Ankarada gənc azərbaycanlı rəssamın sərgisi açılmışdır -

Ankarada gənc azərbaycanlı rəssamın sərgisi açılmışdır

 Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxt Ankaradakı “CernModern” incəsənət mərkəzində azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərgisi açılmışdır.
İstedadlı fırça ustasının qrafika, batika və digər janrlarda işlərinin nümayiş olunduğu və üç gün davam edəcək sərgidə Ankara sənətsevərlərinə və şəhərin qonaqlarına M.Ələkbərlinin 40 rəsm əsəri və onlar haqqında məlumatların yer aldığı kitablar təqdim olunmuşdur.
Ankarada akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri, millət vəkilləri, rəssamlar və elm xadimlərinin iştirak etdiyi açılış mərasimində ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov gənc və istedadlı rəssamın sərgisinin qardaş Türkiyənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulamışdır. Diplomat qeyd etmişdir ki, gənc rəssamın şəfqət dolu ailədə böyüməsi, valideynlərinin yüksək qayğısı ilə əhatə olunması və onun həyat sevgisi bu əsrarəngiz tablolarda əks olunmuşdur. Nadir istedada və potensiala malik olan, Paris Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdəki Vivienne Art Galeriedə, Moskva Müasir Sənət Muzeyində, Berlində təşkil olunmuş və böyük maraq doğurmuşdur. Ankarada təşkil olunmuş sərgi də böyük maraqla qarşılanmışdır.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay gənc rəssamın əsərlərindən duyduğu heyranlığı dilə gətirmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Bilkənd Universiteti İdarə Heyətinin sədri, professor Əli Doğramacı Azərbaycan xalqının istedadlı övladlarının, o cümlədən Məryəm Ələkbərlinin gələcəyinin parlaq olduğunu vurğulamışdır. Mərhum İhsan Doğramacının bu gənclər üçün hər zaman şərait yaratdığını vurğulayan natiq sərgisi keçirilən gənc rəssamın da ailə və dövlət qayğısı ilə əhatə olunmasından məmnunluğunu ifadə etmişdir.

(AzərTAc).

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !