Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib -

Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Martın 29-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə azərbaycanlılara qarşı soyqırım aktlarının qurbanları yad edilməklə yanaşı, institut əməkdaşlarının son illərdə azərbaycanlılara qarşı həm Şimali, həm Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırım aktlarına aid hazırladıqları və nəşr etdirdikləri kitablardan və hazırda Şərqşünaslıq İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan söz açılıb.
Toplantını giriş sözü ilə Şərqşünaslıq İnstitutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva açıb. Gövhər xanım XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib: «Tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdı. 1918-ci ildə ermənilər insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Bakıda Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Ötən əsrdə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-89-cu illərdə, eləcə də Xocalı və digər yaşayış məntəqələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırım haqqınla» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur».
G.Baxşəliyeva daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarının
Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb, institutda hazırda bu sahədə görülən işlərdən, çapa hazırlanan kitablardan danışıb.
Bu sahədə tarixi sənədlər əsasında hazırlanmış bir sıra kitabların müəllifi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il soyqırımı hadisələri ilə bağlı yaranmış Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətindən söz açıb: «Xalq Cümhuriyyəti hökuməti Fövqəladə Təhqiqat Komissiyası yaratdı ki, isti-isti izlərlə hadisələr təhqiq edilsin, şəkillər sənədlər toplasın. Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov idi. Tərkibə 10 nəfər daxil idi. 1 il 2 ay ərzində onlar Azərbaycanın bir çox qəzalarında törədilmiş vəhşiliklərlə bağlı 36 cildlik istintaq materialları toplayıblar. Sonra hüquqi işlər başlayıb, günahkarların bir qismi həbs edilib. Lakin 1920-ci ildə Azərbaycan Cümhuriyyəti tanınmağa başlayanda hökumətə təklif edilib ki, amnistiya verilsin və bütün cinayət işləri dayandırılsın».
Solmaz xanım sənədlərin arxivlərdə qaldığını, 1988-ci ildə arxivlər açılanda bu sənədlərin üzə çıxdığını söyləyib. Bu sənədlər əsasında S.Rüstəmova-Tohidi, tədqiqat və arxiv sənədlərindən ibarət olmaqla «Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə» və «1918-ci il Quba hadisələri - Müsəlmanların soyqırımı sənədlərdə» kitablarını eləcə də, «Azərbaycandakı talanlar fotoşəkillərdə və sənədlərdə» albomunu dərc etdirib. Heydər Əliyev fondu tərəfindən albomun 6, Bakı və Quba qırğınları ilə bağlı kitabların isə 3 dildə nəşrləri də çapa hazırlanır. Bundan əlavə, Solmaz xanım Şamaxı hadisələri ilə bağlı sənədlər toplusunu da çapa hazırlayıb.
İnstitutun «Cənubi Azərbaycan tarixi» şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Bije şöbədə bu sahədə görülən işlərdən və Cənubi Azərbaycanda ermənilərin törətdikləri soyqırımından söz açıb: «Aparılan tədqiqatlar göstərir ki, otaylı-butaylı Azərbaycanda 200-220 min adam şəhid olub. Bu faktı sənədlər təsdiqləyir. Sənədlərə əsasən, Arazın o tayındakı şəhidlərin sayı 150-200 min arası olub. İranda dövlət orqanlarının özləri 1918-ci ildə Qərbi Azərbaycanda 163 min adamın millətlər arasındakı ixtilafın qurbanı olduğunu bildirir».
Əkrəm Bije İranda şahlıq rejimi yıxıldıqdan sonra milli qüvvələrin Cənubi Azərbaycanda bu məsələni qaldırdıqlarını və bu mövzuda 10-11 kitab çıxdığını qeyd edib ki, onların müəlliflərindən də bir çoxu hadisələrin bilavasitə şahidləridir. Əkrəm müəllim şöbə əməkdaşlarının onları tədricən tərcümə edib oxuculara təqdim etdiklərini nəzərə çatdırdı. İndiyədək Səməd Sərdariniyanın «Arazın hər iki sahilində müsəlmanların soyqırımı» və Tohid Məlikzadə Dilməqaninin «Güney Azərbaycan birinci dünya müharibəsi illərində – soyqırım» kitabları tərcümə edilərək oxuculara çatdırılıb. Səməd Sərdariniyanın «İrəvan müsəlman sakinli türk şəhəri olmuşdur» adlı kitabı da tərcümə edilərək çapa təqdim olunub.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva türk dilindən tərcümə etdiyi «Osmanlı sənədlərində Qarabağ» kitabından söz açıb, institutun əməkdaşı Həsən Ənvəri dissertasiyasının mövzusu «1918-ci ildə Güney Azərbaycanın Qərb bölgəsində soyqırım» ətrafında danışıb. Həmçinin 31 mart hadisələri ilə bağlı fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, institutun əməkdaşı Mirzə Ənsərli və başqaları çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən ürəkağrısı ilə danışıblar və institut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatları yüksək qiymətləndirdiklərini söyləyiblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !