Biri vardı, biri yox rəsm sərgisində balaca rəssamların əsərləri nümayiş olunmuşdur -

“Biri vardı, biri yox” rəsm sərgisində balaca rəssamların əsərləri nümayiş olunmuşdur

Mayın 30-da Azərbaycan Rəssamlar İttifaqının və “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının təşəbbüsü, “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş “Biri vardı, biri yox” adlı rəsm sərgisi açılmışdır.
AzPRESS xəbər verir ki, açılış mərasimində qalereyanın direktoru Eldəniz Babayev çıxış edərək sərgidə 3 yaşdan 17 yaşadək həvəskar rəssamların 40 əsərinin nümayiş etdirildiyini bildirmişdir.
Direktor demişdir ki, sərginin məqsədi həyatda ilk addımlarını atan körpələrin və uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların zövqünün formalaşmasına yardımçı olmaqdır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov sərginin kiçik olmasına baxmayaraq, tablolarda mövzu rəngarəngliyi və uşaqların boyalardan peşəkarcasına istifadə etmək qabiliyyətlərini xüsusilə bəyənmişdir.
Bildirilmişdir ki, rəsmlərdə uşaqlar tərəfindən “Məlik Məmməd”, “Göyçək Fatma”, “Cırtdan”, “Tıq-tıq xanım”, “Tülkü Həccə gedir” obrazları çox məharətlə təsvir edilmişdir.
”Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri Esmiralda Tağızadə uşaq və yeniyetmələrin bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısı və diplomantı olduğunu söyləmişdir. O, əminliklə bildirmişdir ki, gələcəkdə Nihad Əliyev, Fərid Ağayev, Rəna Abdullazadə kimi uşaqlar doğma Azərbaycanımızın mədəniyyətini layiqincə təmsil edəcəklər.
Sərginin balaca müəlliflərindən olan Fərid Ağayev tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş və Azərbaycan nağıllarına olan sevgisindən danışmışdır.
Sonra balaca rəssamlara diplomlar, xatirə hədiyyələri və “Rəngli kataloq” təqdim edilmişdir.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !