Azərbaycan-Türkmənistan diplomatik əlaqələrinin yaradılmasının 20 illiyi geniş mədəniyyət tədbiri ilə qeyd edilmişdir -

Azərbaycan-Türkmənistan diplomatik əlaqələrinin yaradılmasının 20 illiyi geniş mədəniyyət tədbiri ilə qeyd edilmişdir

AzPRESS xəbər verir ki İyunun 9-da “Park Hyatt Baku” mehmanxanasında Azərbaycan ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş mədəniyyət tədbiri keçirilmişdir.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov çıxış edərək iki ölkə arasında qarşılıqlı əlaqələrdən və belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışlar.
Tədbirdə “Türkmənistan-Azərbaycan münasibətləri - dostluq və qardaşlığın nümunəsi” mövzusunda uşaqların rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmış, dost ölkənin incəsənət xadimlərinin ifalarında konsert proqramı təqdim olunmuşdur.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)

***

İyunun 9-da “Park Hyatt Baku” mehmanxanasında Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş geniş mədəniyyət tədbiri keçirilmişdir.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, iki ölkə arasında qarşılıqlı əlaqələrdən danışmışlar.
Səfir Toyli Komekov bildirmişdir ki, hər iki dövlət arasında Azərbaycan və Türkmənistan prezidentləri səviyyəsində bütün sahələrdə yüksək əlaqələr mövcuddur. 2009-cu ildə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri, 2010-cu ildə isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilmişdir.
Vurğulanmışdır ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin geniş bayram tədbiri ilə qeyd edilməsi tarixi, mədəni kökləri eyni olan Türkmənistan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasında mühüm əhəmiyyətə malikdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və ölkə rəhbərliyi adından əlamətdar bayram münasibətilə Türkmənistan səfirini və tədbirin digər iştirakçılarını təbrik edərək bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Tədbirdə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “Uşaq dünyası” qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Türkmənistan-Azərbaycan münasibətləri - dostluq və qardaşlığın nümunəsi” mövzusunda 3-6, 7-10, 11-16 yaşlı uşaqlar arasında keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmış, dost ölkənin incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !