Ermənistan təbliğat maşınının konvulsiyası -

Ermənistan təbliğat maşınının konvulsiyası

Bu il "propaqanda"(təbliğat) termininin yaranmasından düz 390 il keçir. Yazılı ədəbiyyatda ilk dəfə 1622-ci ildə rast gəlinən bu terminin mənası ictimai rəyə təsir göstərmək məqsədilə, o cümlədən yalan olduğunu bilə-bilə müxtəlif faktların, arqument və şayiələrin yayılması deməkdir. Bu ideoloji silahdan düzgün istifadə etmək bacarığı çox vaxt həlledici rol oynayır, çünki müəyyən şəraitdə silah gücünə həll edilə bilməyən məsələləri təbliğat həll edə bilir.
Qarabağ epopeyasının başlanğıc mərhələsində Azərbaycan və Ermənistanı təbliğat sahəsində şagird və usta kimi müqayisə etmək olardı, çünki spyurk (erməni diasporu - AzərTAc) və bəzi ölkələrin müəyyən himayəçi dairələrinin güclü dəstəyi sayəsində Bakı ilə Yerevan təbliğat sahəsində müxtəlif "çəki dərəcələri"nə aid edilmişdir. Bu gün isə Ermənistan təbliğat maşını yüksək sürətlə işləyən identik Azərbaycan maşını ilə rəqabətdə geri qalır. Ermənilər öz mətbuat səhifələrində bunu kədərlə etiraf edirlər. Ermənipərəst rusiyalı siyasətçilər də həyəcan təbili çalırlar.
Qara dəniz - Xəzər regionu Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov bu yaxınlarda erməni gənclərinin nümayəndələri tərəfindən təşkil edilmiş "dəyirmi masa"da çıxışında demişdir: "İnformasiya təhlükəsizliyi sahəsində milli siyasətin olmaması səbəbindən erməni tərəfi adekvat cavab vermək və üstəlik, öz mövqelərini müdafiə etmək iqtidarında deyildir". Bu halda nəzərə almaq lazımdır ki, V.Zaxarov qatı ermənipərəstdir və həmişə yalnız Azərbaycanı tənqid edir.
Ermənistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyini fəaliyyətsiz olduğuna görə amansızcasına tənqid edirlər. Burada həqiqət var: bu idarə 1990-cı illərin komfort üslubunda işləməyə adət etmişdir. Erməni KİV-lərinin zəifliyi isə ondadır ki, onlar bir dəfə uydurduqları "müqəddəs üçlük"dən əl çəkə bilmirlər: "möhtəşəm" xristian keçmişləri - azərbaycanlıların "gəlmə" olması - Rusiya Azərbaycanı yerinə oturdacaqdır. Bu il iyunun 19-da Dağlıq Qarabağda qondarma "prezident seçkilərindən" sonra ermənilərin təbliğat maşını həqiqətən səfeh vəziyyətinə düşmüşdür. Bu "seçkilərə" az da olsa legitimlik görkəmi vermək üçün Rusiyanın parlament partiyalarının birindən, konkret desək, V.Jirinovskinin Rusiya Liberal-Demokratlar Partiyasından (ЛДПР) müşahidəçilər dəvət edilmişdi. Rusiyada bu partiyanı "Skolko?"( Nə qədər?) adlandırırlar. Görəsən doğrudanmı ermənilər başa düşmürlər ki, kömək üçün RLDP-yə müraciət edilməsinin yalnız bir mənası var - çarəsizlik.
Şərqdə belə bir məsəl var: "Qaş qayırdığı yerdə vurub gözü də çıxarır". Şübhə etmirik ki, ermənilər bu məsəli bilirlər. Qondarma "prezident seçkiləri" başa çatandan dərhal sonra Rusiya Federasiyası Dövlət Dumasının RLDP-dən olan deputatı, həmin seçkilərin gedişini müşahidə etmiş Aleksandr Balberov Xankəndidə demişdir: "Qərbdə həmişə demokratiyadan dəm vururlar, lakin Qərb ssenarisi üzrə demokratiya nədənsə həmişə çoxtərəfli olur. Bu necə ola bilər ki, Kosovonu tanıyırlar, amma Dağlıq Qarabağı tanımırlar. Hansı əsasla? Orada da münaqişə olmuşdur, burada da; orada da müharibə, referendum olmuşdur, burada da. Bəs nə üçün oranı tanıyırlar, buranı isə yox? Deməli, bu, Qərbə sərf edir. Lakin belə olan təqdirdə bu, demokratiya deyil".
Ermənistanın özünün Rusiyadan dəvət etdiyi müşahidəçilər onun, necə deyərlər, üzünə tüpürmüşlər. Bunu anlamayan Ermənistan üçün bir daha izah edirik: Rusiya Dövlət Dumasının deputatları Qərbi Dağlıq Qarabağın müstəqilliyini tanımamaqda kəskin ittiham etmişlər! Bu yerdə Krılovun məşhur "Meymun və güzgü" təmsili yada düşür. Əziyyət çəkib başqasının qüsurunu saymaqdansa öz sifətinə baxmaq yaxşı olmazmı?
BMT-nin üzvü olan bütün dövlətlər, o cümlədən Rusiya da Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir. Beynəlxalq birlik separatçı rejimin keçirdiyi qondarma "prezident seçkiləri"ni tanımamış və qətiyyətlə pisləmişdir. Ermənilər başa düşə bilmirlər, görəsən dünya ən "demokratik", ən "humanist", ən "xristian" və ən "başıbəlalı" separatçı regionu nə üçün tanımır. Qondarma seçkilərdə müxtəlif ölkələrdən düz 22 müşahidəçi iştirak etmişdir. Prinsip etibarilə müftəxorların sayı 222 də ola bilərdi. Lakin məgər bu halda tanınmaq şansı on dəfə çox olacaqdırmı?
Ermənilərin ən böyük bədbəxtliyi ondadır ki, onlar öz səhvlərindən nəticə çıxarmır və həmişə Napoleonun prinsipini rəhbər tuturlar: "Ən başlıcası davaya qatılmaqdır". Onlar hər dəfə davaya başlayır və hər dəfə də çaşıb qalırlar: Axı nə baş verdi?!
Bu gün Ermənistanın təbliğat maşını yerində sayır: ehtiyatsız hərəkətlər nə qədər çox olsa, bu maşın bir o qədər bərk ilişir. Daha bir böyük xəta prezident səviyyəsində törədilmişdir. Serj Sarkisyan öz xalqı qarşısında söz vermişdi ki, Stepanakertə (Xankəndiyə) birinci o uçacaqdır. Aeroportun işə salınması texniki məsələ idi. Sarkisyan bu aeroport məsələsini qəsdən uzadırdı. Ermənilər gözləyirdilər. "Arsax qəhrəmanı" isə əməlli-başlı qorxmuşdu. Ona zəmanət lazım idi ki, Bakı öz hava məkanında hər hansı təyyarənin uçuşunu yarımçıq qoymaq üçün beynəlxalq hüquq baxımından hər cür əsasa malik olduğu halda, bu hüquqdan istifadə etməyəcəkdir. Onda ermənilər hər şeyi başa düşdülər. Onların köpü bir qədər yatdı və mətbuatda öz prezidentlərini ələ salmadılar. İş burasındadır ki, onlar Ermənistan Respublikasının ali baş komandanını qorxaqlıqda ittiham etsəydilər, onda təkcə ermənilərin yaratdığı "Arsax qəhrəmanı" obrazı deyil, həm də "müzəffər xalq" obrazı avtomatik olaraq heçə enərdi. Çox ehtimal ki, Ermənistan prezidenti həqiqətən birinci uçacaqdır, lakin bu halda ABŞ-dan və Rusiyadan hökmən zəmanət almalıdır ki, o, Azərbaycan Respublikası ərazisinin səmasında sərbəst qanad çalmayacaqdir.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz həmkarından fərqli olaraq heç vaxt bəyan etməmişdir ki, o, Qarabağda sülhə hökmən yalnız silah gücünə nail olacaqdır. O, öz çıxışlarında həmişə bir mühüm məqamı vurğulamışdır: "Əgər sülh danışıqları nəticə verməsə". ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bəyan edirlər ki, münaqişənin dinc yolla tənzimlənməsinə hələ şans vardır. Lakin ATƏT-in Minsk qrupunun səmərəsiz işi "sayəsində" tədricən elə vəziyyət yaranır ki, Bakı münaqişənin tam həlli üçün rusiyasayaq "sülhə məcbur etmək" üsulundan istifadə edəcəkdir.
Yerevanda çıxan "Ermənistanın səsi" qəzeti bir vaxtlar sanballı nəşr və Ermənistan siyasi təbliğatının ruporu sayılırdı. Lakin tədricən o, bugünkü vəziyyətə düşmüşdür. Əlbəttə, bu qəzet Ermənistanın mənafelərini və Qarabağ məsələsində onun siyasətini müdafiə etməlidir. Lakin özünə hörmət edən hər bir nəşr hər nömrəsində analitik yazılar əvəzinə saysız-hesabsız küçə söyüşlərindən istifadə etməz. Bu qəzet özünün bu hərəkəti ilə Azərbaycana deyil, yalnız öz imicinə ziyan vurur, özünün səviyyəsizliyini göstərir. Məsələn, Levon Melik-Şahnazaryan adlı birisinin kiçik bir məqaləsində 20-yə yaxın ədəbsiz ifadə vardı. Ermənistanın digər nəşrlərində də vəziyyət belədir. Elə təsəvvür yaranır ki, gənc erməni komikləri Rusiya telekanallarında uğurlu çıxış edəndən sonra erməni mətbu nəşrlərində belə hesab edirlər ki, Azərbaycana aid hər şeyə münasibətdə söyüşlə dolu vulqar satira ən güclü təbliğat silahı olacaqdır. Lakin ermənilər özləri də bilmədən küçə söyüşlərinə aludə olaraq öz jurnalistikalarını bugünkü səviyyəyə endirmişlər. Yerevanda çıxan qəzetlərin redaktorları peşəkarlıq baxımından zəifdirsə, onda Ermənistan Prezidenti aparatının təbliğat və təşviqat məsələlərinə cavabdeh olan şöbəsinin əməkdaşlarına nə ad vermək olar? Erməni mətbuatının bu vəziyyəti Ermənistanın təbliğat maşınının düşdüyü kədərli situasiyanı güzgü kimi əks etdirir. Onlar hətta bir məsələni də nəzərə almırlar ki, dünyanın müxtəlif dövlətlərinin ciddi dairələrində, müvafiq təşkilatlarinda mütəxəssislər bu qəzetləri gözdən keçirir və belə nəşrlərə əsasən erməni təbliğatının səviyyəsini müəyyən edirlər. Bu cür məqalələrin bizi kədərləndirə biləcəyini düşünənlər çox yanılırlar. Lazım gələndə biz cavab veririk. Bu gün həm də təbliğat müharibəsi gedir. Bununla əlaqədar, erməni mətbuatının bu cür primitiv vəziyyəti bizi tamamilə qane edir, çünki mətbuat düşməni mənəvi cəhətdən neytrallaşdırmaq üçün çox güclü silahdır.
Ermənistanın siyasi təbliğatı "Azərbaycanda milli azlıqlar problemi" istiqamətində öz işini uğurlu saymaqla səhv edir. Həyasızlığın dərəcəsinə baxın ki, monoetnik Ermənistan özü ölkədə sayca ikinci xalq olan azərbaycanlıları tamamilə deportasiya etdiyi və bununla kiçik xalqlar məsələsini bağladığı halda Azərbaycanda səylə milli azlıqlar problemi axtarır. Prezident İlham Əliyev erməni faşizmi barədə danışanda prezident Sarkisyan bu sözlərdən incimişdi. Lakin respublikada milli azlıq (indiki halda ermənilər) həmin respublikanın titul millətini öz əzəli ərazisindən tamamilə qovursa və üstəlik, buna görə bütün dünyanın gözü qabağında qürrələnirsə, bu hadisəyə başqa variantda necə ad vermək olar? "Avropa Ermənistanı nə üçün dəstəkləyir" sərlövhəli məqalədə ("Lragir.am", 27.04.2012) deyilir ki, Avropa "müsəlmanların fiziki və demoqrafik ekspansiyası problemini həll etməyə nail olmuş yeganə ölkə" olan Ermənistanı dəstəkləməlidir.
Ermənilərin məkrliliyi qədim Roma dövründən məlumdur. Bu, dünya tarixində öz əksini tapmışdır. Bizim eradan əvvəl 71-ci il. Spartak və onun sağ qalmış 6000 həmməsləki Krass tərəfindən Kaluyadan Romaya gedən Appi yolu boyunca çarmıxa çəkilmişlər. Bu hadisə başda Smbat olmaqla Kilikiya ermənilərinin təqsiri üzündən baş vermişdir. Onlar çoxlu daş-qaş və pul müqabilində Spartakın ordusunun qalan hissəsini gəmilərə mindirərək körfəzdən yola salmağı vəd etmiş, lakin ona xəyanət etmişdilər.
Müasir dövrün ideoloji müharibəsində iyrənc təsir bağışlayan daha bir təbliğat ştampını xatırladaq. Ermənilər başa düşmürlər ki, bu ştamp onların kompleksliyinin rəmzi və özlərinin güclü olduğunu sübut etmək istəyinin göstəricisidir. Biz erməni mühacirlərinin soyadlarının hər məqalədə dönə-dönə sadalanmasını nəzərdə tuturuq - Malakyan, Adoyan, Aznavuryan, Krkoryan, Qarvarens, Saroyan və s.
Bu gün yüksək rütbəli erməni siyasətçilər ermənilərin böyüklüyünü sübut etmək istəyində, sözün həqiqi mənasında, bütün hədləri aşırlar. Onlar öz məqsədlərinə nail olmaq üçün belə qüsurlu əqli nəticədən də istifadə edirlər: əgər Amerikada yaşamış mühasib Klara Aqopyan kompyuter texnikasının dahisi Stil Cobsun ögey anası olmuşdursa, bu da erməni xalqının "böyüklüyünə" dəlalət edən sanballı bir arqumentdir. Erməni siyasi elitasının görkəmli xadimlərindən biri - ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri A.Qeqamyan da öz məqaləsində bu arqumentə eyham vurur.
Yerevanın təbliğat maşını bir mübahisəsiz faktı başa düşmüşdür ki, o, Qərb üçün əhəmiyyət dərəcəsinə görə Azərbaycandan və Gürcüstandan tamamilə geri qalır. Buna görə o, özünü... kreativ potensialına görə Cənubi Qafqazda "lider" və Qərb üçün rolu yalnız coğrafi mövqeyindən ibarət Gürcüstan və rolu ancaq energetika ilə bağlı Azərbaycandan da maraqlı elan etmişdir.
Humanist psixologiyanın banisi Abraham Maslou özünün "Özünü aktuallaşdırmış insanlar: psixoloji sağlamlığın tədqiqi" adlı əsərində kreativliyə "insan təbiətinin ən fundamental xarakteristikası, hər bir insana doğularkən verilmiş potensial", habelə "Dünyanı qavramağın xüsusi üsulu" kimi tərif vermişdir.
Belə çıxır ki, dünya birliyi geosiyasi dəyişikliklərin astanasında olduğu bir zamanda, Rusiya ilə həmsərhəd və Qara dəniz limanları olan Gürcüstan Qərbə lazım deyil. Rusiyadan yan keçən transqafqaz boru kəmərlərinə malik olan Azərbaycan da Qərbə lazım deyil. Qərbə hava kimi lazım olan başqa şeydir...
Belə bir mənzərə təsvir edin. Ağ evdə ABŞ Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının Rusiya ilə Gürcüstan sərhədində vəziyyətin növbəti dəfə kəskinləşməsinə həsr edilmiş təcili müşavirə gedir. ABŞ dövlət katibi Hillari Klinton deyir: "Qafqazda Birləşmiş Ştatların mənafeləri təhlükədədir. Bizə dost olan Gürcüstanın vəziyyəti təhlükəli istiqamət alır. Transqafqaz magistral boru kəmərləri də təhlükədədir. Lakin bir məsələ də var ki, o, bizim üçün Gürcüstan və Azərbaycanın birlikdə götürülmüş əhəmiyyətindən daha qiymətlidir və bu, bizi sevindirir. Cənubi Qafqazı geosiyasi maraq zonamız saymağa bizi məcbur edən ən mühüm amil Ermənistanın kreativ potensialıdır!" Gülməlidir, deyilmi? AzərTAc
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !