Ekoloji problem gənclərin gözü ilə mövzusunda gənc fotoqrafların iştirakı ilə foto sərgi keçirilmişdir. -

“Ekoloji problem gənclərin gözü ilə” mövzusunda gənc fotoqrafların iştirakı ilə foto sərgi keçirilmişdir.

AzPRESS xəbər verir ki, 2013-cü ilin 17 may tarixində İçəri şəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Azərbaycanın ekologiyası gənclərin gözü ilə” foto-sərgisi keçirilir. Sərginin təqdimat mərasimi mayın 17-də saat 15:00-da keçiriləcəkdir. Foto-sərgi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü il “Ekologiya ili” elan edilmişdir. Qeyd olunan sərgi Abşeron qalereyasının BGŞBİ-ilə keçirdiyi və ekologiya problemlərinə həsr olunmuş ikinci sərgidir. Birinci sərgi 2011-ci ildə təşkil olunmuşdu. Sərgidə əsasən Bakıda yaşayan yeniyetmə və gənclərin foto kompozisiyaları yerləşdirilmişdir. Lakin nümayiş etdirilən fotoların bir qismi Azərbaycanın digər bölgələrindən göndərilmişdir.
Sərginin məqsədi gənclərin nəzərini Azərbaycan təbiətinin ekoloji problemlərinə yönəltmək, habelə yurdsevərlik və vətənpətvərlik hisslərini aşılamaqdır. Bu sərgidə 50 nəfər gənc müəllifin 60 foto kompozisiyası nümayiş etdirilir. Lakin sərgi başlanğıc xarakteri daşıyır və yay mövsümündə gəncləri Azərbaycan təbiətinin qoynuna, vətənimizin gözəlliklərini seyr etməyə, eyni zamanda mövcud olan ekoloji problemləri, xoşagəlməz məqamları aşkara çıxartmağa dəvət edir. 2013-cü ilin payızında həmin mövzuda daha bir foto sərginin – gənclər arasında müsabiqə-sərgisinin keçirilməsi nəzərdə tutulur. Ən yaxşı işlər yekun sərgisində fərqləndiriləcəkdir.
Bu dəfəki sərgidə də maraqlı işlər çoxdur. Sərginin ekspozisiyası göstərir ki, bakılı gənclər nə Azərbaycanın gözəlliklərinə, nə də ekoloji problemlərə biganə deyillər. Maraqlı fotolar arasında “Dostluq”, “Ömürə qar düşəndə”, “Pozulmaz naxışlar”, “Leylək yuvası”, “Yanan zəmi” kompozisiyalarını misal göstərmək olar. Gənc fotoqrafların təbiətin taleyi haqqında tamaşaçını düşündürən “Orda yalan-burda talan”, “Torpağın ağrıları”, “Kərpic kəsən kişinin dastanı”, “Cansız gövdələr”, “Toz içində çiçək”, “Başımızdan tüstü çıxır” və “Cənnətin qovulması” foto kompozisiyaları diqqəti cəlb edir. Bir sıra fotolar isə təbiətin ürək açan mənzərələrini kameraya almışdır: “Gədəbəydə mənzərə”, “Bazardüzü zirvəsi”, “Çıxıblar düzə lalələr”, “Mamırlı şəlalə”, “Quş bazarı” və s.
“Azərbaycan ekologiyası-gənclərin gözü ilə” foto-sərgisi mayın 19-na kimi davam edəcəkdir.


Xüsusi-fotoreportaj: Rüstəm Fərman
(AzPRESS.az)

 

***

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 17 may 2013-cü il tarixdə Abşeron Rəsm Qalereyasında “Ekoloji problem gənclərin gözü ilə” mövzusunda gənc fotoqrafların iştirakı ilə foto sərgi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Hüseynzadə iştirak etmişdir. İlk öncə Baş İdarənin rəisi cənab Raqif Abbasov iştirakçılara ugurlar arzulamış, Baş İdarə tərəfindən hər il bu mövzu ilə bağlı tədbirlərin həyata keçdiyini qeyd edərək, gənclərə ekologiyamızın mühafizəsi, Azərbaycan təbiəti, ölkəmizin dilbər guşələri və tarixi abidələrimizin qorunması, sağlam həyat tərzini təbliğ etmək, istedadlı gənclərin fotoqraflıq sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün geniş şəraitin yaradıldığını bildirmişdir.

Onu da qeyd edək ki, foto sərgidə 50 nəfər gəncin 60-dan çox fotosu nümayiş olunmuşdur. Foto sərgi üç hissədən ibarətdir: foto tənqid, görməli yerlər və Azərbaycan təbiəti. Foto sərgi bir həftə davam edəcəkdir.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !