Danimarkada yaşayan azərbaycanlılar Türk şəhid günü adlı tədbirdə iştirak etmişlər -

Danimarkada yaşayan azərbaycanlılar “Türk şəhid günü” adlı tədbirdə iştirak etmişlər

Danimarkada yaşayan azərbaycanlılar Kopenhagen Ülkü Ocaqları Cəmiyyətinin təşkil etdiyi “Türk şəhid günü” adlı tədbirə qatılmışlar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Kopenhagenin “İnci salonunda” təşkil olunan tədbirdə soydaşlarımızı Danimarkada fəaliyyət göstərən “Vətən” və “Dostluq” cəmiyyətlərinin nümayəndələri təmsil etmişlər. Tədbirə, həmçinin Türkiyənin Danimarkadakı səfiri Berki Dibek, Danimarka Ülkü Ocaqları Federasiyasının sədri, ölkə rəsmiləri, burada fəaliyyət göstərən türkmən cəmiyyətlərinin nümayəndələri və KİV-lərin təmsilçiləri qatılmışlar.
Mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində şəhid olmuş azərbaycanlıların da xatirəsi yad edilmişdir.
“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Şuşa şəhərinin işğalı ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir. Natiq şuşalıların 20 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən doğma şəhərlərinə tezliklə geri qayıdacaqlarına ümidlərini bir an belə itirmədiklərini vurğulamışdır. Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini diqqətə çatdıran S.Səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və qəbul olunan yeni qətnamələr haqqında məlumat vermiş, Prezident İlham Əliyevin problemin sülh yolu ilə həllinə çalışdığını vurğulamışdır.
Daha sonra “Vətən” Cəmiyyətinin nəzdində yaradılmış qızlardan ibarət “Qarabağ” qrupunun Şuşa ilə bağlı çıxışı olmuş, türkdilli cəmiyyətlərin birliyini səciyyələndirən “Zindana çəkic vurma” mərasimi keçirilmiş, Türkiyənin məşhur müğənnisi Ahmed Şafak milli vətənpərvərlik ruhunda mahnılar ifa etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !