TGT sədrləri Quba Soyqırım Məzarlığını ziyarət ediblər -

TGT sədrləri Quba Soyqırım Məzarlığını ziyarət ediblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Nabran qəsəbəsində Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə 6 – 12 sentyabr tarixlərində reallaşdırdığı “TGT sədrləri üçün liderlik məktəbi” layihəsinin proqramına uyğun, sentyabrın 10-da TGT sədrləri Quba Soyqırım Məzarlığını ziyarət ediblər.
Ziyarət zamanı məzarlıq və həmin ərazidə aparılan tikinti işləri ilə tanış olan TGT sədrləri öyrəndilər ki, kütləvi məzarlıq 2007-ci il aprelin 1-də aşkarlanıb və onun ümumi ərazisi 514 kv metrdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, məzarlıqda aşkarlanmış sümüklər 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş amansız soyqırımın maddi sübutlarıdır. TGT sədrləri gördükləri haqda kiçik fotoreportajlar hazırlayaraq onları müxtəlif sosial şəbəkələrdə yayımlamaq qərarına gəldilər.
Qeyd edirik ki, “TGT sədrləri üçün liderlik məktəbi” layihəsi artıq yekunlaşmaq üzrədir. Bu gün sentyabrın 11-də TGT sədrləri onlara keçilmiş təlimlərə əsasən ortaq layihələr hazırlayacaq, məktəbin yekunlarını müzakirə edəcəklər. Daha sonra layihənin rəsmi bağlanış və sertifikatların verilməsi mərasimi keçiriləcək. Sabah sentyabrın 12-də TGT sədrləri Bakıya geri qayıdacaqlar.


Hörmətlə,
Məcid Musayev
ATGTİ-nin mətbuat katibi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !