Öz məşəlini alovlandır! Qədim və müasir İçərişəhər Eurovision-2012 mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm Meydan bazarı ilə qarşılayır -

“Öz məşəlini alovlandır!” Qədim və müasir İçərişəhər “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm “Meydan bazarı” ilə qarşılayır

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-də Qoşa qala qapısı meydanında ənənəvi “Meydan bazarı” açılmışdır.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Azerfon” və “Gazelli International ltd” şirkətlərinin dəstəyi ilə keçirilir.
AzərTAc xəbər verir ki, bununla yanaşı, həmin gün Qız qalasının qarşısında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyanın yayım imkanlarından istifadə edilməklə “Eurovision” fanatları ilə canlı bağlantı yaradılmışdır.
Bütün bunlar ziyarətçilərə müsabiqə günlərində həm “Meydan bazarı”nda, həm də bütövlükdə İçərişəhər ərazisində “İçərişəhərin tarixi tipajları”nı görmək və onlarla canlı ünsiyyət qurmaq imkanı yaratmışdır.
Qədim şəhərin tarixinin, abidələrinin, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliği istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri özəlliyi ilə seçilir.
Qədim şəhərə müxtəlif istiqamətlərdən daxil olan turistlərə pulsuz olaraq İçərişəhərin xəritəsi paylanılır. Həmçinin hər girişdə məlumat mərkəzi yerləşdirilmişdir. Bu məlumat mərkəzlərində otel rezervasiyası, tur, bələdçi sifariş etmək, restoranlar və digər ictimai-iaşə obyektləri haqqında geniş məlumat əldə etmək mümkündür. Beş dildə - Azərbaycan, rus, ingilis, fransız, alman dillərində məlumatlar yerləşdirilmiş audiobələdçini alan turist artıq heç kimin köməyi olmadan tarixi tikililər, görməli yerlərlə sərbəst tanış ola bilir.
Xüsusi olaraq “Euovision-2012” üçün həyata keçirilən “Ask me” (“Məndən soruş”) layihəsi çərçivəsində Bakıda yaşayan avropalılar xarici turistlərə ölkəmiz haqqında könüllü olaraq bilgilər verirlər. Üzərində “Ask me” yazılmış köynəklərdə gəzən könüllülər, həmçinin turistlərə bukletlər və təbliğat materialları paylayırlar. Layihənin əsas maraqlı cəhəti burada turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Bu layihəyə, həmçinin azərbaycanlı könüllülər də qoşulmuşlar.
İçərişəhərdə həmişə yüksək səviyyədə olmuş muzeylərin, qalereyaların, sərgilərin, otellərin, restoranların da ab-havasına “Eurovision” nəfəsi əlavə olunmuşdur. Mahnı yarışması ilə əlaqədar buradakı muzeylər səhər saat 9.00-dan axşam saat 21.00-dək iş rejiminə keçmişlər.
Müasir turizm infrastrukturu çərçivəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Wİ-Fİ şəbəkəsi də yaradılmışdır ki, sistemə mobil telefon vasitəsilə qoşularaq audiobələdçi informasiya mənbəyindən pulsuz istifadə etmək olar.
Beləliklə, İçərişəhər bu dəfə tarixi və müasirliyinə “Eurovision-2012” nəfəsi qatmaqla öz ziyarətçilərini heyrətləndirmişdir.
Mayın 25-dək hər gün saat 12:00-dan 20:00-a kimi davam edəcək “Meydan bazarı”ında bakılılar və şəhərimizin qonaqları İçərişəhərlə yaxından tanış olacaq, musiqili-əyləncəli tədbirlərdə iştirak edəcək, elektromobil vasitəsilə təşkil edilmiş turlara qatılacaq və milli yeməklərimizdən dadacaqlar

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !