Tahir RZAYEV, Milli Məclisin deputatı -

Tahir RZAYEV, Milli Məclisin deputatı

Bu isə yeni faciələrə yol açır

 

Ramil Səfərov ətrafında səngiməyən söz-söhbətləri eşidəndə, bəzi beynəlxalq təşkilatların, siyasi xadimlərin həqiqətlərə düzgün qiymət vermədiklərini görəndə dünyada haqqın-ədalətin bərqərar olacağına inam anbaan azalır. Demokratiyadan, insan azadlıqlarından, ədalətsizliyin qarşısının alınmasından, terrorizmin aradan qaldırılmasından bol-bol danışan bəzi dövlətlərin təmsilçilərinin öz mənafeləri üçün demokratiyanı ayaqlar altına atdıqlarının, insan azadlıqlarını ağlagəlməz dərəcədə pozduqlarının, terrorizmə dəstək verdiklərinin, ədalətsizliyə şərait yaratdıqlarının şahidi olanda insan dünyadan əlini üzür və bu hallar yer üzündə yeni-yeni faciələrin meydana gəlməsinə zəmin yaradır.

Bu gün Ramil Səfərovun azad edilməsini faciə kimi qiymətləndirib müxtəlif bəyanatlar səsləndirən beynəlxalq təşkilatlar, dövlət rəsmiləri nə üçün Azərbaycanın işğal olunmuş 20 faizdən artıq torpağının, viran edilmiş yüzlərlə kəndlərinin, şəhərlərinin, tarixi, dini, mədəniyyət abidələrinin, məktəblərinin, öldürülmüş, şikəst edilmiş, əsir götürülmüş on minlərlə vətəndaşının, Xocalı soyqırımının, Qaradağlı, Meşəli, Cəmilli faciələrinin, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə acımırlar, nəyə görə erməni faşistləri tərəfindən azərbaycanlıların başına gətirilən müsibətləri, on illərlə davam edən soyqırımı faktlarını, terror əməllərini görmürlər, bunun üçün haqq səslərini ucaltmırlar, günahkarı cəzalandırmırlar?

Dünyaya demokratiya dərsi keçmək olar, ancaq dərs verənin, yol göstərənin əməli ilə sözü, niyyəti ilə yolu düz olmayanda bəşəri dəyərlər itir, insanlar aldandıqlarını başa düşür və heç kim dərs verənin sözünə inanmır və yeri gələndə onun üzünə qayıdır.

Bu gün bütün dünya Ermənistanın təcavüzkar, işğalçı, terroru dəstəkləyən, ona arxa duran və maliyyələşdirən bir dövlət olduğunu yaxşı bilir və ermənilərin mövqeyinin yeni faciələrə yol açdığını görür. Haqlı olaraq bəzi beynəlxalq təşkilatlar, ölkələr bu faktların obyektiv qiymətini verir, Ermənistanın işğalçılıq əməllərini tənqid edir və bu hərəkətlərin nəinki Azərbaycan üçün, Cənibi Qafqaz regionu və dünya üçün təhlükəli olduğunu vurğulayırlar.

Bəs nəticə? Təəssüflər olsun ki, deyilənlər, qəbul olunan sənədlər, qətnamələr kağız üzərində qalır, həyata keçirilmir. Cəzadan, beynəlxalq təzyiqdən kənarda qaldığını, əksinə, bəzi hallarda dəstəkləndiyini gördükdə Ermənistan, onun rəhbərləri daha da aqressivləşir, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymurlar.

Nə üçün BMT qəbul etdiyi dörd qətnaməyə hörmətlə yanaşıb Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad olunmasını təmin etmir? Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar nəyə görə işğalçılıq faktları ilə əlaqədar qəbul etdikləri sənədlərin icrası ilə maraqlanmırlar? Axı niyə dünyanın ən böyük dövlətlərinin rəhbərləri, siyasi xadimləri verdikləri vədə əməl etmir, ikili mövqe tutur, haqqı-ədaləti danırlar? Hətta bəzən təcavüzkarı belə müdafiə edirlər?

Xocalı soyqırımının təşkilatçılarından biri olan, yüzlərlə günahsız insanın qətlində bilavasitə iştirak edən və bunu Avropa Şurasının mötəbər tribunasından bütün dünyaya fəxrlə bəyan edən Ermənistanın bugünkü prezidenti Serj Sərkisyanın hərəkətlərinə beynəlxalq aləmin göz yumması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlara ən böyük hörmətsizlikdir, tarixə silinməz qara ləkədir.

Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən bir dövlətdir. Bunu ermənilərin dünyanın bir çox ölkələrində törətdikləri terror aktları sübut edir. Bu gün dünyada 20-dən çox erməni terror təşkilatı və qruplaşması fəaliyyət göstərir. "Armenakan", "Hncak", "Daşnaksütyun" erməni federativ inqilab partiyaları, "Erməni gizli azadlıq ordusu", "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA), "Geqaron", "Erməni azadlıq hərəkatı", "Erməni azadlıq cəbhəsi", "Erməni birliyi", "Gənc ermənilər birliyi" və sair partiyaların, silahlı birləşmələrin, qruplaşmaların fəaliyyəti yalnız və yalnız terrora, əsasən türklərin və azərbaycanlıların məhv edilməsinə istiqamətləndirilmiş, eləcə də bir çox ölkələrdə qanlı faciələrin törədilməsinə səfərbər edilmişdir.

1890-cı ildə Tbilisidə yaradılmış "Daşnaksütyun" erməni federativ inqilab partiyasinın əsas qayəsi Azərbaycanın ərazilərində və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaqdır. "Daşnaksütyun"un ilk qurultayında qarşıya qoyduğu əsas vəzifələrdən biri də türklərə qarşı sui-qəsdlər təşkil etmək, "türkü hər yerdə, hər bir şəraitdə öldürmək, intiqam almaq, sözündən dönənləri, erməni xainlərini öldürüb məhv etmək"dir.

Məhz buna görə də "Daşnaksütyun" və ASALA-nın törətdiyi terror aktları nəticəsində son illər 20-dən çox türk diplomatı və yüzlərlə dinc Azərbaycan vətəndaşı qətlə yetirilmiş, şikəst edilmişdir. Erməni terrorunun qurbanları sırasında türklər, azərbaycanlılarla bərabər ruslar, amerkalılar, kürdlər və eləcə də başqa ölkələrin vətəndaşları çoxdur.

Bu gün Ermənistana rəhbərlik edənlərdən Serj Sarkisyan, Seyran Ohanyan, keçmiş prezident Robert Koçaryan və hazırda bu ölkədə vəzifədə olanlardan bir çoxu terror qruplaşmalarının üzvləridir və keçən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bilavasitə onların fəal iştirakı ilə həyata keçirilmiş, yüzlərlə azərbaycanlı dinc sakin qətlə yetirilmişdir.

Çox maraqlıdır ki, terror yuvası kimi tanınan və rəhbərlərinin, siyasətçilərinin çoxu terrorçu olan Ermənistan dövləti Ramil Səfərovun azad edilməsini beynəlxalq hüquq normalarının pozulması, qatilin müdafiə olunması kimi qiymətləndirir və bir daha dünyaya özlərini məzlum, yazıq, haqqı tapdalanan xalq kimi təqdim etməyə çalışırlar.

Sual olunur: minlərlə türkü və azərbaycanlını qətlə yetirən Andranikə heykəl ucaldılması və ona sitayiş edilməsi, Qarabağ torpaqlarında yüzlərlə dinc insanı quyulara doldurub diri-diri basdıran, yandıran, işgəncələrlə öldürən beynəlxalq terrorçu Monte Melkonyanı Ermənistanın milli qəhrəmanı səviyyəsinə yüksəltmək, onun haqqında məktəblərdə xüsusi dərslər keçmək, hər bir erməni gəncinə, məktəblisinə soydaşları Melkonyan kimi öldürməyi, qəddar olmağı təbliğ etmək, türkü, azərbaycanlını qətlə yetirən hər bir ermənini ölkənin qəhrəmanı kimi qiymətləndirmək, terroru dövlətin əsas fəaliyyət proqramı kimi qəbul etmək beynəlxalq hüquq normalarına, insanlığa, bəşəri dəyərlərə uyğundurmu?

Əgər andraniklər, melkonyanlar, sarkisyanlar, ohanyanlar dilsiz-ağızsız körpələri, qocaları, qadınları, xəstələri vəhşicəsinə qətlə yetiriblərsə, Ramil Səfərov xalqını, bayrağını təhqir edən əxlaqsız bir erməninin layiqli cəzasını veribsə, bəs bu, niyə təəccüb doğurur? Çünki doğulub boya-başa çatdığı evi-eşiyi viran edilənlərdən, onlarla qohum-qardaşı qətlə yetirilənlərdən, olmazın ağrı-acıları yaşayanlardan biri də Ramil Səfərovdur.

Bu gün terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndiyi bir vaxtda Ermənistan rəhbərlərinin, erməni terror birləşmələrinin verdiyi bəyanatlar, türklərin və azərbaycanlıların terror hədəfinə çevriləcəkləri barədə söylənilən fikirlər Ermənistan dövlətinin bir daha terrorçu olduğunu, terrorçuları dəstəklədiklərini, maliyyələşdirdiklərini və dünyaya meydan oxuduğunu, dövlətlərə və xalqlara hörmətsizlik etdiklərini göstərir.

Təəssüflər olsun ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar yenə Ermənistanın bu iyrənc niyyətlərinə hüquqi qiymət verib onun qarşısını almaq üçün təsirli tədbirlər görmürlər. Əksinə, bir çox hallarda ona kömək əli uzadırlar.

Azərbaycan xalqı son illərin tarixdən silinməz dəhşətlərinin, eləcə də dünya dövlətlərinin ikiüzlü mövqelərinin çox şahididir. Gördükləri dəhşətlər və çəkdikləri əzablar bu xalqı artıq mətinləşdirib, ona kimin kim olduğunu, yaxşını pisdən seçməyi, vətən və torpaq uğrunda daha qətiyyətlə mübarizə aparmağı öyrədir. Mübarizlərin, Ramillərin, İbadların şücaətləri buna sübutdur.

Azərbaycan xalqı öz xoşbəxt gələcəyini, torpaqlarının azadlığını, qalibiyyətini özündə, etibar etdiyi və etimad göstərdiyi, arxalandığı Prezidentində görür və ona inanır. Çünki Ramilləri darda qoymayan, xalqına və azadlığa qovuşduran, Mübarizlərin qəhrəmanlığını yüksək qiymətləndirən, igidlərimizin, şəhidlərimizin məzarı önündə kövrəlsə də, qürurunu əyməyən, hər bir vətəndaşına dayaq və kömək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir, onun düşünülmüş siyasəti, xalqına və torpağına məhəbbətidir.

Ölkə rəhbərini heç bir təzyiq, əsassız bəyanatlar tutduğu yoldan döndərə bilməz. Çünki bu yol Azərbaycanın müstəqilliyi və gələcəyi uğrunda həyatını qurban vermiş ulu öndər Heydər Əliyevin yoludur. Bu yol nə qədər çətin olsa da, o qədər şərəflidir, uzunömürlüdür. Xalqımızın, Prezidentin cəsarətlə addımladığı bu yol ədalətə, qəhrəmanlığa, qalibiyyətə, yeni-yeni zəfərlərə uzanır. "Ramil Səfərovun azad olunması beynəlxalq münasibətlərə uyğun həyata keçirilib" deyən Prezident də bu dünyada çoxlarının məkrli siyasətinə, ikiüzlü mövqeyinə deyil, məhz öz xalqına, ölkəsinin ləyaqətli, vətənpərvər vətəndaşlarına və tutduğu düzgün yola inanır.

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !