Moskvada Azərbaycan gənclər təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi Birlik Gəncləri Günü layihəsi start götürmüşdür -

Moskvada Azərbaycan gənclər təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi “Birlik Gəncləri Günü” layihəsi start götürmüşdür

 Moskvada keçirilən “Birlik Gəncləri Günü” proqramında iştirak etmək çün MDB ölkələrindən 120 gənc ictimai lider, o cümlədən Azərbaycan nümayəndə heyəti Moskvaya gəlmişdir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (TGTİ) gənclər təşkilatlarının, “İrəli” və digər təşkilatların təmsilçiləri daxildir. Rusiya paytaxtına ictimai təşkilatların 18-35 yaşlarında gənc liderləri və fəalları, gənclər parlamentlərinin, tələbə ittifaqlarının, gənclər hərəkatlarının üzvləri, bloggerlər və jurnalistlər gəlmişlər.
Rusiya Prezidentinin MDB ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi və “Rossotrudniçestvo” Federal Agentliyinin rəhbəri Konstantin Kosaçev Moskvada keçirilən brifinqdə Avrasiya məkanında inteqrasiya proseslərinin, habelə gənclər arasında mədəniyyətlərarası dialoqun inkişafına dair tədbirlərdə gənc liderlərin iştirakına yol açmaq məqsədi ilə həyata keçirilən layihənin məqsəd və vəzifələrindən danışmışdır.
Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu çıxışında MDB ölkələri gəncləri arasında daha sıx əlaqələrin qurulması üçün bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır. Onun sözlərinə görə, DHƏF MDB ölkələrinin daha sıx inteqrasiyası istiqamətində fəal iş aparır və ictimai cəhətdən bütün əhəmiyyətli layihələri dəstəkləyir. O demişdir: “Bu layihə Birlik ölkələrinin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olmalıdır. Hər biri öz ölkəsində uğurlu və nüfuzlu bir şəxs olan gənc liderlərin görüşü qarşılıqlı fəaliyyətin bütün cəhətləri üzrə faydalı və açıq fikir mübadiləsi, perspektiv əməkdaşlıq prioritetlərinin müzakirəsi üçün yaxşı imkandır”.
Brifinqdə qeyd edilmişdir ki, layihənin proqramına missiyanın MDB ölkələri ilə elmi, mədəni, iqtisadi, humanitar, informasiya sahələrində əlaqələrin möhkəmlənməsinə kömək edəcək tədbirlər daxil edilmişdir.
Gənclər “Birlik Gəncləri Günü” beynəlxalq gənclər düşərgəsində iştirak edəcək, Rusiya Federasiya Şurasında, Dövlət Dumasında, XİN-də, “Rossotrudniçestvo” agentliyində, İctimai Palatada görüşlər keçirəcəklər. Tədbir çərçivəsində geniş ekskursiya proqramı nəzərdə tutulmuşdur.
MDB ölkələrinin gənclərdən ibarət nümayəndə heyətlərinin səfəri iyulun 26-da başa çatacaqdır.  (AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !