın hamısı deyildir. Türkiyə üçün müəyyən kvota vardır. Türkiyə bu kvotadan artıq qaz istəyərsə 30 faiz, daha çox istəyərsə 10 faiz daha ucuz qaz verə bilərik.

Biz artıq Türkiyədə PETKİM-i işlədirik. Türkiyə bizim qardaşımızdır. PETKİM-i işlətməklə Türkiyənin Azərbaycana vergi ödəməsinin qarşısını alırıq. Beləliklə də, Türkiyə büdcəsinə fayda veririk.

- Azərbaycan Türkiyənin qardaşı, strateji müttəfiqi olduğunu deyir, amma heç bir vəchlə Şimali Kipr Türk Respublikasını tanımır. Səbəb nədir?

- Şimali Kiprin tanınması bizim Türkiyə ilə qardaşlığımızdan asılı deyildir. Baxın, Qarabağ problemi vardır. Dağlıq Qarabağı dünyada heç kim tanımır. Amma biz sabah Şimali Kipri tanısaq, Ermənistanın müttəfiqləri də Dağlıq Qarabağı tanımağa başlayarlar.

Qarabağ problemi həll edilsə, bizim Şimali Kipr üçün çox şey etmək planlarımız vardır. Biz Türkiyədən sonra ən çox tələbə qrupumuzu Şimali Kiprə göndəririk. Türkiyədən sonra ən çox turistimiz Şimali Kiprə gedir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !