Eurovision-2012 mahnı müsabiqəsi çərçivəsində yeni formatda Bakı şəhər Turu başlanmışdır -

“Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində yeni formatda “Bakı şəhər Turu” başlanmışdır

“Eurovision-2012” mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar cari ilin 15 may tarixində xarici qonaqların asudə vaxtlarının səmərəli keçirmələri və Bakı şəhəri ilə əyani tanış olmaları üçün “Şəhər Turu” (City Tour) layihəsinə start verilmişdir.
Məlumat üçün bildiririk ki, bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən 3 ədəd iritutumlu 2 mərtəbəli üstü açıq avtobuslar Bakı şəhərinə gətirilmiş və 15-30 may tarixlərində ölkəmizə gələn qonaqlara müvafiq turistik marşrutlarda xidmət göstərəcəkdir.
Bununla bağlı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq şəhər turu marşrutu və qrafiki hazırlanmış həmçinin, hər avtobus 2 nəfər bələdçi (ingilis və rus dilli) və aidiyyəti reklam-çap məhsulları ilə təmin edilmişdir.
Mədəniyyət və Turizm və Nəqliyyat Nazirliklərinin birgə təşkil etdikləri şəhər turu Azadlıq meydanından start götürmüşdür.
Üzərində “Baku City Tour” yazılmış ikimərtəbəli avtobuslar vasitəsilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müəyyən olunmuş marşrut üzrə əyani surətdə Bakının görməli yerləri, tarixi abidələri və müasir tikililəri barədə məlumat veriləcəkdir.
İlk turda tələbələr və ölkəmizin aparıcı KİV-lərinin əməkdaşları iştirak etmişlər. Dünya standartlarına cavab verən müasir ikimərtəbəli avtobuslarda monitorlar, sanitar qovşağı və havalandırma sistemi quraşdırılmışdır.
Paytaxtımızın qonaqlarına yol boyu rus və ingilis dillərində səsucaldıcı vasitəsilə hazırda olduqları ərazi barədə məlumat verilmişdir. Üç saat əlli dəqiqə davam edən tur yenidən Azadlıq meydanında başa çatmışdır. Tur zamanı avtobuslar paytaxtımızın müxtəlif yerlərində dayanmış və iştirakçılar üçün ekskursiya təşkil olunmuşdur.
Yeni turun “Eurovision-2012” mahnı müsabiqəsi üçün hazırlandığını nəzərə alaraq, paytaxt sakinlərinin turdan müsabiqədən sonra da istifadə edə biləcəklər.
Qeyd etmək istərdik ki, “Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində mayın 15-dən 30-dək paytaxtımızın sakinləri və qonaqları üçün şəhər turundan istifadə pulsuz olacaqdır. Müsabiqədən sonra isə turun ödənişli olması nəzərdə tutulur. Gün ərzində Azadlıq meydanından saat 10:00-dan 16:00-dək hər saatdan bir “Şəhər Turu” həyata keçiriləcəkdir.
Şəhər turlarının təşkili ümumilikdə ölkəmizə gələn turistlərə və qonaqlara göstərilən xidmət səviyyəsinin müasir standartlara çatdırılmasına imkan yaradacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !