-

Erməni mifomaniyası və həqiqət

1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis və fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilər "dost"larının yazdığı ssenariyə uyğun olaraq Zeytun, Van və Muşda ayağa qalxdılar. Mayın 6-da ermənilər monoetnik zona yaratmaq məqsədilə Van şəhərində müsəlmanları qırıb çatdılar. Akademiklər C.Əliyev və B.Budaqovun müəyyənləşdirdiyinə görə, təkcə Van vilayətində erməni terrorçularının qətlə yetirdiyi dinc əhalinin sayı 3000 nəfərdən çox idi. Yeri gəlmişkən, 22 iyun 1915-ci ildə hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəldilər. Şəhərin müsəlman əhalisi ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Hətta hadisədən 8 gün sonra bütün bunların şahidi olmuş general Nikolayev hansısa Tero və Xeço adlı ermənilərin rəhbərlik etdikləri quldur dəstələrinin vəhşiliklərindən hiddətlənərək yazırdı ki, onları topa tutmaq lazımdır. İndi 5000 nəfərin qətlə yetirildiyi həmin yerdə türklərin soyqırımı abidəsi ucalır.

Vandakı qırğınlar bununla bitmədi. Növbəti dəfə ermənilər 22 may 1916-cı ildə Vanda yenidən qırğınlar törətdilər. Erməni başkəsənləri 1000-dən artıq uşağı boğaraq öldürdülər. Meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Bu dəfəki ölənlərin sayı 15000 nəfərdən çox idi.

 

Erməni qırğınları...

 

1915-ci il mayın 9-da eyni şəkildə Bitlisdə 123 nəfər qətlə yetirildi. Tarixçi Rafael de Noqqalesin yazdığına görə, "onlar əllərinə keçən bütün dinc müsəlmanları vəhşicəsinə qırıb çatırdılar". Ümumiyyətlə, gürcü tarixçisi Q.Marxuliyanın yazdığı kimi, onların mübarizə metodu ancaq bundan ibarət idi: "...İnsanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq, ...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi - təbliğata, terrora, qiyama". C.K.Makkartinin tədqiqatlarına görə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələrdə 2,5 milyon müsəlman həlak olmuşdur. Bütün bu deyilənlərə statistikanın soyuq və qəddar nəzərləri ilə bir də baxmağa çalışaq: 8 may 1916-cı ildə Andronikin quldur dəstələri Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri məhv etdi.

11 may 1916-cı ildə quldurlar Malazgird şəhərində 20000 nəfəri öldürmüş, uşaqları əzablar verdikdən sonra odda yandırmışlar.

Həmin vaxt Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər erməni azğınlığının qurbanı olmuşdur.

22 may 1916-cı ildə yenə Van şəhərində ermənilər əhalini kütləvi şəkildə zəhərləyib yüzlərlə insanın ölümünə səbəb olmuşlar.

Elə həmin gün qaçqınlarla dolmuş Ergəl və Atiyan kəndlərinin yaxınlığında quldurlar 8000 nəfərin həyatına son qoymuşlar.

23 may 1916-cı il. Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 nəfər türk ermənilərin gülləsinə tuş oldu.

1916-cı ilin iyununda Ədrəmid şəhərində 15000 nəfər öldürülmüşdür. Patronlara "qənaət" etmək məqsədilə insanları ən dəhşətli üsullarla məhv etmişlər. Daşnak "qəhrəmanlar"ından biri bu "şücaət"i barədə deyirdi: "Mən heç nəyə məhəl qoymadan Basarkeçərdə bir türk kəndini yerlə yeksan etdim. Amma bəzən gülləyə heyifin gəlir. Bu itlərə qarşı ən yaxşı vasitə döyüşdən sonra bütün sağ qalanları quyulara doldurub üstən ağır daşlar tökməkdir ki, bir də üzlərini görməyək. Mən belə də edirdim: bütün kişiləri və uşaqları yığıb quyulara doldururdum".

Sonralar bütün bu cinayətlərə görə 1397 nəfər Türkiyənin ədalət məhkəmələri qarşısında dayandı. Onların bir çoxuna ölüm hökmü kəsildi...

24 aprel 1915-ci ildə bütün erməni komitələrinin fəaliyyəti dayandırıldı, bu təşkilatın 2345 nəfər rəhbər üzvü həbs edildi. Ermənilərin "genosid günü" dedikləri bu tarixin, göründüyü kimi, "erməni genosidi"nə heç bir aidiyyəti yoxdur. Bu, türklərin, müsəlmanların genosidi, soyqırımı günü kimi anılsa, daha düzgün olar!

Qaldı ermənilərin İran və Qafqaz cəbhəsindən ölkənin müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın ifadəsi ilə desək, "ermənilərin köçürülməsinə səbəb onların xəyanəti və qiyamları oldu. Ermənilərə elə gəlirdi ki, ələ keçirdikləri torpaqlar Birinci Dünya müharibəsindən sonra onlara qalacaq və onlar orada müstəqil Ermənistan dövləti yaradacaqlar..."

"Genosid" iddiaları ilə dünyada özləri haqqında "əzabkeş və məzlum millət" imici yaratmağa çalışan ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bir neçə gün ərzində təkcə Bakıda 12 min insan sırf milli-etnik zəmində qətlə yetirilmiş, kütləvi qətliamlar Azərbaycanın Şamaxı, Quba, Qarabağ və digər bölgələrini də əhatə etmişdir. Yalnız 1918-ci ilin sentyabrında Nuru Paşanın başçılıq etdiyi ordunun Bakını xilas etməsindən sonra bu qırğınların qarşısı qismən alınmışdır.

"Erməni soyqırımı" iddiaları uzun illər ərzində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin görkəmli ictimai-siyasi xadimlərinə qarşı törədilmiş terror aktlarına və digər cinayətkar əməllərə "zəmin hazırlamaq" məqsədi güdmüşdür. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri - N.Yusifbəyli, F.Xoyski, X.Xasməmmədov, H.Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

"Daşnaksütyun" partiyasının yaratdığı "Nemesis" ("Cəza") adlı xüsusi terrorçu qrupu isə 1920-ci il martın 15-də Osmanlı hökumətinin daxili işlər və hərbi müdafiə naziri olmuş Tələt Paşaya Berlinin böyük prospektlərindən birində atəş açmışdır. Onun qatili Soqomon Teyləryan həbs olunsa da, Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar çıxararaq "erməni soyqırımı"nı əldə rəhbər tutan erməni terrorçusuna bəraət hökmü çıxarmışdır. Bu rüsvayçı hökmdən ruhlanan erməni terrorçuları İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

 

Erməni terrorçularının əməlləri hələ də davam edir

 

1972-1991-ci illərdə erməni terrorçul

arı dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu aktların 100-dən çoxu "Asala" terrorçu təşkilatının "Orli", "9 İyun" və "3 oktyabr" qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ata-baba yurdlarından azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl atmışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi ilhaqı məqsədilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.

 

Ermənilərin "soyqırımı" iddiaları iflasa məhkumdur

 

Ermənilərin "soyqırımı" iddialarının həqiqətdən tamamilə uzaq olduğunu təkcə tarixi faktlar deyil, elə onların özlərinin müəyyən isterik davranışları da tamamilə təsdiqləyir. Ümumiyyətlə, qondarma "erməni soyqırımı" iddiaları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: 1) "Soyqırımı"nın bütün dünyada tanınması; 2) Türkiyənin "soyqırımı"nı etiraf etməsi; 3) Türkiyənin "soyqırımı"na uğramış adamların vərəsələrinə təzminat ödəməsi; 4) Türkiyənin şərqində ermənilərə torpaq verilməsi. Şübhəsiz, belə cəfəng iddialar həm də Türkiyəni Ermənistana münasibətdə yumşaltmağa - sərhədləri açmağa məcbur etmək, habelə qardaş ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq məqsədi güdür.

Hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə "erməni soyqırımı" iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya "erməni soyqırımı günü" kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir.

Məlumat üçün bildirək ki, 1944-cü ilədək soyqırımı anlayışı beynəlxalq ictimaiyyətə məlum olmamış, bu termin ilk dəfə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən işlədilmişdir. O, soyqırımını müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsi kimi səciyyələndirmişdir. 1945-ci ildə isə Nürnberq Hərbi Tribunalı faşist liderlərini bəşəriyyət əlehyinə cinayətlərdə ittiham etmişdir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmiş, eləcə də soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına daxil edilmişdir.

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il tarixli Konvensiyasının 2-ci maddəsinə görə "Soyqırımı hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi".

Soyqırımı cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və ya dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi, yaxud məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi və s. dəyərlərinin yer üzündən silinib getməsi, yaxud bunun üçün şəraitin yaradılması ilə xarakterizə olunur. BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il tarixli Konvensiyasında aşkar göstərilir ki, soyqırımı cinayətinin baş verməsi üçün xüsusi niyyətin olması zəruri hesab edilir. Qondarma iddialarla çıxış edən ermənilər isə Osmanlı imperiyasının milli-etnik zəmində guya bu millətə qarşı "soyqırımı həyata keçirdiyini" təsdiqləyən heç bir fakt ortaya qoya bilməmişlər.

Təəssüflə demək lazımdır ki, buna baxmayaraq "erməni soyqırımı" iddiaları ötən əsrin ortalarında, yəni "soyqırımı" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlmişdir. Erməni kilsəsinin irəli sürdüyü iddialar sonradan Amerika və Avropada erməni lobbisinin fəal iştirakı ilə məkrli bir kampaniyaya çevrilmişdir. Bədnam qonşularımız özlərinin qondarma "soyqırımı iddialarını" ilk dəfə 1965-ci il aprelin 20-də Uruqvayda tanıdılmasına nail olmuşlar. 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərəzli qərara imza atmışdır. Daha sonra Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, o cümlədən Avropa Parlamenti qondarma "erməni soyqırımı"nı tanımaq barədə qətnamə və bəyanat qəbul etmişdir. Təkcə 2010-cu ildə ABŞ və İsveçin qanunverici orqanları müvafiq qətnamə layihəsini təsdiqləmiş, Böyük Britaniya və İspaniya isə erməniləri məyus etmişdir. Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası isə Azərbaycan diasporunun fəal iş aparması nəticəsində "erməni soyqırımı"nın tanınması haqqında ədalətsiz qərarını ləğv etmişdir.

 

Tariximizin qanlı səhifələri unudulmamalıdır

 

Bir faktı da vurğulamaq lazımdır ki, ermənilər mərkli iddialarını tanıtmaq üçün hələ sovetlər birliyi dövründən fəal iş aparmış, qondarma "soyqırımı qurbanları"na abidələr ucaltmışdılar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da ruhlandırır, "soyqırımı" kampaniyasının sistemli şəkildə aparılmasına imkan yaradırdı. Sovet hökuməti Azərbaycana münasibətləri dostluq notları üzərində kökləməyi məsləhət gördüyü halda, erməniləri sanki yeni-yeni təxribatlara şirnikləndirmək yolu tutmuşdu. Əslində, ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu çirkin kampaniyanın məntiqi nəticəsi olmuşdur.

Ermənilər son 50 ildə qondarma iddialarını ayrı-ayrı ölkələrdə tanıtmaqla kifayətlənməmiş, qondarma abidələrin, xatirə lövhələrinin qoyulmasına nail olmuşlar. Bu məqsədlə virtual məkanın imkanlarından da geniş şəkildə istifadə edən ermənilər saxta iddialarını təbliğ edən 45 min veb-sayt yaratmış, habelə çoxsaylı kitablar, filmlər çəkdirmişlər. Almaniyada bu saxta mövzu hətta dərsliklərə salınmış, Fransa Milli Assambleyası isə qondarma "erməni soyqırımı"nı tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qərar qəbul etmişdir. Bütün bunlar bir daha göstərir ki, erməni mifomaniyası bu gün Avropa ölkələrinin böyük əksəriyyətinin başı üstünü qara kabus kimi almışdır.

Qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri nə Türkiyə, nə də digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdirmişlər. Belə qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, həmin dövlətlər belə süni maneələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə, Avropa Birliyini "xristian klubu" kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma "erməni soyqırımı"nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yeniləmiş, üstəlik, Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri açmaq tələbini irəli sürmüşdür. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırımı" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilmişdir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parlamentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır.

Ümumiyyətlə, qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng iddialar göstərir ki, regionda bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma "səylər"i də səmimiyyətdən tamamilə uzaqdır. Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğrayacağına heç bir şübhə yoxdur. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə, bədnam qonşularımızın "soyqırımı" iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlətlər başa düşür, ermənilərin saxta göz yaşlarına inanmırlar.      "Azərbaycan"

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !