Bakıda Beynəlxalq Tələbələr Günü qeyd edilmişdir -

Bakıda Beynəlxalq Tələbələr Günü qeyd edilmişdir

Noyabrın 17–si Beynəlxalq Tələbələr Günüdür.
AzərTAc xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) bu əlamətdar gün münasibətilə noyabrın 17-də “28 Mall” ticarət və əyləncə mərkəzində Bakı şəhərinin ali təhsil müəssisələrində təhsil alan yerli və əcnəbi tələbələrin iştirakı ilə tədbir keçirmişdir.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov iştirakçılara təşkilatın ümumi fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, əsas məqsədimiz əcnəbi və yerli tələbələr arasında əlaqələr qurmaq, Azərbaycanın gənclər təşkilatlarını tanıtmaqdır.
ATGTİ-nin sədri əcnəbi gənclərin Azərbaycan mədəniyyətinə daim maraq göstərdiklərini, hətta onu öyrənməyə çalışdıqlarını vurğulamış, azərbaycanlı tələbələrin də dünya xalqlarının dilini və mədəniyyətini öyrənməkdə maraqlı olduqlarını bildirmişdir.
Tədbirdə, həmçinin ATGTİ-nin üzvü olan yerli və əcnəbi tələbələrin fotoları nümayiş etdirilmişdir. Əcnəbi tələbələr fotoların altına təmsil etdikləri ölkələr, eləcə də Azərbaycan haqqında öz ürək sözlərini yazmışlar.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə gənclər təşkilatlarının təqdim etdikləri konsert və digər əyləncə proqramları ilə davam etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !