Bakıda Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi mövzusunda beynəlxalq konfrans keçirilmişdir -

Bakıda “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Aprelin 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, institutun yaradılmasının 15 illiyinə həsr olunmuş tədbirin məqsədi müasir dünyada insan hüquqlarının qorunması kontekstində soyqırımı reallıqlarının hüquqi və siyasi aspektlərinin beynəlxalq, regional və milli hüquqi sənədlərdə dəyərləndirilməsi idi.
İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva konfransı açaraq bildirmişdir ki, aparılmış tədqiqatlara əsasən, beynəlxalq terrorizmin ayrılmaz hissəsi olan erməni terrorizmi yüz ildən çoxdur mövcuddur. Hələ 1885-ci ildə Osmanlı İmperiyasının ərazisində terror və gərginlik strategiyasının köməyi ilə türk dövlətinin süqutuna nail olmaq məqsədi daşıyan “Armenakan” partiyası yaradılmışdır. Azərbaycan XIX əsrdə İran və Türkiyədən Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə əzəli Azərbaycan torpaqlarında yaradılan və terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanla qonşu olmaq məcburiyyətində qalmışdır. Bu qonşuluq mütəmadi olaraq soyqırımı, terror, kütləvi qətllərlə müşayiət olunmuşdur. Hamıya məlumdur ki, Qnçaq və Daşnaksütyun partiyalarının silahlı dəstələri I Dünya müharibəsindən sonra Azərbaycanda və Türkiyənin Şərqi Anadolu ərazisində şəhər və kəndləri yandırmış, qarət etmiş, insanları kütləvi şəkildə qırmışlar.
A.Mustafayeva vurğulamışdır ki, özünü dünyaya məzlum və əzilən millət kimi göstərməyə çalışan, əsl xisləti isə terrordan, qan tökməkdən başqa bir şey olmayan erməni faşizminin iç və gerçək simasını tam obyektivliyi ilə açmaq üçün İnsan Hüquqları İnstitutu indiyədək bir neçə faktoloji araşdırmalar aparmış və onun yekunları ilə bağlı nəşr dərc etdirmiş, müxtəlif erməni terror təşkilatlarının törətdikləri terror cinayətlərini faktoloji materiallarla bütün dünyaya təqdim etmişdir. İnstitut tərəfindən bu istiqamətdə tədqiqatların bundan sonra da fəal şəkildə davam etdiriləcəyi bildirilmiş, erməni terrorizmi və onun ayrı-ayrı xalqlara qarşı törətdiyi soyqırımlarla bağlı yeni faktların üzə çıxarılacağına əminlik ifadə olunmuşdur.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərovun “Daşnaksütyun partiyasının proqramında türk-müsəlman məsələsi” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində törətdikləri vəhşiliklər bir daha xatırlanmışdır. Qeyd olunmuşdur ki, bu ideyanı gerçəkləşdirmək üçün əsas maneə türklər və azərbaycanlılar hesab edilirdi. ХIХ əsrin sonlarında yaradılmış Daşnaksütyun partiyası hazırkı dövrdə də türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı siyasətindən nəinki imtina etməmiş, əksinə, bu siyasət dünyanın böyük dövlətlərinin gözü qarşısında daha amansızlıqla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarovanın “Terrorizm ideologiyası Ermənistanda daxili və xarici siyasi mübarizənin ənənəvi forması kimi”, Türkiyədə nəşr olunan “Ermeni araştırmaları” jurnalının redaktoru Ömər Engin Lütemin “Ermənistan və Qərb tarixşünaslığında erməni qəddarlığına önəm verilməməsi və unudulması”, Avrasiya İncələmələri Mərkəzinin (AVİM) direktoru Alev Kılıçın “ I Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi siyasi boşluqda baş verməmişdi” və digər mövzularda məruzələr dinlənilmişdir.
Qeyd olunmuşdur ki, AMEA-nın İnsan Hüquqları İnstitutu ötən ilin martında AVİM ilə tərəfdaşlıq müqaviləsi imzalamış, erməni araşdırmaları, soyqırımı və digər insan hüquqları məsələləri ətrafında birgə araşdırmalara başlamışdır. Birgə tədqiqatların, konfrans və seminarların nəticələri “Dirçəliş – XXI əsr”, AVİM-in “Ermeni araştırmaları”, “Review if Armenian studies” və “Uluslararası suçlar və tarih” jurnallarında mütəmadi dərc olunur.
Konfransda müzakirələr zamanı soyqırımının və terrorun erməni ideologiyasının əsas amillərindən olması ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Çıxış edənlər müvafiq ideoloji işlərin aparılmasının zəruriliyini qeyd etmiş, “ermənilik”lə səmərəli mübarizədə birgə fəaliyyətlərin məqsədəuyğunluğunu vurğulamış, təklif və mülahizələrini bildirmişlər.
Tədbirdə Milli Məclisin deputatları, nazirlik və komitələrin məsul işçiləri, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !