Gənc rəssamın fərdi sərgisi -

Gənc rəssamın fərdi sərgisi

İyunun 29-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc və istedadlı rəssam Ceyhun Abdullayevin fərdi sərgisi açılmışdır.
AzPRESS xəbər verir ki, iyulun 10-dək davam edəcək sərgidə rəssamın 60 əsəri nümayiş olunur.
Açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov çıxış edərək Ceyhun Abdullayevin yaradıcılığının özünəməxsusluğundan və əsasən portret janrında yaratdığı bənzərsiz sənət nümunələrindən söhbət açmışlar.
Bildirilmişdir ki, Ceyhun Abdullayev istedadlı rəssamlardandır. Uşaqlıqdan təsviri sənətlə məşğul olmuşdur. Uzun illərdir ki, rəngkar rəssam kimi çalışır. Yaradıcılığında əsas yeri portret janrı tutan sənətkarın gözəl tematik tabloları, şairanə mənzərələri və koloritli natürmortları tez-tez sərgilərdə uğur qazanır.
Bildirilmişdir ki, bu, rəssamın sayca beşinci fərdi sərgisidir.
Tədbirin iştirakçılarına minnətdarlığını bildirən Ceyhun Abdullayev sənətə olan sonsuz sevgisindən və gələcək planlarından söz açmışdır.
Rəssamın sərgisi ilə yaxından tanış olan sənətsevərlər Ceyhun Abdullayevin özünəməxsus dəst-xətti, manerası və seçilmiş mövzulara uyğun çox maraqlı sənət nümunələrini yüksək qiymətləndirmişlər.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !