Serbiyanı "Eurovision-2012"də Zeljko Yoksimoviç təmsil edəcəkdir -

Serbiyanı "Eurovision-2012"də Zeljko Yoksimoviç təmsil edəcəkdir

Bu il Azərbaycan Avropanın ən nüfuzlu və mötəbər musiqi müsabiqəsinə ev sahibliyi edir.Müsabiqə ilə bağlı olaraq paytaxt Bakıda bir çox tədbirlər həyata keçirilir.Artıq “Eurovision 2012”-də iştirak edəcək 42 ölkə təmsilçisi “Bakı Kristal Zalı”nda birinci və ikinci məşqlərini başa vurmuşdur.Mayın 20-də Bakıda “Hilton” otelində serb təmsilçisi Zeljko Yoksimoviçin yaradıcılığından bəhs edən,onu dəstəkləyən mərasim keçirilmişdir.Mərasim Serbiyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmişdir.Qeyd etmək lazımdır ki, səfirlik 2011-ci il iyunun əvvəllərində açılmışdır.Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Serbiya səfirliyinin təntənəli açılışında iştirak etmiş, Azərbaycan-Serbiya əlaqələri haqqında çıxış etmişdir.Az bir müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq,səfirlik bir çox maraqlı,yaddaqalan və uğurlu tədbirləri ilə fərqlənir. Serbiya həm də Bakıda keciriləcək Eurovision Mahnı Müsabiqəsində təmsilçisini elan edən ilk ölkələrdən biridir.Serbiya səfiri cənab Zoran Vayoviç tədbir iştirakçılarını çox səmimi qəbul etmişdir.Z.Yoksimoviç 2004-cü ildə keçirilmiş mahnı müsabiqəsində ona ikincilik qazandırmış mahnısını ifa etmişdir.Böyük rəğbətlə qarşılanan bu mahnı ilə bərabər istedadlı ifaçı bu ilki “Nije Lyubav Stvar” mahnısının instrumental və “Bakı Kristal Zalı”nda ifa edəcəyi versiyasını da səsləndirmişdir.Tədbir iştirakçıları və qonaqlar tərəfindən dəfələrlə alqışlanan müğənni Serbiyanı müsabiqədə layiqlə təmsil edəcəyini bir daha isbat edə bildi.RTS kanalı daxili seçim nəticəsində Z.Yoksimoviçin Serbiyanı təmsil etməsinə qərar vermişdir.O, “Eurovision -2004”də Serbiya və Monteneqronu təmsil edərək ikinci yerə layiq görülmüşdür.İstedadlı musiqiçi “Eurovision-2006”da Bosniya və Herseqovinaya üçüncü yeri qazandıran “Lejla” mahnısının müəllifidir.Zeljko Yoksimoviç həmçinin Serbiya təmsilçisinin “Eurovision-2008”də ifa etdiyi mahnının və Azərbaycanın “Eurovision-2010”dakı mahnısının Balkan versiyasını hazırlamışdır. Tədbirdə İsveç,Ukrayna,Kipr,Makedoniya və digər ölkələrin “Eurovision-2012”dəki təmsilçiləri də iştirak etmişlər.Qonaqlar, tədbir iştirakçıları Zeljko Yoksimoviçin ifa etdiyi serb və digər xarici mahnıların sədaları altında rəqs etməklə,ifaçı ilə şəkillər çəkdirməklə bir daha onu təqdir etmiş,Serbiyaya mahnı müsabiqəsində müvəffəqiyyətlər arzulamışlar.Doğma Xəzərin sahilində belə şən, maraqlı gecənin keçirilməsi, həqiqətən də, Azərbaycanın ev sahibliyinə layiq olduğunu bir daha sübut edir.Tədbirdə,eyni zamanda,müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən nümayəndələr də iştirak etmişdir.Redaksiyamız adından biz də Serbiya səfirliynə və bu dövlətin “Eurovision-2012”dəki təmsilçisi Zeljko Yoksimoviçə böyük uğurlar, qələbə sevinci arzulayırıq.
Sevinc Rzaqızı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !