“Eurovision-2013” mahnı müsabiqəsinin final konsertində ikinci yer... -

“Eurovision-2013” mahnı müsabiqəsinin final konsertində ikinci yer...

F Ə R İ D  Azərbaycanı çox böyük uğurla təmsil edərək “Eurovision-2013” mahnı müsabiqəsinin final konsertində ikinci yeri tutmağa nail oldu...

Azərbaycan 234 xalla 2-ci yerdə...

Azərbaycana

12 xal verən ölkələr: Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan, Litva. .

10 xal: Ukrayna, Rumıniya, Belarus.

8 xal Moldova, Fransa, Kipr.

7 xal: Albaniya, İspaniya, İslandiya, Xorvatiya.

6 xal: İsveçrə.

5 xal: Serbiya, Belçika.

4 xal: Almaniya.

3 xal: Latviya, Sloveniya.

2 xal: San Marino, Hollandiya, İrlandiya

.
Azərbaycan 8 xalını Malta, 10 xalını Gürcüstan və 12 xalını Ukraynaya verdi.
 TƏBRİKLƏR, AZƏRBAYCAN!!!

 

**

 

 Mayın 19-da “Malmö Arena”nın səhnəsində “Eurovision-2013” mahnı müsabiqəsinin final konserti keçirilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, “Eurovision-2013” şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlamış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra müsabiqənin təşkilatçıları tamaşaçılara möhtəşəm şou nümayiş etdirmişlər. Builki şouda hər bir ölkə təmsilçisi səhnədən xüsusi körpü vasitəsilə gözləmə otağına yola düşmüşdür.
İyirmi altı ölkənin iştirakı ilə keçirilən finalda səhnəyə birinci Fransa təmsilçisi Amandine Bourgeois çıxmışdır. Ölkəsini “Hell and me” mahnısı ilə təmsil edən müğənninin ifası mövzuya uyğun güclü səhnə quruluşu və parlaqlıqla nümayiş etdirilmişdir.
Litvanın istedadlı müğənnisi Andrius Pojavis, Moldovadan Aliona Moon, Finlandiyadan Krista Sieqfrids, İspaniyadan “Esdpm” qrupu, belçikalı Roberto Bellarosa, Estoniya təmsilçisi Birgit, Belarusdan Alyona Lanskaya, maltalı Qianluka, Rusiyadan Dina Qaripova, Almaniyadan Kaskada, ermənistanlı Dorians, Niderlanddan Anouk, Rumıniyadan Sezar, Böyük Britaniyadan Bonnie Taylor, isveçli Robin Styernberq, Macarıstandan Byealeks, danimarkalı Emmelie de Forest, İslandiyandan Eythor İngi, Azərbaycan təmsilçisi Fərid Məmmədov, Yunanıstanın “Koza Nostra” qrupu, ukraynalı Zlata Oqneviç, İtaliyadan Marko Menqoni, norveçli Marqaret Berger, Gürcüstandan Nodi Tatişvili və Sofiya Gelovani cütlüyü, irlandiyalı Ryan Dolan öz ifalarını nümayiş etdirmişlər.
Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən İsveçin müxtəlif guşələrinin görüntüləri olmuşdur.
“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.
Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olunmuşdur. 15 dəqiqəlik fasilədə “Eurovision” mahnı müsabiqəsinin ötənilki qalibi Loreen tamaşaçılara unudulmaz şou və ona ötən il Bakıda qələbə qazandıran “Eurphoria” mahnısını təqdim etmişdir. Müsabiqənin aparıcısı Petra Medenin şousu isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Final mərhələsində iştirak edən 26 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olmuşdur.
Beləliklə, 39 ölkənin iştirak etdiyi səsvermə prosesində “Malmö Arena”ya ilk olaraq San Marino qoşulmuşdur. İştirakçı ölkələrin əksəriyyətinin mühüm hesab edilən 8, 10, 12 səslərini Danimarka təmsilçisinə verməsi çoxlarını təəccübləndirmədi. Çünki müsabiqənin ilk günlərindən məhz onun qələbəsinə inananlar çox idi. Bununla da yarışmanın ən çox səs qazanan danimarkalı təmsilçisi Emmelie de Forest müsabiqənin qalibi olmuşdur.
Azərbaycan isə “Eurovision-2013” mahnı müsabiqəsində ikinci yerdə qərarlaşmışdır. Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan, Litva ən yüksək - 12 səsini, Ukrayna, Rumıniya, Belarus, 10 səsini, Moldova, Fransa, Kipr, 8 səsini Albaniya, San Marino, İslandiya, Xorvatiya isə 7 səsini Azərbaycanın hesabına yazdırmışdır.
Azərbaycandan verilən səslərin nəticələrini İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçı” proqramının aparıcısı Tamilla Şirinova elan etmişdir. Tamilla Şirinova Azərbaycanın 8 səsi Maltaya, 10 səsi Gürcüstana, 12 səsi isə Ukraynaya verdiyini elan etmişdir. Səsverməyə sonuncu Litva qoşulmuşdur. Bununla da 279 səs alan Danimarka müsabiqənin birincisi olmuşdur. Azərbaycan təmsilçisi Fərid Məmmədov Ikinci, ukraynalı Zlata Oqneviç isə üçüncü yerləri tutmuşlar.
Müsabiqənin qaydalarına əsasən, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ona birincilik qazandırmış mahnısını bir daha ifa etmişdir. “Malmö Arena”ın səhnəsində təmsilçisini şounun aparıcısı Petra Mede təbrik edərək, ona yarışmanın rəmzi “Billur mikrofon”unu təqdim etmişdir.
Daha sonra qalib ölkənin təmsilçisi Emmelie de Forest “Malmö Arena”ın Mətbuat Mərkəzində jurnalistlərlə görüşmüş, onların suallarını cavablandırmışdır. Qalib müğənni “Eurovision-2013” mahnı müsabiqəsinin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
İsveçin ev sahibliyi etdiyi “Eurovision-2013” mahnı müsabiqəsinin bütün şouları 46 ölkədə birbaşa yayımlanmışdır.(AzərTAc).