Bayrağımız qürur mənbəyimizdir! rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar -

“Bayrağımız qürur mənbəyimizdir!” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi noyabrın 9-da Dövlət Bayrağı Gününə, eyni zamanda, məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirmişdir.
“Baku Cryistal Hall”ın mətbuat mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov iştirakçıları 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək bildirmişdir ki, hər zaman qürur mənbəyimiz olan üçrəngli bayrağımız 70 ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdir. Azərbaycan bayrağının dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olduğunu deyən R.Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən Dövlət Bayrağı Meydanının məhz dövlət rəmzlərinə verilən dəyərin bariz nümunəsi olduğunu qeyd etmişdir. R.Məmmədov dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət, həmçinin ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə və üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda yenidən dalğalanacağına əminliyini bildirmişdir.
İdarə rəisi məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin qaliblərini də təbrik edərək, müsabiqənin yeniyetmələrdə vətənpərvərlik ruhunun artırılmasına xidmət etdiyini vurğulamışdır.
Sonra çıxış edən Azərbaycanın xalq rəssamı Səlhab Məmmədov balaca rəssamları təbrik edərək, məktəblilər tərəfindən rəsm əsərlərində müstəqil dövlətimizin rəmzlərinə göstərilən ehtiramın onda xoş təəssüratlar yaratdığını demişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Dövlət Bayrağı Meydanı Kompleksi idarəsi artıq ikinci ildir məktəblilər arasında 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan rəsm müsabiqəsi elan edir. Keçən il bu müsabiqəyə 100 məktəbli qatılmışdısa, bu il onların sayı artıq 460-a çatmışdır. Bu ənənəvi müsabiqə ildən-ilə miqyasını daha da genişləndirir. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi builki müsabiqə “Bayrağımız qürur mənbəyimizdir!” devizi altında keçirilmişdir. Münsiflər seçilmiş 100 əsərdən 12-sini qalib kimi müəyyənləşdirmişlər. Ona görə 12 qalib seçilmişdir ki, həmin əsərlər 2013-cü il üçün hazırlanacaq təqvimdə aylar üzrə cəmləşəcəkdir.
Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin qaliblərinə diplomlar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Həmçinin builki müsabiqənin ən kiçikyaşlı iştirakçısı - 7 yaşlı Ajda Məsimova da təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.
Müsabiqə qaliblərindən olan Bakı Şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təmsilçisi 14 yaşlı Əsmər Əkbərova AzərTAc-a müsahibəsində təşkilatçılara minnətdarlığını bildirərək, rəsm əsərində daim uca olan üçrəngli bayrağımız fonunda milli koloriti, qədim adət-ənənələrimizi və musiqi alətlərimizi təsvir etdiyini vurğulamışdır. Müsabiqəyə həvəslə qatıldığını deyən balaca rəssam dövlət bayrağımızla qürur duyduğunu və bundan sonra da belə müsabiqələrdə iştirak etmək arzusunda olduğunu söyləmişdir.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin, “Baterflay” mahnı qrupunun, Prezident təqaüdçüsü Yasin Həsənov və digərlərinin ifaları, həmçinin Uşaq Tədris Əyləncə Mərkəzinin “Ay işığı” rəqs qrupunun çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Sonda tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olmuşlar. 

AzerTAC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !