Öz məşəlini alovlandır! Eurovision-2012 marafonu Qəbələdə -

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” marafonu Qəbələdə

“Step İn” gənclərin təşəbbüs qrupunun nümayəndələri “Eurovision marafonu” layihəsi çərçivəsində mahnı müsabiqəsinə dəstək məqsədi ilə Qəbələ rayonunda olmuşlar.
AzərTAc xəbər verir ki, xüsusi avtobusla Qəbələyə gələn qonaqları rayon icra hakimiyyəti başçısının müavinləri, rayon gənclər və idman idarəsinin rəisi qarşılamışlar. Rayon rəhbərliyi gəncləri salamlayaraq tədbirin keçirilməsinin məqsəd və əhəmiyyətindən söz açmış, Azərbaycan gənclərinin beynəlxalq mahnı yarışmasında ölkəmizi dəstəkləmək üçün səfərbər olmalarının vacibliyini qeyd etmişdir.
Daha sonra Heydər Əliyev parkında təşviqatçı gənclər Qəbələ gəncləri ilə bir araya gəlmişlər. Tədbirə 600-dən çox yerli gənc qatılmışdır. Marafon iştirakçıları “Eurovision” mahnı müsabiqəsi ilə bağlı müxtəlif suallarını Qəbələ gənclərinə ünvanlamış, doğru cavab verənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
“Step İn” gənclərin təşəbbüs qrupunun koordinatoru Seymur Hüseynov artıq 4 rayonda olduqlarını və gənclərlə görüşdən məmnun qaldıqlarını qeyd etmişdir. Sonra “Öz məşəlini alovlandır!” şüarı altında qəbələli gənclər də rəmzi estafet məşəlini bir-birlərinə ötürməklə “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək olduqlarını nümayiş etdirmişlər.
Tədbir üzərində “Eurovision-2012” mahnı müsabiqəsinin simvolları əks olunan rəngli şarların havaya buraxılması və musiqi sədaları altında atəşfəşanlıqla başa çatmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !