Sabahın alimləri II Respublika müsabiqəsi keçiriləcək -

“Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatı ilə birlikdə 08-09 fevral 2013-cü il tarixlərində “Kempinski” mehmanxanasının “Qəbələ” zalında “Sabahın alimləri” II Respublika müsabiqəsinin keçirilməsini planlaşdırır. Ölkəmizdə artıq 2-ci dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onlardan 5 nəfəri seçib ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi-İntel İSEF-ə göndərməkdir. Belə ki, ötən il keçirilən müsabiqənin qalibləri sırasından seçilmiş 5 Azərbaycan məktəblisi 2012-cil 13-18 may tarixində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən Intel ISEF Sərgisində iştirak edib.

Məlumat üçün bildiririk ki, Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. Qeyd edilən müsabiqə 1950-ci ildən başlayaraq Elm və Xalq naminə Cəmiyyət (Society for Science and the Public) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel “Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə “Intel Foundation” Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edir.

Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Qeyd edilən müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Məhz bu səbəbdən də, müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.

Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 2013-ci il may ayının 12-17 may ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilməsi planlaşdırılır.

Müsabiqənin Elmi Ekspertiza Şurasına 70 layihə təqdim edilmişdir. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompyuter elmləri üzrə fənləri əhatə edir.

Müsabiqə ilə əlaqədar www.sabahinalimleri.edu.az saytı yaradılıb. Əlavə məlumat əldə etmək istəyənlər həmin ünvana müraciət edə bilrlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !