Hüseyn Cavid Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan vermiş nadir simalardandır -

Hüseyn Cavid Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan vermiş nadir simalardandır

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ədibin həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Elmi sessiyada muzeyin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Rafael Hüseynov tədbirin əhəmiyyəti, görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Azərbaycan ədəbiyyatının parlaq simalarından olan ədibin ömür yoluna nəzər salmış R.Hüseynov Cavid şəxsiyyəti haqqında söhbət açmışdır.
Bildirmişdir ki, Cavid Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan vermiş nadir simadır. “Əbədi, daim” mənasını daşıyan Cavid təxəllüsü fəlsəfi nöqteyi-nəzərdən onun irsi, həyat və yaradıcılığı ilə son dərəcə həmahəng səslənir. Çünki ədibin irsi, adı və şəxsiyyəti hər zaman əbədidir və bütün dövrlər üçün də aktuallıq kəsb edəcəkdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Cavid 1882-ci ildə anadan olmuşdur. Repressiya qurbanlarından olmuş şair 1937-ci ildə həbs olunaraq Sibirə sürgün edilmiş və 1941-ci ildə orada vəfat etmişdir. O, 1962-ci ildə bəraət almışdır.
R.Hüseynov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşinin Vətənə gətirilməsi, Cavidin məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması və ilk dəfə olaraq ölkədə təntənəli şəkildə yubileyinin keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, ilk dəfə 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində dahi mütəfəkkirin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu tədbir böyük ədiblə bağlı keçirilən ən möhtəşəm və yaddaqalan yubiley mərasimi olmuşdur. Qeyd edilmişdir ki, həmin dövrdə Cavidin ev-muzeyi yaradılmış və əsərlərinin dörd cildi nəşr edilmişdir.
R.Hüseynov qeyd etmişdir ki, Cavidin irsi bütün dövrlərdə yaşayacaq, insanların ruhunu təmizləyəcək və onlara saflıq, ülvilik aşılayacaqdır.
Muzeyin əməkdaşlarının görkəmli ədibin həyat və yaradıcılığı ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
Tədbir çərçivəsində paytaxtın müxtəlif təhsil ocaqlarının şagirdlərinin ifasında ədibin yaradıcılığına həsr edilmiş şeir müsabiqəsi keçirilmişdir.
Sonda qaliblər mükafatlandırılmışlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !