QAZANINIZ İSTİ, ƏLİNİZ DUZLU OLSUN!.. -

QAZANINIZ İSTİ, ƏLİNİZ DUZLU OLSUN!..

Dünyanın hər bir yerində təbiəti, zənginliyi, gözəlliyi ilə seçilən Azərbaycan həm də öz milli-mənəvi dəyərləri-istər tarixi, istər ədəbiyyatı, istər musiqisi, istərsə də mənəvi irsimizin bir hissəsi olan milli mətbəximizlə həmişə öndə olub. Azərbaycan mətbəxi Azərbaycan xalq mədəniyyətinin bir hissəsidir. Azərbaycan tarixinə, onun adət-ənənəsinə nəzər salanda ta qədimdən bu günə kimi azərbaycanlıların çörəyə, duza, süfrəyə necə müqəddəs, necə dəyərli münasibət bəslədiyi görünür. Hətta bütün xalq deyimlərində, bayatılarda, xeyir-dualarda bizim üçün bu mənəvi dəyərlərin nə qədər müqəddəs, nə qədər ucalıqda olduğu aydın görsənir. Təsadüfi deyil ki, nənələrimiz öz xeyir-dualarında həmişə “ocağının tüstüsü, qazanının istisi, evinin bərəkəti əksik olmasın” deyiblər. Duzumuz, çörəyimiz, süfrəmiz-bizim mətbəx irsimiz, Azərbaycan tarixinin əvvəlindən bu günə qədər mədəniyyətimizin bir hissəsi olsa da, dünya xalqları Azərbaycan mətbəxini rəsmən 1992-ci ildən tanımağa başlamışdır. 1991-ci ildə yaranmış Azərbaycan Milli Kulinariya Mərkəzi 1992-ci ildə bütün türk dövlətlərindən və keçmiş SSRİ respublikalarından əvvəl Dünya Kulinariya Təşkilatının üzvü olmuşdur. Elə həmin tarixdən də zəngin Azərbaycan mətbəxi öz əvəzsiz təamları ilə bütün dünyada tanınmağa başladı. Beləliklə, bu il Azərbaycan Milli Kulinariya Mərkəzinin Dünya Kulinariya Təşkilatına üzv olmasının 20 ili tamam oldu.
Oktyabrın 20-də Azərbaycan mətbəxini sevənləri “Röyal” otelə yığan səbəblərdən biri də məhz bu idi.
Azərbayca Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assossasiyasının təşkilatçılığı ilə keçirilən bu tədbiri AMKM-nin rəhbəri Tahir Əmiraslanov açdı. Tahir müəllim bu günki tədbirin səbəblərini açıqladı:
-Bu mərasim, Beynəlxalq Kulinariya günü, AMKM-nin Dünya Kulinariya Təşkilatına üzv olmasının 20 illiyi və nəhayət, Maskvada yaşayan, əslən azərbaycanlı olan MDB ölkələrində məşhur aşpaz Stalik Xankişiyevin Azərbaycan mətbəxinə aid yazılan üç kitabının təqdimatına həsr olunub.
Mərasim iştirakçılarını, gələn qonaqları salamladıqdan sonra Tahir müəllim qeyd etdi ki, Beynəlxalq Kulinariya günü Azərbaycanda 6-cı dəfədir ki, keçrilir. O, Azərbaycan mətbəxinin zənginliyini, dəyərini, onun mədəniyyətimizin ayrılmaz bir hissəsi olduğunu vurğuladı. AMKM-nin fəaliyyətindən, həm regionlarda görülən işlərdən, həm də digər ölkələrlə təcrübə əməkdaşlığından, Azərbaycan mətbəxini dünyada tanıtmaq üçün keçirilən tədbirlərdən, əldə olunan uğurlardan, dövlətin diqqət və qayğısından söhbət açdı. Son illər Azərbaycan mətbəxinin dünya arenasında əldə etdiyi naliyyətləri, festivalları, konfransları sadalayan Tahir müəllim qazanılan medalları, kubokları və fəxri fərmanları xüsusi qeyd etdi. ” Azərbaycan kulinarları vətənimizə 12 qızıl, 7 gümüş, 2 kubok, onlarla diplomlar gətirb”-dedi. Tahir Əmiraslanov böyük sevinclə son illərdə gənclərin bu peşəyə olan marağını, həvəsini dəyərləndirdi və bildirdi ki, milli mətbəximizin sirləri gənclərə böyük həvəslə öyrədilir. Daha sonra xüsusi məhəbbətlə mərasimin səbəbkarlarından olan Stalik Xankişiyevi qonaqlara təqdim etdi. Stalik Xankişiyev özü haqqında böyük həvəslə danşıdı. O, Özbəkistanda doğulub. Atası azərbaycanlı, anası alman olan hörmətli aşpaz duyğusallıqla öz uşaqlığından, Azərbaycanı ona sevdirən nüanslardan danışdı. Hələ uşaq ikən azərbaycanlı olduğunu ona tez-tez xatırladan və Azərbaycana gəlmək üçün onda böyük həvəs oyadan dostu Nəriman bəyi auditoriyaya təqdim etdi. Böyük həvəslə Azərbaycan xörəklərini təsvir etdi, onların əvəzolunmaz dadını vurğuladı. Azərbaycan mətbəxinə həsr etdiyi kitabları hazırlayarkən bu işdə ona kömək edən Azərbaycanın aşpaz komandasına təşəkkür etdi. Özü mahir aşpaz olsa da, Azərbaycanlı aşpazların peşəkarlığından, onların hazırladığı təamların xüsusiliyindən, onların gördüyü işlərə olan heyranlığından söhbət açdı və aşpaz dostlarına öz kitablarını hədiyyə etdi. Azərbaycan mətbəxini təbliğ etdiyinə görə Stalnik Xankişiyevə AMKM-nin fəxri üzvü adı verildi, medal və diplom təqdim olundu.
Mərasimdə çıxış edənlər Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Fikrət Babayev, Azərbaycan Milli Kulinariya Assossasiyasının rəhbəri Yusif Ələkbərov, mədəniyyətşünas Fuad Məmmədov, aktrisa və rəssam Suqra Bağırzadə və digər qonaqlar Tahir Əmiraslanovun milli mətbəximizin təbliğində olan əməyini, fədəkarlığını xüsusi dəyərləndirdi, onun Azərbaycan kulinariya sahəsindəki yerinin əvəzolunmazlığını qeyd etdilər və kulinariya günü münasibətilə kulinarları təbrik etdilər. Çox sevindirici haldır ki, çıxış edənlərin hər biri Azərbaycanın öz kulinariya günün olmasının arzusunda olduğunu bildirdilər. Fuad Məmmədovsa “istərdim Azərbaycanda Milli Mətbəx Akademiyası olsun, Tahir Əmiraslanovsa həmin akademiyanın prezidenti seçilsin”-dedi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Kulinariya Mərkəzinin bir çox əməkdaşlarına Fəxri Fərman təqdim olundu. Azərbaycan Milli Kulinariya Mərkəzi isə onlarla əməkdaşlıq edən şirkətlərə diplomlar təqdim etdi. Rəsmi hissə bitəndən sonra Azərbaycan qonaqpərvərliyinə uyğun olaraq, qonaqları əyləndirmək üçün gənc aşıq Nərmin və muğam ustası Aytən Məhərrəmovaya söz verildi və mərasim bu çıxışlarla başa çatdı. Tahir Əmiraslanov öz adətinə uyğun olaraq, mərasimin təşkilində onlarla əməkdaşlıq edən şirkətlərə və rəssm-aktrisa Suqra xanıma təşşəkkür etdi.
Adətlərimizdən söz düşmüşkən, mərasimdə nəzərimdən qaçmayan bir neçə nüansa toxunmaq istəyirəm.
Hələ mərasim başlamamışdan əvvəl xeyli qonaq yığışdığı nəzərimdən qaçmadı. Baxmayaraq ki, gələnlər məkanın bir az əlverişsiz olduğunu deyd edirdilər, amma hər kəs böyük həvəslə mərasimin başlanmasını gözləyirdi. Mərasim zalı isə gələnlərin sayına görə nisbətən kiçik olduğundan düşündüm ki, Ola bilər, ya təşkilatçılar mərasin yerini qonaqların sayına görə düz seçməmiş, ya da dəvət olunan qonaqların hər birinin mərasimə gələcəyini nəzərə almamışdılar. Bu səbəbdən də həm zalda, həm də dəhlizdə xeyli sayda insan ayaqüstə qaldı. Əlbəttə, bu çox sevindirici haldır ki, bu mərasimə maraq Azərbaycan milli mətbəxini dünyaya tanıdan hörmətli kulinar, professor Tahir Əmiraslanova hörmətlə bərabər, həm də bizim milli mənəvi dəyərlərimizə sevgi və məhəbbətdən irəli gəlir. Düşünürəm ki, bu hörmət, sevgi və marağın böyüklüyünu nəzərə alaraq, daha böyük və geniş məkanlarda yığışmaq daha uyğun olardı. Həm də burada ziyarətçilərin marağını cəlb edən digər hömətli bir qonağımız da vardı.
-Kitablarını böyük həvəs və sevgiylə təqdim edən məşhur aşpaz Stalnik Xankişiyev. Elə ilk baxışdan nəfis görnüşü ilə nəzərimi çəlb edən kitabların çox baha olduğunu söhbət əsasında eşitdim. Kitablar müəllifin öz seçimi və istəyi ilə müəyyən qonaqlara təqdim olunurdu. Adətən kitab təqdimatı olan mərasimlərdə dəvət olunan bütün qonaqlara həmin kitablardan hədiyyə verildiyini bildiyimiz üçün, həm də içimizdə olan jurnalist marağı çox güclü olduğu üçün, bir azəri vətəndaşı kimi Azərbaycan mətbəxini əks etdirən bu kitablara baxmaq, məlumatlanmaq və bəlkə də, bir jurnalist rəyi yazmaq marağı və istəyi ilə bir kitab arzusunda olduğumuzu bildirəndə “kitab yalnız seçilən müəyyən insanlar üçün nəzərdə tutulub” -dedilər. Həmkarlarımdan birində iki kitab gördüm. “İstədim, verdilər”-dedi. Təəssüf ki, bu zaman həmin “seçilən” sözünün mənasını başa düşmədim... Və nəhayət ki, çox da nəzərə çarpmayan xırda bir məqam: AMKM-nin keçən təqdimat mərasimlərində iştirak edənlər bilirlər ki, sonda Tahir müəllim öz qonaqlarına gözəl ziyafət vermişdi. Elə bu ziyafətdən xəbərdar olan yoldaşlardan biri zalda “vinni” şirniyyat evinin bəzədiyi stollardan birinə yaxınlaşdı və bir şirniyyat götürmək istədi. Stola nəzarət edən cavan bəylərdən biri isə “şirniyyatlar pulnandır”-dedi. Əllbəttə, bu şirkətin öz işidir. Amma əgər şirkət bu mərasimin təşkilində təşkilatçı ilə əməkdaşlıq edirsə, demək, bu gün təşkilatçının qonaqları həmin şirkətin də qonağı hesab olunur. Əgər azəri olduğumuzu yada salsaq və Azərbaycan qonaqpərvərlik adətlərini xatırlasaq və nəzərə alsaq ki, bu mərasimə dəvət olunanlar da qonaqlardır... Elə məqamındaca yadıma bir azəri məsəli düşür: “Qonaq ayağı ilə on ruzi gətirər, birini yeyər, doqquzunu qoyub gedər”.
Əlbəttə, çoxlarına çox xırda görünən bu nüanslar Azərbaycan milli-mənəvi dəyərlərinin biri olan qonaqpərvərlik adət-ənənəsinin bir hissəsidir və bir azərbaycanlı, bir jurnalist olaraq heç kimin qəlbinə toxunmaq istəmədən vəzifə borcu olaraq, bu nüansları qeyd etməyi lazım bildim.
Sonda AZPRESS kollektivi olaraq Tahir müəllimi, AMKM-nin bütün əməkdaşlarını, aşpazlarımızı, milli mətbəximizi sevənləri kulinariya günü, peşə bayramları münasibəti ilə təbrik edirik. Azərbaycan aşpazlarına daha böyük uğurlara imza atmağı, daha böyük nəaliyyətlər əldə etməyi arzulayırıq. Qoy bütün dünya mətbəxlərindən azəri xorəklərinin ətri gəlsin, dadı duyulsun! Qazanınız isti, əliniz duzlu olsun.

NÜŞABƏ ASLAN

(Kitab haqqında ətraflı məlumat yaxın günlərdə dərc olunacaq...bizi izləyin...)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !