Kiyevdə akademik Ramiz Mehdiyevin Goris-2010: absurd teatrı mövsümü kitabının Ukrayna və ingilis dillərində nəşrinin təqdimatı olmuşdur -

Kiyevdə akademik Ramiz Mehdiyevin “Goris-2010: absurd teatrı mövsümü” kitabının Ukrayna və ingilis dillərində nəşrinin təqdimatı olmuşdur

 Mayın 31-də Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Ümumi Tarix İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Goris-2010: absurd teatrı mövsümü” kitabının Ukrayna və ingilis dillərində nəşrinin təqdimatı olmuşdur. Kitabı Azərbaycanın Kiyevdəki səfirliyi nəşr etdirmişdir.
İnstitutun direktoru, professor Andrey Kudryaçenko çıxış edərək tanınmış Azərbaycan akademiki Ramiz Mehdiyevin kitabının elmi dəyərini, müəllifin vətəndaşlıq cəsarətini yüksək qiymətləndirmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli kitabı yüksək qiymətləndirərək bildirmişdir ki, əsərin nəşrinin həyata keçirilməsi Ukrayna və ingilisdilli oxucu auditoriyasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq istəyindən irəli gəlmişdir.
Diplomat Qarabağ problemi barədə faktlar əsasında məlumat vermiş, ermənilərin guya hələ qədimdən əzəli Azərbaycan torpaqlarında yaşaması ilə bağlı uydurmaları ifşa etmişdir. Müasir dövrdə baş verən hadisələrdən söhbət açan səfir toplaşanların diqqətini BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və Azərbaycan qaçqın və məcburi köçkünlərinin öz ev-eşiklərinə qayıtmasını tələb edən 4 qətnaməsinə və onların hələ də yerinə yetirilməməsinə cəlb etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva, Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və digər çıxış edənlər bildirmişlər ki, akademik R.Mehdiyevin kitabı dərin elmi tədqiqatdır. Əsərdə təqdim olunan tarixi sənədlər tədqiqatçılar və siyasətçilər üçün dəyərli bazadır.
Tanınmış yazıçı, kitabın naşiri Dmitri Buraqo demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmağı özü üçün şərəfli vəzifə hesab edir.
Təqdimat iştirakçılarının hamısına kitab hədiyyə edilmişdir.
Tədbirdə diplomatlar, Ukraynanın tanınmış tarixçiləri, UMEA-nın üzvləri, politoloqlar, ekspertlər, Ukrayna Azərbaycanlılar Konqresinin, Ukrayna Azərbaycan Gəncləri İttifaqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !