Cəlilabad və Astarada açıq havada Soyqırımı qurbanları mövzusunda səyyar sərgi keçirilmişdir -

Cəlilabad və Astarada açıq havada “Soyqırımı qurbanları” mövzusunda səyyar sərgi keçirilmişdir

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi (İB) tərəfindən Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycan xalqının soyqırımı qurbanları” fotosərgisi layihəsi çərçivəsində Cəlilabad və Astara rayonlarında açıq havada fotoşəkillərdən və rəsm işlərindən ibarət “Soyqırımı qurbanları” mövzusunda səyyar sərgi keçirilmişdir.
“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərginin açılış mərasimində İB-nin sədri Elşən Uluxanlı çıxış edərək ayrı-ayrı regionlarda keçirilən səyyar sərgi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda, genişmiqyaslı soyqırımı cinayətləri törəmişlər. Bu qanlı aksiyalar nəticəsində 4 milyondan artıq azərbaycanlı həlak olmuş, xəsarət almış, yurd-yuvasından didərgin düşmüşdür. Təəssüf ki, beynəlxalq aləmdə həmin cinayətlər haqqında kifayət qədər məlumatların olmaması, bu dəhşətli faktların dünya birliyi tərəfindən qiymətləndirilməməsi, həmçinin tarixi ədalətin bərpası istiqamətində göstərilən səylərin əksəriyyətinin heç bir nəticə verməməsi bu gün də ermənilərin Azərbaycana qarşı işğalçılıq niyyətindən əl çəkməməsinə rəvac verir.
Bildirilmişdir ki, müasir şəraitdə erməni lobbisinin beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat bir sıra dövlətlərin qondarma “erməni soyqırımı”nı tanımaları, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökumət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının apardıqları siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, xalqımızın haqq səsi eşidilmir.
Vurğulanmışdır ki, bu tipli sərgilər ermənilərə xas olan uydurma və böhtanların əsl mahiyyətini ortaya qoymağa kömək edir.
Sərgi böyük maraqla qarşılanmışdır.
“Soyqırımı qurbanları” mövzusunda növbəti səyyar sərgi Xaçmaz və Quba rayonlarında keçiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !