Uşak Universitetinin Sənət Qalereyasında Ağsu möcüzəsi adlı sərgi açılmışdır -

Uşak Universitetinin Sənət Qalereyasında “Ağsu möcüzəsi” adlı sərgi açılmışdır

3 may 2012-ci il tarixində Türkiyənin Uşak şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Uşak Universitetinin 2023 Təhsil İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Azərbaycanın Mədəni İrsi” elmi-praktik konfransı keçirilmiş, Uşak Universitetinin Sənət Qalereyasında “Ağsu möcüzəsi” adlı sərgi açılmışdır. “Ağsu möcüzəsi” sərgisinin rəsmi açılışını bildirən lenti Universitetin prorektoru Prof.Dr. Sayın Dalkıran, Uşak Bələdiyyəsinin sədr müavini Mustafa Gündüz və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova kəsmişdir. Sərginin açılışında Uşak Universitetinin rektoru Prof.Dr. Sait Çelik və digər rəsmi şəxslər, elm adamları, tələbələr iştirak etmişlər. Sərgidə Ağsu qazıntılarından görüntüləri, oradan tapılmış maddi-mədəniyyət nümunələrini əks etdirən fotolar, rəsm və heykəltəraşlıq işləri nümayiş etdirilmişdir. Böyük marağa səbəb olan sərgi 10 gün ərzində fəaliyyət göstərəcəkdir.
Açılış mərasimindən sonra rektor Prof.Dr. Sait Çelik Azərbaycan nümayəndə heyətini qəbul etmişdir. Qəbul zamanı Prof.Dr. Sait Çelik Uşak şəhəri və rəhbərlik etdiyi təhsil ocağı barəsində qonaqlara məlumat vermişdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev Azərbaycanda aparılan arxeoloji tədqiqatlar, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli Ağsuda arxeoloji araşdırmalar zamanı üzə çıxarılmış tapıntıların konservasiyası, bərpası və təbliği istiqamətində görülən işlər barəsində məlumat vermişlər.
Günün ikinci yarısında Universitetin iclas salonunda konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə rektorun köməkçisi Prof.Dr. Sayın Dalkıran açaraq Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətləri, ortaq mədəni dəyərlərin güclü olmasını vurğulamışdır. Daha sonra Dos.Dr. Murat Öntuğ konfransın əsas məqsədini və Azərbaycanın mədəni irsinin qardaş Türkiyənin hüdudlarında tanıdılması yollarının genişləndirilməsinin zərurliyini açıqlamışdır. Konfransda Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev “Azərbaycanda şəhər mədəniyyətinin arxeoloji cəhətdən araşdırılması: uğurlar, problemlər, vəzifələr”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova “Azərbaycanda mədəni irs siyasəti”, MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli “Azərbaycanda mədəni irsin öyrənilməsi, qorunması və tanıtımı fəaliyyətlərində yeni addımlar”, Ağsu arxeoloji ekspedisiyasının üzvü, arxeoloq Elmira Abbasova “Ağsuda sənətkarlıq” və MİRAS-ın Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Şölə Bayramova "MİRAS İctimai Birliyinin mədəni irs layihələrinin tanıtımı” mövzusunda çıxış etmişlər. Konfransın sonunda hədiyyələr təqdim olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyi və MİRAS İctimai Birliyi adından Uniersitetin kitabxanasına Azərbaycanda mədəni irsin qorunması və tədqiqindən bəhs edən kitablar hədiyyə olunmuşdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !