Heydər Əliyev Fondunun hazırladığı Eurovision Bakıda filminin və kitabının təqdimat mərasimi keçirilmişdir. -

Heydər Əliyev Fondunun hazırladığı “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilmişdir.

Mayın 3-də “Nizami” Kino Mərkəzində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak etmişdir.
Mərasim Azərbaycan tarixini, mədəniyyətini və zəngin turizm potensialını əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Təqdimat mərasimində 2012-ci ilin may ayının Azərbaycan üçün çox əlamətdar bir hadisə ilə yadda qaldığı, ölkəmizin “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etdiyi xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, Azərbaycan təmsilçiləri ilk dəfə 2008-ci ildə müsabiqəyə qatılmışdır. Diqqətə çatdırılmışdır ki, “Eurovision” Mahnı Müsabiqəsində ölkəmizin iştirak etməsinin təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olmuşdur. Məhz bu dəstəyin nəticəsində ölkəmiz hər il müsabiqədə uğurla təmsil olunmuşdur. Vurğulanmışdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri təyin edilməsi bu tədbirin ən yüksək səviyyədə keçirilməsinə şərait yaratmışdır.
Sonra “Eurovision Bakıda” filmi nümayiş olunmuşdur. Filmdə Avropanın ən mötəbər yarışması olan “Eurovision” Mahnı Müsabiqəsində qələbəyə gedən yol, bu yarışmaya Prezident İlham Əliyevin dəstək və diqqəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti əksini tapmışdır. Filmdə müsabiqənin keçirildiyi “Baku Crystal Hall”un tikintisi, “Eurovision–2012” ilə bağlı təşkil edilən mərasimlər və yarışmanın Bakı şousu da yer almışdır. Nümayəndə heyətlərinin və qonaqların paytaxtımızda qarşılaşdığı qonaqpərvərlik, Təşkilat Komitəsinin uğurlu fəaliyyəti və yüksək təşkilatçılığı barədə məlumat verilmişdir.
Bu ekran işində, həmçinin müsabiqənin keçirildiyi müddətdə şəhərimizin qonaqlarının nəqliyyat və otel məsələlərinin yüksək səviyyədə həll edildiyi, Avropanın kütləvi informasiya vasitələrində ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Avropa Yayımları Birliyi ilə əməkdaşlıq, “EuroClub” və “EuroVillage” barədə verilişlərin yayımı, yarışma müddətində bir çox yeniliklərin tətbiqi, Azərbaycana gələn xarici vətəndaşların viza prosedurlarının sadələşdirildiyi diqqətə çatdırılmışdır.
Sonra “Eurovision Bakıda” kitabı haqqında da məlumat verilmişdir.
Nəşrin ön səhifəsində “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın musiqi yarışması ilə bağlı fikirləri yer almışdır. 192 səhifəlik kitabda “Eurovision” yarışmasının Bakıda keçirilməsi ilə bağlı görülən hazırlıq işlərini, ölkəmizin bu möhtəşəm mahnı müsabiqəsinə uğurla ev sahibliyini, yarışmanın gedişi prosesini əks etdirən maraqlı fotoşəkillər toplanmışdır. Bu nəşr bir daha təsdiq edir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsində rol oynayan bu böyük Ümumavropa musiqi bayramı dünya mədəniyyəti xəzinəsinə öz töhfəsini vermiş, Azərbaycandan yüz milyonlarla auditoriyaya möhtəşəm təqdimatı ilə yaddaşlarda həkk olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Avropanın bu məşhur yarışmasında dörd il layiqli iştirakçı kimi tanındıqdan sonra qonaqpərvər ev sahibliyi ilə də öz sözünü deyə bilmiş, “Eurovision”un Bakı şousu əsl bayrama çevrilmişdir. Paytaxtımızda təşkil edilən bu yarışma hər bir kəsi qədim Odlar yurduna toplamaqla yanaşı dünyanı Azərbaycan haqqında geniş məlumatlandırmışdır. Şəhərimizin gözəlliyini, qədim Bakımızın müasir simasını, xalqımızın səmimiliyini hiss edən hər bir qonaq mədəniyyətimizi, ölkəmizi daha çox sevmişdir. Bu sevginin qazanılmasına kimi fəaliyyəti, layihəyə dəstəyi, kimi də sadəcə təbəssümü, xoş davranışı ilə öz töhfəsini vermişdir.
“Eurovision-2012” Mahnı Müsabiqəsi həm xalqımızın, həm də ölkəmizə gələn qonaqların yaddaşından uzun zaman silinməyəcəkdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !